1992-ci ilə qədər Mirsada Tursunoviçin önündə bir həyat vardı. O,
doğma şəhəri Zvornikdə makinaçı işləmək istəyirdi.
Lakin Bosniya-Herseqovinadakı müharibə hər şeyi dəyişdirdi. O, 18
yaşında Kaparde həbs düşərgəsində təcavüzə məruz qaldı.
O vaxtdan bəri Tursunoviç xəyallarının arxasınca getmək əvəzinə,
baş verənlərin kabusundan qurtulmağa çalışır.
"Onlar məni hərəkət edə bilməyən bir qadına
geyindirməyə apardılar. Mən onu görməyə müvəffəq oldum, sonra o,
(əsgər) dərhal mənə onunla birlikdə yuxarı mərtəbəyə qalxmağı əmr
etdi", - M.Tursunoviç deyir.
"O, söyməyə başladı və soyunmağımı əmr etdi. Onda
titrəməyə başladım, çünki o zaman nə baş verəcəyini
anlamışdım", - Mirsada başına gətirilənləri
xatırlayır.
Adila Sulyeviç isə təxminən 70 kilometr aralıda, Brçko şəhərində
yaşayırdı. O vaxt evli olan Adilanın 27 yaşı vardı və geyim
sənayesində çalışırdı. O, Tursunoviçi tanımırdı, amma onların
həyatı –ağlasığmaz bir şəkildə – əbədi olaraq birləşəcəkdi.
"Mən hər cür travmadan keçmişəm. Üç dəfə silah gücünə
tutulmuşam", - o deyir.
Adila da müharibə vaxtı bir hərbçi tərəfindən təcavüzə məruz qalıb:
"Azadlığa nail olanda boşandım, çünki birinci ərimdən
çoxlu qınağa məruz qalırdım".
M.Tursunoviçin təcavüzkarı ölkədən qaçıb. Sulyeviç isə ona qarşı
törədilən cinayət barədə məlumat verəndə ona deyilib ki, ona
təcavüz edən əsgər müharibədə həlak olub.
Məhv edilmiş həyatlar, davam edən travma və əsas hüquqlar uğrunda
mübarizə - bunlar Bosniya müharibəsi zamanı təcavüzə məruz qalmış
minlərlə qadının reallığıdır.
Qadınlara qarşı təcavüz və digər cinayətlər törədən bir çox şəxs
hələ də azadlıqda gəzir.
"Foça 92-95" Müharibə Qurbanları Assosiasiyasının nümayəndəsi
Midheta Kaloper Oruli deyir:
"Zorlandığınızı söyləmək
asan deyil. O cümlənin daşıdığı ağırlığı və ağrını başa düşən
varmı?".
İnsanlığa qarşı
cinayətlər
Bosniyanın şərqində yerləşən Foça bölgəsi ölkədə serb qüvvələrinin
etnik təmizləmə, qətl və təcavüz kampaniyasının apardığı
ərazilərdən biri idi.
Dağıntıların və qətllərin böyük bir qismi bosniyalı müsəlmanlara
qarşı insanlıq əleyhinə cinayətlərin törədildiyinə qərar verən
keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (ICTY)
tərəfindən sənədləşdirilib.
Orulinin doğulduğu Foça şəhərində baş vermiş dəhşətli cinayətlər
səbəbindən ICTY cinsi köləliyi insanlıq əleyhinə cinayət kimi
tanıyıb.
"Təcavüz səhv deyil, bədbəxt hadisə deyil, utanc deyil.
Təcavüz bir cinayətdir", - Oruli deyir.
Bosniyada baş verənlər tək bir hadisə deyil.
NATO-nun Qadın, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi İren
Fellin deyir ki, Bosniya və Ruandadakı müharibələr münaqişə zamanı
cinsi zorakılıq barədə məlumatlılığı artırıb. O əlavə edir ki, belə
zorakılıqlar hələ də baş verir, amma bununla bağlı məsuliyyətə
yanaşma dəyişməyə başlayıb.
2015-ci il iyunun 19-da BMT münaqişə zamanı seksual zorakılığı
müharibə taktikası kimi tanıyan qətnamə qəbul edib. Belə
cinayətlərə məruz qalmış insanlara hörmət əlaməti olaraq və bu
məsələ barədə məlumatlılığı artırmaq məqsədilə iyunun 19-u
Münaqişələrdə Cinsi Zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü elan
edilib.
