Böyük Britaniyanın Gürcüstandakı səfirliyi 18 iyun tarixində
yaydığı bəyanatda Gürcüstan hökumətini 2025-ci ilin
oktyabrında keçiriləcək bələdiyyə seçkilərinin müşahidəsi üçün
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ODİHR)
müşahidə missiyasını dəvət etməyə və təşkilatın tövsiyələrini
nəzərə almağa çağırıb.
“Səfirlik Gürcüstan hökumətinə müraciət edərək, oktyabrda
keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün ATƏT/ODİHR
missiyasını dəvət etməyə və ODİHR-in 2024-cü il Parlament seçkiləri
ilə bağlı yekun hesabatında təqdim olunan tövsiyələri nəzərə almağa
çağırır”, – deyə bəyanatda bildirilir.
Səfirliyin məlumatına görə, Gürcü xalqının arzuları və istəkləri
demokratiya və azadlığa yönəlib və Böyük Britaniya ilə Gürcüstan
arasında əməkdaşlıq, eyni zamanda Gürcüstanın Avropa institutları
ilə sıx əlaqələri bu məqsədlərə nail olunmasına töhfə
verməlidir.
Bir həftə əvvəl, 11 iyun tarixində səfirlik bəyan etmişdi ki,
“xarici təsirin şəffaflığı haqqında” qanuna edilən dəyişikliklər
səbəbilə Birləşmiş Krallıq bir sıra planlaşdırılmış qrant
proqramlarını ləğv etmək məcburiyyətində qalıb. Həmin proqramların
məqsədi seçki proseslərində şəffaflığı və ictimai məlumatlandırmanı
dəstəkləmək idi.
Həmin gün “Tabula” internet nəşri bildirmişdi ki, bu qərar ona da
təsir edib – nəşr 50 000 funt sterlinq məbləğində qrant qazanmışdı
və bu vəsait yerli seçkilər zamanı ictimaiyyətin
məlumatlandırılması üçün istifadə olunmalı idi.
Eyni gün hökumətyönlü “İmedi” telekanalı Böyük Britaniya
səfirliyinin digər mümkün benefisiarları barədə məlumat yayıb.
Kanalın məlumatına görə, “Tabula” ilə yanaşı aşağıdakı
təşkilatların da maliyyələşdirilməsi planlaşdırılırdı:
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası – 99 988 funt
sterlinq
Hüququn Aliliyi Mərkəzi – 97 868 funt sterlinq
Gürcüstanın Gələcəyi Akademiyası – 99 975 funt
sterlinq
“Böyük Britaniya səfirliyi təbliğat və radikallaşmanı
maliyyələşdirməyə hazırlaşırdı, lakin hazırda bu məqsədlə hökumətin
razılığı tələb olunduğundan bu qərardan imtina etdi”, – 12 iyun
tarixində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bəyan
etmişdi.
Səfirlik 18 iyun tarixli bəyanatında bu ittihamları əsassız
adlandıraraq bildirir: “Gürcüstan hökumətinin özü bu fəaliyyətləri
dəstəkləyirdi və biz onların “təbliğat və ekstremizmin
maliyyələşdirilməsi” kimi təqdim olunması ilə qəti şəkildə razı
deyilik”.
Bəyanatda qeyd olunur ki, bu iddialar reallığı əks etdirmir.
Gürcüstan qanunvericiliyi müşahidəçi təşkilatların fəaliyyətinə
imkan verir və bu, peşəkar və şəffaf seçki nəzarətinin ayrılmaz
hissəsidir.
Səfirlik, həmçinin xatırladır ki, 2019-cu ildə Gürcüstan və
Birləşmiş Krallıq arasında imzalanmış Strateji Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişinin 4-cü maddəsi tərəfləri aşağıdakılar üzrə
əməkdaşlığa çağırır:
“Demokratik institutların sabitliyinin və effektivliyinin
gücləndirilməsi, hüququn aliliyinin, insan hüquqlarının və əsas
azadlıqların təmin olunması, eləcə də məhkəmə islahatlarının
dəstəklənməsi”.
Bəyanatın sonunda qeyd olunur: “Məhz bu prinsiplərə əsaslanaraq
Böyük Britaniya uzun illərdir, Gürcüstanda vətəndaş cəmiyyətini
dəstəkləyir”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415