Marneuli Bələdiyyə Məclisinin sədri hansı əmlaka sahibdir – bəyannamə
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin təqdim etdiyi əmlak bəyannaməsinə əsasən, onun və həyat yoldaşı İamze Qelaşvilinin müxtəlif daşınmaz əmlakları və nəqliyyat vasitələri var.

Bəyannaməyə əsasən, İamze Qelaşvili 2024-cü il iyulun 11-də Tbilisinin Diğomi kəndində 500 kvadratmetrlik torpaq sahəsini 80 000 lariyə alıb. Həmin sahədə 303,5 kvadratmetrlik tikili yerləşir.

Qiorqadzenin 2024-cü il sentyabrın 23-də doldurduğu bəyannaməyə əsasən, onun adına iki, həyat yoldaşının adına isə dörd daşınmaz əmlak qeydiyyatdadır.

Amiran Qiorqadze 2004-cü ildə miras yolu ilə Saimerlo kəndində yerləşən torpaq sahəsi və yaşayış evinə sahib olub. 2019-cu ildə isə Tbilisidə 102,2 kvadratmetrlik mənzil hədiyyə alıb. Hədiyyəni təqdim edən şəxsin adı sənəddə göstərilməyib.

İamze Qelaşvilinin isə Marneulidə, aerodrom yaxınlığında yerləşən və 2021-ci ildə 3000 dollara aldığı 3000 kvadratmetrlik torpaq sahəsi var. Bundan əlavə, o, bir neçə daşınmaz əmlakın da ortaq mülkiyyətçisidir.

Belə ki, İamze Qelaşvili, Maka Tabatadze və Marneuli Bələdiyyə Məclisinin sədr müavini Vasil Xaxulaşvili Marneuli şəhərində yerləşən 7000 kvadratmetrlik torpaq sahəsinin ortaq sahibləridir. Qelaşvili bu əmlak üçün 2022-ci ildə 10 000 lari ödəyib. Eyni zamanda bu üç şəxs Marneuli şəhərində, aerodrom yaxınlığında yerləşən 3000 kvadratmetrlik digər torpaq sahəsinin də ortaq mülkiyyətçiləridir. Bu əmlak üçün Qelaşvili 2017-ci ildə 3000 dollar ödəyib.

Marneuli Bələdiyyə Məclisinin sədri və həyat yoldaşının həmçinin 2023–2024-cü illərdə aldıqları avtomobilləri var. Amiran Qiorqadze 2023-cü ildə TOYOTA RAV4 markalı avtomobili 10 000 dollara, İamze Qelaşvili isə GX 460 modelini 30 000 dollara alıb.

Əmlak bəyannaməsinə əsasən, İamze Qelaşvili 2023-cü ildə “Tbilisi” Lamara Marqvelaşvili adına məktəbdə müəllim köməkçisi kimi çalışıb və 3061 lari 22 tetri məbləğində əməkhaqqı alıb. Onun illik 6000 lari icarə gəliri də qeydə alınıb.

Amiran Qiorqadze isə 2023-cü ildə Marneuli Bələdiyyə Məclisinin sədri kimi 54 300 lari 72 tetri əməkhaqqı əldə edib.

Qeyd edək ki, bir neçə ay ərzində məmurların əmlak bəyannamələri ictimaiyyət üçün əlçatan olmayıb. Rüşvətxorluqla Mübarizə Bürosu bu halı saytın texniki yenilənməsi ilə əlaqələndirib. Yalnız “Gürcü arzusu”-nun baş naziri İrakli Kobaxidzenin bəyanatından sonra sistemin fəaliyyəti bərpa olunub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google