2020-ci il yanvarın 15-də dünyanın dörd bir yanındakı minlərlə
şəxsin elektron poçt qutusuna mesaj gəlib.
Bu elektron məktub Ukraynanın şərqində vəziyyəti izləyən beynəlxalq
müşahidəçilərin son hesabatı kimi təqdim olunub.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT)
hesabatlarına bənzər maddələrlə təqdim olunmuş xülasədən sonra
"Ətraflı hesabat əlavədədir" qeydi və əlavəni açmaq üçün bir parol
yer alıb.
Əgər ehtiyatsızlıq edib sıxılmış əlavəyə klikləmisinizsə, bununla
bilmədən kompüterinizdə "DanaBot" adlı bir virusu işə salmısınız.
Bu virus kompüterinizi yoluxdurulmuş cihazlardan ibarət qlobal bir
şəbəkəyə – texniki dildə "botnet" adlanan sistemə qoşub. Bu bot
Rusiya istehsalı idi. Tədqiqatçılar və hüquq-mühafizə orqanlarının
məlumatına görə, o, təkcə kredit kartı məlumatlarının, bank hesabı
nömrələrinin və kriptovalyutaların oğurlanması kimi cinayətlər üçün
deyil, həm də Rusiya kəşfiyyat orqanları tərəfindən casusluq
məqsədilə istifadə olunub.
Ötən ay onlarla ölkənin hüquq-mühafizə orqanları "DanaBot"
şəbəkəsini sıradan çıxardıqlarını elan ediblər.
ABŞ Ədliyyə Nazirliyi isə botla bağlı 3 il əvvəl hazırlanmış
cinayət iddianaməsini açıqlayıb. Bu iddianamədə, əsasən,
rusiyalılardan ibarət 16 nəfər botu idarə və ya ondan istifadə
etməkdə ittiham olunub. Bildirilib ki, bu bot bank hesabları,
e-poçt hesabları, sosial media hesabları və kriptovalyuta ilə bağlı
məlumatları oğurlamaq məqsədi daşıyıb.
Lakin daha az diqqət çəkən məqam ABŞ Federal Təhqiqat Bürosunun
(FBI) agentinin andlı ifadəsində və iddianamənin özündə təsvir
olunan botun başqa bir versiyası idi. "Casusluq variantı"
adlandırılan botun ikinci versiyasının hərbi, diplomatik, hökumət
və qeyri-hökumət təşkilatlarını hədəf almaq üçün istifadə edildiyi
iddia olunur.
"Bu fəaliyyətlərin böyük ehtimalla Rusiya hökumətinin
casusluq məqsədləri ilə uyğunluq təşkil etməsi üçün həyata
keçirildiyi ehtimal olunur", - botun fəaliyyətini ilk
dəfə yeddi il əvvəl sənədləşdirməyə başlayan "Proofpoint"
Kaliforniya tədqiqat şirkəti bildirib.
Kibercinayətkarlıq və
Rusiya kəşfiyyat orqanlarının əlaqəsi
Son 25 ildə rusiyalı kibercinayətkarlarla Rusiya kəşfiyyat
orqanları arasında olan əlaqə geniş şəkildə sənədləşdirilib və,
üstəlik, bir çox hallarda cinayət işi açılıb.
Rusiyanın üç əsas təhlükəsizlik təşkilatı - Federal Təhlükəsizlik
Xidməti, Xarici Kəşfiyyat Xidməti və Baş Qərargahın Baş Kəşfiyyat
İdarəsi böyük kiberimkanlara malikdir, ancaq onların hamısı fidyə
proqramı (ransomware) və ya bank troyanları kimi zərərli əməllərlə
məşğul olmur və ya hakerlərlə sıx əməkdaşlıq etmir.
Zərərli kompüter kodu olan "ransomware" istifadəçi tərəfindən işə
salındıqda kompüteri və ya serveri bloklayır. Bloklanmanı aradan
qaldırmaq üçün istifadəçi adətən bu kodu göndərənə fidyə ödəməli
olur. Bu, "BitCoin" və ya "Ethereum" kimi izlənməsi çətin olan
kriptovalyutalar şəklində ödənir.
10 il əvvəl keçmiş bir haker Rusiya Federal Təhlükəsizlik
Xidmətinin (FSB) əsas kibertəhlükəsizlik bölməsinin müavini kimi
işə götürülmüşdü.
"Center18" kimi tanınan birlik amerikalı rəsmilər tərəfindən
2016-cı il prezident seçkiləri zamanı ABŞ-nin siyasi fəallarına
qarşı kiberhücumlarda ittiham olunurdu. Eyni vaxtda Baş Kəşfiyyat
İdarəsi (QRU) da öz paralel kiberhücum əməliyyatını həyata
keçirmişdi.
Daha sonra "Center18" utancverici bir qalmaqala səbəb oldu və
nəticədə onun ovaxtkı direktoruna, haker-direktor müavininə və daha
iki nəfərə qarşı dövlətə xəyanət ittihamı irəli sürüldü.
Həmin qrupun (Center18) tarixdə ən böyük oğurluq hadisələrindən
biri olan milyardlarla "Yahoo" e-poçt hesabını oğurlamağa kömək
üçün Aleksey Belan adlı rusiyalı hakeri də işə götürdüyü iddia
olunur.
Rusiyanın başqa bir haker qrupu "Evil Corp." isə tarixdə ən
problemli fidyə proqramlarından biri olan "Dridex" və ya "Bugat"a
görə məsuliyyət daşıyır. Onun təsisçisi Maksim Yakubets 2019-cu
ildə ABŞ Ədliyyə Nazirliyi tərəfindən həmin fidyə proqramı ilə
bağlı təxminən 100 milyon dollar dəyərində bank fırıldağına görə
ittiham edilib.