"Mövcud kontekstdə və Ukraynaya baxsaq, biz çox unikal
bir şey görürük. Görürük ki, onlar mübarizə apararkən, həm də artıq
(zorlama kimi cinsi zorakılıq cinayətlərinin) icraçılarını təqib
edirlər. Və bu, həqiqətən mədəniyyətdəki dəyişikliyi göstərən bir
şeydir", - Fellin izah edir.
Ancaq o etiraf edir ki, dəyişiklik yavaş-yavaş baş verir. Onun
sözlərinə görə, münaqişə zamanı baş verən seksual zorakılıq hələ də
problemdir, bu məsələdəki inkişaf isə önəmlidir,
"çünki bu,
düşüncə tərzinin dəyişməsindən xəbər verir".
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, 2022-ci ilin
fevralında Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri münaqişə
ilə bağlı 363 cinsi zorakılıq halı qeydə alınıb.
Müqayisə üçün, 1992-1995-ci illərdə Bosniya-Herseqovina müharibəsi
zamanı azı 20 min qadının zorlandığı təxmin edilir.
Müsbət
nəticələr
"Problemin necə həll olunmasında biz, həqiqətən, müsbət
nəticələr görürük", — Fellin bildirir.
Ancaq bu dəyişiklik Tursunoviç və Sulyeviç kimi bosniyalı qadınlar
üçün ədalətin təmin olunmasına çox da təsir göstərməyib. Bosniya
müharibəsində cinayətkarların çox az bir qismi cəzalandırılıb.
ICTY 2017-ci ildə bağlanana qədər müharibə zamanı cinsi zorakılığa
görə 40-dan az adam məhkum edilmişdi. Bəzi məhkəmələr yerli
instansiyalarda davam etsə də, çoxsaylı qurbanlar hələ də ədalət
gözləyirlər.
"Mənə və ailəmə qarşı törədilən cinayətlərə görə hələ
heç kim cəzalandırılmayıb. Mən yaxın ailəmin 13 üzvünü
itirmişəm", - deyən K.Oruli zamanın onların əleyhinə
işlədiyini əlavə edir:
"Şahidlər ölür, cinayətkarlar
ölür, onlar ədalətə təslim edilmək üçün yetərincə uzun müddət
yaşamayacaqlar".
M.Tursunoviçə gəlincə, o, heç vaxt makinaçı olmadı. Bu gün o, əl
işləri ilə məşğul olan bir dərnəyin rəhbəridir. Yalnız 2009-cu ildə
- təcavüzə məruz qaldıqdan 17 il sonra o, nəhayət, başına gələnləri
açıq şəkildə danışmağa qərar verib.
Tursunoviç deyir ki,
"Mən digər qadınlara görə açıq
danışmağa başladım. Təəssüf edirəm ki, onlar qorxudan
danışmırlar".
O əlavə edir ki, müharibə zamanı başlarına gələnləri hələ də ərləri
bilməyən çox qadın var.
Tursunoviç kimi, Sulyeviçə də başına gələnləri bölüşmək üçün zaman
lazım olub. Sonradan o, müharibə travması ilə bağlı ifadə verən ilk
qadınlardan birinə çevrilib.
2016-cı ildə o, müharibə zamanı cinsi zorakılığa məruz qalmış
qadınlara dəstək şəbəkəsi qurmaq və onların travmaları barədə
sərbəst danışa bilməsi, güclənməsi məqsədilə bir qeyri-hökumət
təşkilatı (QHT) təsis edib.
"Öz üzərinizdə işləmək və sağalmaq çox vacibdir. Mən əvvəlcə bunu
bilmirdim. Amma yaxşılaşdığımı görəndə bunu başqa qadınlara da
tövsiyə etməyə başladım, çünki eyni şeyi yaşayan çox qadın
tanıyıram", - o deyir.
Sulyeviçin sözlərinə görə, zorakılıqdan sağ çıxan qadınlar çox şey
arzulaya bilər, ancaq ən çox ehtiyac duyduqları şey sadəcə
ədalətdir: "Biz az-çox razı qalacağıq. Yaşamaq üçün irəlidə bir
neçə dinc və xoş illərimiz qala bilər. Və xahiş etdiyimiz tək şey
sadəcə budur (ədalət)".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415