ABŞ səfirliyi, səfir Robin Daniganın və Dövlət Departamentinin baş
müşaviri Uayatt Tolkinin Gürcüstanın xarici işlər naziri
Maka Boçorişvili ilə keçirdiyi görüşlə bağlı açıqlama yayıb və
Donald Trampın prezidentliyi dövründə Dövlət Departamentinin
mövqeyini bir daha xatırladıb.
“Səfir Danigan və baş müşavir Tolki bu gün xarici işlər
naziri Boçorişvili ilə ABŞ-Gürcüstan münasibətlərini müzakirə etmək
üçün görüşdülər”, – səfirliyin yaydığı məlumatda
bildirilir.
“Səfirlik qeyd edir ki, Birləşmiş Ştatlar Gürcüstana
münasibətini Amerika maraqlarını gücləndirmək məqsədilə yenidən
nəzərdən keçirməkdə davam edir.”
“ABŞ Gürcüstan hökumətinin ABŞ-la münasibətlərin
yaxşılaşdırılmasına ciddi yanaşdığını göstərmək üçün ata biləcəyi
addımları açıq şəkildə ifadə edib,” – deyə açıqlamada
bildirilir.
Görüşlə bağlı ilkin məlumat “Gürcü Arzusu” hökumətinin Xarici İşlər
Nazirliyinin mətbuat xidməti yaymışdı.
“Görüş zamanı ABŞ və Gürcüstan arasında münasibətlər,
əməkdaşlıq perspektivləri və regionda gedən proseslər müzakirə
olundu... Tərəflər regionda və dünyada mövcud təhlükəsizlik
çağırışlarını müzakirə etdilər. Gürcüstanın regionda sülh və
sabitliyin təmin olunmasında mühüm rolu olduğu
vurğulandı”, – deyə Xarici İşlər Nazirliyinin
açıqlamasında bildirilir.
Uayatt Tolki Gürcüstana gəlməzdən əvvəl Azərbaycanda səfərdə olub
və SOCAR-ın nümayəndələri ilə görüşüb.
ABŞ-ın Bakıda yerləşən səfirliyi sosial şəbəkə X-də bildirib ki,
iyunun 3-də Azərbaycanda neftin axtarışı ilə bağlı saziş imzalanıb
və bu,
“enerji təhlükəsizliyi və iqtisadi rifah üçün böyük
irəliləyişdir”.
Gürcüstan-ABŞ münasibətlərinin son vəziyyəti:
- 2024-cü ilin noyabrında ABŞ Gürcüstanla uzunmüddətli strateji
tərəfdaşlığı dayandırdı;
- Bundan əvvəl isə, “agentlər haqqında qanun” və “Gürcü
Arzusu”nun nümayəndələrinin anti-Qərb və saxta ittihamlara
əsaslanan ritorikası səbəbindən ABŞ Gürcüstan hökumətini dəfələrlə
Avropa və Avroatlantik inteqrasiya yoluna qayıtmağa
çağırmışdı;
- Strateji tərəfdaşlığın dayandırılması ilə bağlı qərar Dövlət
Departamenti tərəfindən 2024-cü il noyabrın 30-da elan olundu. Bu,
“Gürcü Arzusu” hökumətinin, 2028-ci ilin sonuna qədər Avropa
İttifaqına üzvlüklə bağlı danışıqların gündəmə gətirilməyəcəyi
barədə qərarından iki gün sonra baş verdi. Hökumətin bu qərarına
qarşı başlayan etiraz aksiyalarına isə güc tətbiq olundu;
- “Gürcü Arzusu” hökuməti ümid edirdi ki, Prezident Baydenin
administrasiyasının siyasətini Donald Tramp dəyişəcək;
- Mayın 28-də “Gürcü Arzusu”nun fəxri sədri və ABŞ tərəfindən
sanksiyaya məruz qalmış Bidzina İvanişvili məktub yayaraq, ABŞ
səfirliyinin onun səfirlə görüşdən imtina etməsi barədə bəyanatını
“anlaşılmaz” adlandırdı. Həmin görüşdə Tramp administrasiyasının
mesajı çatdırılmalı idi;
- Elə həmin gün, İvanişvilinin məktubundan az əvvəl ABŞ səfirliyi
bəyan etdi ki, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili
səfir Robin Daniganla görüşdən imtina edib. Görüşdə Tramp
administrasiyasının mesajı təqdim olunmalı idi. Həmin bəyanatda
İrakli Kobaxidzenin adı çəkilməmişdi;
- İrakli Kobaxidze mayın 13-də ABŞ-ın prezidenti və
vitse-prezidenti, Donald Tramp və Cey Di Vensə açıq məktub
ünvanladı;
- Kobaxidzenin sözlərinə görə, bir neçə həftə əvvəl Gürcüstan-ABŞ
münasibətləri ilə bağlı yazdığı məktuba Tramp administrasiyası
cavab verməyib. Həmin məktubda münasibətləri “təmiz səhifədən
başlamağa” hazır olduğunu bildirib;
- Mayın 21-də Kobaxidze bildirdi ki, məktuba cavab verilməyib,
lakin “susqunluq da bizim üçün çox mühüm cavabdır”;
- Mayın 6-da ABŞ Konqresinin aşağı palatası – Nümayəndələr
Palatası – “MEGOBARI Aktı”na (dost qanunu) ikipartiyalı dəstəklə
səs verdi və onu qəbul etdi;
- İyunun 10-da isə məlum oldu ki, altı aylıq fasilədən sonra
Gürcüstanın ABŞ-dakı səfiri postuna Tamar Taliaşvili təyin
olunacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415