Araflı kənd sakinləri meriyadan və polisdən kənddə narkotik satanların tutulmasını tələb edirlər
Bu gün, 16 iyun tarixində təxminən iyirmi nəfər Araflı kənd sakini Marneuli meriyasının qarşısında toplaşaraq kənddə narkotik vasitələrin açıq şəkildə satıldığını bildiriblər və problemin həlli üçün tədbir görülməsini tələb ediblər.

Aksiya iştirakçıları “Marneuli” radiosunun canlı yayımında bildiriblər ki, narkotik maddələrin satışı kənddə gizliliyə ehtiyac duyulmadan həyata keçirilir. Onların sözlərinə görə, bu məsələ ilə bağlı daha əvvəl Marneuli rayon polis idarəsinə dəfələrlə müraciət olunub, lakin hüquq-mühafizə orqanları konkret sübutlar tələb edib.

“Əgər polis varsa, niyə açıq şəkildə alver gedir? Əgər qanun varsa və bu satışa icazə verilirsə, elə hamı əkib satsın. Əgər 5-10 nəfər bu işlə məşğuldursa, kənddən çıxsınlar, başqa yerdə satsınlar,”
– deyə aksiya iştirakçılarından biri bildirib.

Sakinlərin sözlərinə görə, narkotik satışı ilə məşğul olan şəxslər kənddə hamıya məlumdur və onların kimliyinin müəyyənləşdirilməsi hüquq-mühafizə orqanları üçün çətin olmamalıdır. Etirazçılar bu məsələnin nəzarətsiz qalmasından narazılıq ifadə ediblər.

Onların bildirdiyinə görə, aidiyyəti orqanlara dəfələrlə müraciət etsələr də, nəticə olmayıb. Bu səbəbdən meriyaya, eləcə də hakim “Gürcü Arzusu” partiyasının deputatı Zaur Darğallıya müraciət ediblər ki, mövcud vəziyyətə müdaxilə olunsun.

“Biz hamımız 41-ə səs vermişik. İndi də istəyirik ki, gəlib narkomanları yığışdırsınlar. Biz meriyanın qarşısına ona görə gəlmişik ki, daha hara müraciət etməli olduğumuzu bilmirik. Merimiz bizə desin, biz də ora gedək,”
– deyə kənd sakinlərindən biri bildirib.

Sakinlər Marneuli meri və deputat Zaur Darğallı ilə görüş tələb etsələr də, onların sözlərinə görə, nə meriyadan, nə də deputatın bürosundan onlarla görüşmək üçün heç kim çıxmayıb.

Etiraz aksiyasında müxalifət partiyalarının nümayəndələri də iştirak ediblər. “Vahid Milli Hərəkat” partiyasının üzvü və Marneuli Bələdiyyə Məclisinin deputatı Ramal Əhmədov mer Kenan Ömərovla görüşüb. Onun verdiyi məlumata görə, mer kənd sakinlərinin tələblərini polis rəhbərliyinə çatdırdığını bildirib, lakin məsələnin hüquq-mühafizə orqanlarının səlahiyyətində olduğunu qeyd edib və vətəndaşlara bir daha polisə müraciət etməyi tövsiyə edib.

Etirazçılar daha sonra Marneuli rayon polis idarəsinə doğru hərəkət ediblər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google