ABŞ prezidenti Donald Tramp iyunun 14-də rusiyalı həmkarı Vladimir
Putinlə telefon söhbətindən sonra sosial mediada yazıb ki,
"Putin də mənim kimi düşünür ki, İsrail-İran müharibəsi
bitməlidir".
İsrail İrana iyunun 13-də zərbələr endirməyə başlayıb. Tərəflər
bir-birinə raket və dron zərbələrini davam etdirir.
"Onun da müharibəsi bitməlidir", – Tramp Putinə belə
dediyini postunda qeyd edib.
AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv
Qutterman yazır ki, Trampın son qeydi bilərəkdənmi,
bilməyərəkdənmi, Moskvanın riyakarlığına işarə edir: Rusiyanın
Ukraynaya hərbi təcavüzündən üç ildən çox keçir, minlərlə dinc
ukraynalı öldürülüb, çoxu da cəbhədən xeyli uzaqda yerləşən evlərə
gecə hücumlarında. Rusiyanın Xarici İşlər Nazirliyi isə İsrailin
"yuxuda olan" şəhərlərə "təhrik olunmamış" hərbi zərbələrini
pisləyib.
Müəllif yazır ki, İsrail-İran münaqişəsi Moskvanın Ukraynaya qarşı
işğalını çətin bitirə, amma qarşılıqlı zərbələr Rusiyanın əlinə
oynaya bilər.
Dronlar və diqqətin
yayındılması
2023-cü ildə ABŞ-nin terrorçu saydığı HƏMAS-ın İsrailə hücumu və
ardınca başlanan Qəzza müharibəsi kimi, İsrail-İran münaqişəsi də
Qərbin diqqətini Rusiyanın Ukraynaya təcavüzündən vacib bir
məqamdan yayındırır.
Bu elə bir məqamdır ki, Tramp, ABŞ, Qərbin qalan hissəsi Moskvaya
yeni sanksiyaları nəzərdən keçirir. Kiyev və Avropa liderləri
deyirlər ki, Rusiya sülhdə qətiyyən maraqlı deyil, cəbhə xəttində
mövqeyini yaxşılaşdırmaq üçün prosesi uzatmağa çalışır.
Böyük Yeddiliyin (G7) iyunun 17-də başa çatacaq sammitində
sanksiyalarla bağlı qərar olsa belə, İsrail-İran münaqişəsindən
dolayı arxa plana keçə bilər.
Bir az da irəli getsək, Yaxın Şərqdəki durum Qərb silahları, pulu,
digər resursları uğrunda Ukrayna müharibəsi ilə yarışa bilər.
Qərb Moskvanı onun neft gəlirlərini azaltmaqla zəiflətməyə çalışır.
Amma İsrail-İran zərbələrinin neftin qiymətini qaldırması Kiyev və
dəstəkçiləri üçün itki deməkdir.
Bu faktorlar Ukraynaya döyüş zonasında da problemlər yarada bilər.
Rusiya qüvvələri ləng də olsa, irəliləyir.
Kreml isə Yaxın Şərqdəki zorakılıqdan çoxsaylı faydaya ümid bəsləyə
bilər.
"İranı kənara qoysaq, ən böyük hərbi və siyasi ziyan Ukraynaya dəyə
bilər", – bunu Moskvada yerləşən Strategiyalar və
Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov rəsmi
"Rossiyskaya Qazeta"da yazıb.
"Yaxın Şərqdə yeni müharibə təkcə dünyanın diqqətini [Rusiyanın
Ukraynaya qarşı işğalından] yayındırmayacaq. Birləşmiş Ştatları
İsrailə hərbi yardıma ayırmağa yönəldəcək", – Puxov proqnoz
verib.
Digər tərəfdən, Rusiyanın Ukraynadakı müharibədə istifadə etdiyi
silahlara, İranın "Şahed" dronlarına da birbaşa təsir mümkündür.
Rusiya və Yaxın Şərq üzrə ekspert Hanna Notte iyunun 14-də X
platformasında yazıb ki, indi Rusiya "Şahed"ə oxşar dronları özü
istehsal edir, "İranın ilkin dizaynına xeyli dəyişikliklər
edib".
"Məncə, Ukraynada Rusiyaya o qədər də təsir
göstərməyəcək", – o qeyd edib.
Ukrayna münaqişəsi bir-iki
günə həllini tapacaqdı
Tramp "Truth Social" şəbəkəsində yazıb ki, "İran və İsrail arasında
razılaşmanı asanlıqla əldə edə, bu qanlı münaqişəyə son qoya
bilərik!!!".
S.Qutterman yazır ki, bunu etmək arzusu azından indilik onun
Rusiyanın Ukraynadakı müharibəsini bitirmək yönündə səylərini
üstələyə bilər. Axı, Tramp bu müharibəyə bir-iki günə son
qoyacağını deyirdi.
O, Putinin dinc sakinləri ölümünə səbəb olan hücumlarını pisləsə
də, indiyədək Moskvaya yeni sanksiyalar qoymayıb.
Tramp Putinin sülh istəyində səmimi olub-olmadığını
müəyyənləşdirmək üçün ikihəftəlik qeyri-rəsmi tarix də qoymuşdu,
ondan artıq bir neçə gün də keçib. Yaxın Şərqdə başlanmış zorakılıq
isə bu işi daha da ləngidə bilər, özəlliklə də əgər Tramp
İran-İsrail atəşkəsi üçün Kremldən vasitəçilik istəyərsə.
Bəs, Putinin köməyi dəyə
bilərmi?
Hələ iyunun 4-də Putinlə telefon söhbətindən sonra Tramp yazmışdı
ki, İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması üçün Tehranla
razılaşmanın əldə olunmasında Putinin köməyi dəyə bilər.
Trampla 14 iyun danışığına dair Kremlin məlumatında deyilir ki,
Putin Rusiya tərəfinin mümkün vasitəçilik səylərinə hazır olduğunu
vurğulayıb.
Ertəsi gün isə Tramp "ABCNews"a deyib ki, o, Putinin vasitəçi
olmasına "açıqdır".
Bu diplomatik istəyin həm müsbət, həm də mənfi tərəfləri ola bilər:
Putinin Yaxın Şərqdə güclü rola can atması potensial olaraq onu
Ukrayna ilə bağlı daha konstruktiv olmağa sövq edə bilər.
Amma onun əsaslı güzəştlərə gedəcəyi inandırıcı görünmür. O, həm də
düşünə bilər ki, İsrail və İran münaqişəsində güclü rolu onun
Ukraynada əlini möhkəmləndirə bilər.
"Putindən ötrü Ukrayna prioritetdir", –
bunu isə Notte yazır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415