Camdelianinin zəhərlənməsinə cəhd iddiasında adı keçən rahibə Kiladze tərəfindən tapılıb – Yeparxiyada nə baş verir?
Marneuli və Hucabi Yeparxiyasının yepiskopu Qiorqi Camdelianinin zəhərlənməsinə cəhd iddiasında adı çəkilən rahibə Tekla Kublaşvili jurnalist Eliso Kiladze tərəfindən Kazbeqidə, ailəvi otellərdən birində aşkar edilib. Kiladzenin sözlərinə görə, rahibə yepiskop Camdeliani tərəfindən gizlədilir və ona nə danışmalı olduğunu da o deyir.

Qeyd edək ki, 8 iyun tarixində Qiorqi Camdeliani xütbəsi zamanı bəyan etmişdi ki, onun qətli planlaşdırılıb. Onun iddiasına görə, bu plan Kvemo Kartli qubernatorunun müavini Qiorqi Şincikaşvili tərəfindən hazırlanıb və həmin planın icrası üçün rahibə Tekla Kublaşvili cəlb edilib. Camdelianinin sözlərinə görə, Şincikaşvili rahibəyə onu zəhərləməyi tapşırıb.

Yepiskop bu məsələni yeparxiya məhkəməsinə çıxarıb və Şincikaşvilini təqsirli hesab edib. Məhkəmənin əsas şahidi isə məhz Tekla Kublaşvili olub.

Jurnalist Eliso Kiladze hadisə yerindən video yayımlayıb. Kadrlarda Kiladzenin rahibə Tekla ilə telefon vasitəsilə danışdığı və həmin zəngin Marneuli və Hucabi yepiskopu ilə əlaqələndirildiyi görünür. Kiladze videoda Camdelianiyə müraciətlə deyir:

“Axı deyirdiniz ki, rahibənin harada olduğunu bilmirsiniz. Burada, yanınızda gizlədibsiniz? Mən buraya təfərrüatların araşdırılması üçün gəlmişəm. Deyirdiniz ki, onu qovmusunuz, əlaqəniz yoxdur və harada olduğunu bilmirsiniz. Amma indi məlum olur ki, siz əlaqədəsiniz.”

Bu dialoqdan sonra Camdeliani Kiladzeni “iftiraçı və yalançı” adlandıraraq onu hədələyib:

“Söndürmə telefonu, dedim söndürmə! Yoxsa ordan çox pis çıxacaqsan. Sənin vəziyyətinə baxacaqlar”, – deyə Camdeliani jurnalistin rahibə ilə təkbətək danışmaq istədiyi zaman bildirib.

Hadisədən sonra Camdeliani öz video bəyanatını yayımlayıb. Bildirib ki, Tekla Kublaşvili ona kömək istəyi ilə zəng edib. Onun iddiasına görə, rahibənin yanına Kiladze ilə yanaşı, Qiorqi Şincikaşvilinin mühafizəçiləri də gediblər.

Video dialoqlardan birində aşağıdakı söhbət yer alır:

“Heç kimlə getmə. Kimlər gəlib ora?” – Yepiskop Qiorqi
“Caba... Caba və Kaxa” – Rahibə Tekla
“Caba kimdir? Hansı Caba?” – Yepiskop Qiorqi
“Yepiskop İoseliani. Şincikanın mühafizəsidir,” – Rahibə Tekla
“Bəs Kaxa? Onlar evə girdilər?” – Yepiskop
“Bəli.” – Rahibə
“Təksən?” – Yepiskop
“Tualetə girmişəm.” – Rahibə
“Rahibə, uşaqları göndərmişəm, qorxma. Bir dəqiqə mənə qulaq as, Şincikanın mühafizəsi, Kaxa – o robokopların rəhbəri və Caba İoseliani gəlib?”
“Qorxma, biz səni qoruyacağıq, heç nə olmayacaq dedilər.” – Rahibə Tekla
“Onlar səni qoruya bilməzlər. Onlarla getmə, yoxsa səni oğurlayıb öldürə bilərlər. Qorxma, oraya köməkçilər gələcək.” – Yepiskop Qiorqi.

Daha sonra Camdeliani bildirib ki, Tekla Kublaşvili Stepantsminda polis idarəsinə aparılıb. O, hüquq-mühafizə orqanlarını rahibənin konstitusiya hüquqlarını qorumağa və onu vəkil olmadan ifadə verməyə məcbur etməməyə çağırıb.

Eliso Kiladze isə bildirib ki, rahibəni yalnız şəxsi sürücüsü müşayiət edib və başqa heç kim yanında olmayıb. O, Camdelianinin hədəsi ilə bağlı polisə müraciət edib və onun ifadəsi bu gün saat 15:00-da alınmalıdır.

Məlumata görə, yepiskop Camdelianinin bəyanatı əsasında Prokurorluq Cinayət Məcəlləsinin 18.108-ci maddəsi – qəsdən adam öldürməyə hazırlıq – ilə istintaq başladıb. 9 iyun tarixində Camdeliani açıqlama verərək, istintaq orqanları ilə əməkdaşlıq etməyi planlaşdırmadığını bildirmişdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google