Xarici İşlər Nazirliyindən daha bir diplomat işdən azad edilib

Xarici İşlər Nazirliyinin Avropaya inteqrasiyanı dəstəkləyən bəyanata imza atan əməkdaşlarından biri, Mariam Maisaia bildirib ki, işdən çıxarılıb.


Mariam Maisaia BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Gürcüstanın daimi nümayəndəliyində çalışırdı.

O, işdən çıxarılmasını öz mövqeyini açıq şəkildə ifadə etdiyinə görə cəza kimi qiymətləndirir.

"Bax indi adam özünü təhqir olunmuş, alçaldılmış hiss edə bilərdi... Amma bu hisslər məndə yaranmadı. Halbuki, artıq iki həftədən çox vaxt keçib. Əksinə, özümü çox güclü və ləyaqətli hiss edirəm. Sadəcə, “sabah” nə edəcəyimi, məni nə gözlədiyini bilmirəm və bu bir az əhvalımı pozur.

Bəli, bilməyənlər üçün deyim: məni 1 avqustdan işdən qovublar – ya da qovacaqlar, hər nədirsə. 1997-ci ildən Xarici İşlər Nazirliyi mənim iş yerim idi – müxtəlif missiyalarla, amma eyni məqsədlə. Bu məqsədi bir daha yüksək səslə bəyan etdiyim üçün məni böyük "şərəflə" cəzalandırdılar.

İndi isə qərar verənlər araşdırana qədər, mən "dərin dövlətin" itaətkarıyam, "qlobal müharibə partiyasının" üzvüyəm, ya başqa hansısa xarici qüvvənin təsiri altındayam – bu zaman mən sizə bir nəfərlik siyasi partiyamın baxışlarını paylaşmaq istəyirəm:

Burada, Gürcüstandan gəlmiş və ya burada yaşayan gürcülərlə danışanda hamımız razılaşırıq ki, İsveçrə necə möhtəşəm ölkədir, təbiətimiz necə bənzəyir və bizim də belə bir ölkəyə sahib olmağımız mümkündür.

Bəli, bu mümkündür – amma nə cəzalandırılmış, nə itaətkar, nə kinli, nə zorakı, nə qorxmuş, nə də ruhdan düşmüş və ya laqeyd xalq bunu bacaracaq. Belə bir cəmiyyət və dövlət yaratmaq üçün başqa enerji lazımdır – müsbət, sərbəst, cəsarətli və azad enerji... Gəlin daha yaxşı zamanları gözləyək – Tanrıya güvənərək", – Mariam Maisaia öz "Facebook" səhifəsində yazır.


2024-cü ilin dekabr ayının sonundan bu günə qədər bir çox dövlət qurumundan yüzlərlə dövlət qulluqçusu gözlənilmədən işdən çıxarılıb. Onlar bu prosesi ölkədəki siyasi hadisələrlə əlaqələndirirlər.

Xüsusilə, 28 noyabrda “Gürcü Arzusu”nun Avropaya inteqrasiya prosesinin dayandırılması ilə bağlı qərarından sonra, bir çox dövlət qulluqçusu hökumətin mövqeyindən uzaqlaşdı. Həm fərdi, həm də kollektiv şəkildə onlar Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə sadiqliklərini ifadə edən ictimai bəyanatlar yaydılar.

Dövlət qulluqçularının siyasi əsaslarla işdən çıxarılmasını 2024-cü ilin sonunda “Gürcü Arzusu”nun sürətlə qəbul etdiyi və cəmi 2 günə təsdiqlənmiş qanun dəyişikliyi daha da asanlaşdırdı. Bu dəyişikliklərə 29 dekabrda, inaqurasiya günü, Mixeil Kavelaşvili tərəfindən digər 27 qanun layihəsi ilə birlikdə imza atılıb.

Qanun dəyişikliyi ilə dövlət sektorunda reorganizasiya qaydaları sadələşdirildi və nəticədə, işçilərin avtomatik olaraq işdən azad edilməsi mümkün oldu.

 

Print Email
FaceBook Twitter Google