İrakli Kobaxidze ABŞ və Macarıstana yeni təyin olunmuş Gürcüstan səfirləri ilə görüşüb

İrakli Kobaxidze ABŞ və Macarıstana yeni təyin olunmuş səfirlərlə, həmçinin Gürcüstanın Avropa Şurasındakı yeni daimi nümayəndəsi ilə görüşüb.



Məlumat üçün bildirək ki, Gürcüstanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Tamar Taliaşvili, Macarıstanda Nikoloz Laliaşvili, Avropa Şurasında isə daimi nümayəndə vəzifəsinə Xatia Tsilosani təyin olunub.

Görüş Gürcüstan hökumətinin administrasiyasında keçirilib. Baş nazir diplomatları yeni vəzifələrinin başlanması münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

“Tamar Taliaşvili diplomatik xidmət, dövlət sektoru və akademik sahədə çoxillik təcrübəyə malikdir. O, 2022-ci ildən bu günə qədər Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi vəzifəsini icra edirdi. Taliaşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. O, həmçinin Gürcüstan Parlamentinin və Tbilisi şəhər şurasının üzvü olub.

Nikoloz Laliaşvili daha əvvəl Gürcüstanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. Onun dövlət sektorunda, o cümlədən Gürcüstanın Müdafiə Nazirliyində və Təhlükəsizlik Şurasında çoxillik iş təcrübəsi var. Həmçinin o, Parlament üzvü kimi də fəaliyyət göstərib.

Xatia Tsilosani Gürcüstan Parlamentinin üzvü olub və beynəlxalq təşkilatlarda iş təcrübəsinə malikdir. Müxtəlif illərdə o, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifələrdə çalışıb, o cümlədən nazir müavini olub,”
– deyə "Gürcü Arzusu" hökumətinin yaydığı rəsmi press-relizdə qeyd olunur.


Mənbə: BM






 

Print Email
FaceBook Twitter Google