Yakubetsin qayınatası keçmiş FSB-nin xüsusitəyinatlı zabitidir və
"öz statusu və əlaqələrindən istifadə edərək "Evil Corp.
"Rusiya kəşfiyyat orqanlarının rəsmiləri ilə inkişaf
edən əlaqələrinə vasitəçilik edib", - ABŞ Maliyyə
Nazirliyi 2024-cü ildə bildirib.
ABŞ-nin ittiham sənədlərinə görə, "DanaBot" alətinin Sibirin
Novosibirsk şəhərindən olan iki rusiyalı - Aleksandr Stepanov və
Artyom Kalinkin tərəfindən hazırlandığı iddia olunur.
Tədqiqatçılar bildirib ki, aylıq təxminən 3 min-4 min dollar
arasında dəyişən ödəniş müqabilində bu bot digər maraqlı hakerlərə
icarəyə verilib və onlar bu botdan bank hesab məlumatları, kredit
kartı məlumatları və hətta kriptovalyutaları oğurlamaq üçün
istifadə ediblər.
Tədqiqatçılar bu kibertəhlükə modelinə "cinayət xidmət kimi" (Crime
as a Service) və ya "zərərli proqram xidmət kimi" (Malware as a
Service) adını verib. Rəsmi şəxslərin bildirdiyinə görə, "DanaBot"
şəbəkəsi zərərsizləşdirilməzdən əvvəl dünyada 300 min kompüteri
yoluxdurubmuş.
Mütəxəssislərin nadir hesab etdiyi "DanaBot"un ikinci bir variantı
olan "Casusluq variantı"nın isə 2019-cu ilin oktyabrında və 2020-ci
ilin yanvarında dövlət qurumları, hərbi qurumlar və hətta
qeyri-hökumət təşkilatlarına qarşı casusluq üçün istifadə edildiyi
iddia olunur.
Mesajlar Vyanada yerləşən transatlantik təşkilat - Avropa
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) adından göndərilmiş
kimi göstərilib. Həmçinin, başqa bir elektron məktubda Qazaxıstanın
adı çəkilməyən bir hökumət qurumu da təqlid olunub.
"DanaBot"un fəaliyyətini izləmiş başqa bir kibertədqiqat şirkəti
"CrowdStrike" bildirib ki, "'DanaBot'u tipik (kibercinayətkarlıq)
əməliyyatlarından fərqləndirən cəhət Rusiya hökumətinin onun
fəaliyyətinə dözümlü yanaşmasıdır".
"Rusiya sərhədləri daxilində fəaliyyət göstərən bu
cinayətkarları araşdırmaq və mühakimə etmək üçün kifayət qədər
imkana malik olmasına baxmayaraq, səlahiyyətli orqanların qanuni
tədbirlər gördüyünə dair heç bir ictimai sübut
yoxdur", - şirkət qeyd edib. "Bu,
kibercinayətkarların Rusiya dövlətinin məsuliyyətini inkar edərək
ancaq (hökumət üçün) Qərb ölkələrinə təzyiq göstərən proksi
qüvvələr kimi fəaliyyət göstərdiyini göstərən bir nümunədir".
İddianamə ilə birlikdə təqdim olunan FBI-nin ifadəsində bir agent
bildirib ki, hüquq-mühafizə orqanları zərərli proqramın necə
yayıldığını müşahidə etmək üçün kompüter serverlərinə həbs qoya
biliblər.
Agent həmçinin deyib ki, botun yaradıcıları zərərli proqramı test
etmək və ya təkmilləşdirmək məqsədilə öz kompüterlərini qəsdən
yoluxdurublar. Lakin bu, onların həssas məlumatlarının təsadüfən
oğurlanmasına səbəb olub və nəticədə onların müəyyən edilməsinə
kömək edib.
"Kibertəhlükə törədənlərin bəzən zərərli proqramlarla
təsadüfən özlərini yoluxdurması kibercinayətlərin risklərindən
biridir", - andlı ifadədə deyilir.
Rusiya hakimiyyətindən
yayınmaq
Açıq danışmağa icazəsi olmayan keçmiş rusiyalı hakerlərdən biri
deyib ki, "DanaBot" tənzimləməsinin kriminal və ya casusluq
variantı adətən rusiyalı kibercinayətkarlar tərəfindən Rusiya
təhlükəsizlik orqanlarının problemlərindən yayınmaq üçün istifadə
edilir.
Rusiyalı hakerlər həmçinin hökumətin nəzarətindən yayınmaq üçün
Rusiya şirkətlərini və ya qurumlarını hədəfə almaqdan
çəkinirlər.
"Bu gözləniləndir. Həm maddi motivasiyaya xidmət edən,
həm də dövləti xoşbəxt edən variant", - keçmiş haker
AzadlıqRadiosuna bildirib.
"Siz uğurlu cinayətkar
olduğunuzda və həbs olunmaq istəmədiyinizdə yollar axtarırsınız.
Bəlkə də, bir dostunuzun dostuna müraciət edirsiniz. Və beləliklə,
sizin artıq bir "krışa"nız olur". (rus dilində
"krışa" sözü "dam" və ya "qoruma" anlamına gəlir).
Rusiya təhlükəsizlik orqanlarının kriminal aktorlardan istifadə
etdiyinə dair kifayət qədər sübutlara baxmayaraq, təhlükəsizlik
orqanlarının bu praktikadan vaz keçdiyini göstərən heç bir əlamət
yoxdur.
"İşə yaradığı müddətcə bunun onlar üçün (Rusiya
təhlükəsizlik orqanları) fərqi yoxdur", - rusiyalı
keçmiş haker deyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415