“Gürcüstan üçün – Qaxaria” partiyasının icraçı katibi Berdia
Siçinava brifinqdə bildirib ki, Qiorqi Qaxaria Çorçana
məsələsi ilə bağlı 2 iyul tarixində də komissiya iclasında onlayn
iştirak etməyə hazır olduğunu bəyan edir.
“Qiorqi Qaxaria artıq bir dəfə komissiyada iştirak edib
və Çorçana məsələsindən danışıb. Bundan sonra dəfələrlə bildirib
ki, komissiyanın iclasında onlayn qaydada iştirak etməyə hazırdır.
Komissiya nizamnaməsi də bu imkanı nəzərdə tutur və ilk dəfə dəvət
olunduğu zaman bu formatı elə komissiyanın özü təklif etmişdi.
Sözde komissiya bu dəfə ilk dəfə olaraq Qaxarianın dinlənilməsindən
imtina etdi, halbuki digərlərinə bu imkanı tanıyır. Aydın olur ki,
qorxu içində olan və adekvatlığını itirmiş "Gürcü Arzusu" Çorçana
haqqında açıq danışmaqdan yayınır. Çünki aydın olar ki, kim milli
maraqlara və Gürcüstanın ərazi bütövlüyünə xəyanət edir.
Bu gün komissiyanın qəbul etdiyi qərar bir daha təsdiqləyir ki,
onlar Çorçana məsələsində Qiorqi Qaxarianın dinlənilməsini
istəmirlər. Biz isə bəyan edirik ki, 2 iyulda da Çorçana barədə
onlayn danışmağa hazırıq.
Qiorqi Qaxaria və komandamız Çorçana işi ilə fəxr edir. Bu təkcə
Qaxariaya qarşı siyasi vendetta deyil – bu, dövlətin milli
maraqlarına qarşı yönəlmiş ağır cinayətdir. Zaman keçsə belə,
xalqımıza söz veririk ki, bu istintaq komissiyasını araşdıracaq
yeni bir istintaq komissiyası yaradılacaq və nə Çorçana işi, nə də
hər hansı komissiya, yalançı şahid və ya hüquq-mühafizə orqanı bu
məsuliyyətdən yayınmayacaq”, – deyə Siçinava
bildirib.
Parlamentdə “Gürcü Arzusu”nun təşəbbüsü ilə yaradılan Tea
Tsulukianinin rəhbərlik etdiyi istintaq komissiyası Qiorqi
Qaxarianın onlayn ifadə verməsi təklifini rədd edib. Qaxaria bu
gün, 23 iyun tarixində iclasa dəvət olunmuşdu.
Müzakirələr zamanı komissiya üzvləri Qaxarianın onlayn iştirakına
ehtiyac olmadığına dair razılığa gəliblər. Qaxaria ilə bağlı
məsələnin prokurorluğa ötürülməsi təklifi də səsverməyə çıxarılıb,
lakin heç kim dəstəkləməyib.
Daha sonra qərara gəliblər ki, mümkün spekulyasiyaların qarşısını
almaq üçün Qaxariaya maksimum vaxt verilsin və 2 iyulda yenidən
komissiyaya çağırılsın.
Baş nazir İrakli Kobaxidze bu gün bəyan edib ki, elə təəssürat
yaranır ki, Qaxaria suallardan qaçır:
“O, bir neçə
həftəlik ölkəni tərk edib. Komissiyadan bu cür rüsvayçı qaçış
izahata ehtiyac duymur...”
Xatırladaq ki, 16 iyun tarixində sabiq baş nazir və “Gürcüstan üçün
– Qaxaria” partiyasının lideri Qiorqi Qaxaria parlament
komissiyasına yenidən ifadə verməyə çağırılıb. Tea Tsulukiani
bildirir ki, məsələ Çorçana postu və Qaxarianın müxalifətdə olduğu
dövrlə əlaqədardır.
Qaxaria 14 aprel tarixində istintaq komissiyasında artıq ifadə
verib və bu zaman komissiya Çorçanada postun yaradılması barədə
qərarla bağlı suallar ünvanlayıb.
Komissiyanın əsas marağı bu qərarın hansı orqanlarla
razılaşdırıldığı, Dövlət Təhlükəsizlik Xidmətinin və baş nazirin
məlumatlı olub-olmaması, prosedurların düzgünlüyü ilə bağlı
olub.
Tsulukiani iddia edir ki, postun qurulmasından sonra Gürcüstan 110
hektardan çox meşə sahəsini itirib və separatçılar bölgədə daha
öncə olmayan beş yeni post qurublar.
Qaxarianın sözlərinə görə isə, Tsulukiani yanılır. Onun dediyinə
görə, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatı olub ki,
separatçılar rusların gətirdiyi, ehtimal ki, 1922-ci ilə aid saxta
xəritəyə əsasən, Gürcüstanda 28 nöqtədə işğal xəttini dəyişmək
istəyirdilər və bu prosesi Çorçanadan başlamağı planlaşdırırdılar.
Gürcüstan isə bu planı qabaqlayıb və post quraraq xəttin
dəyişməsinin qarşısını alıb.
14 iyun tarixində məlum olub ki, prokurorluq tərəfindən aşağıdakı
maddələrlə istintaq aparılır:
- sabotaj,
- ağırlaşdırıcı hallarda sabotaj cəhdi,
- xarici təşkilatlara və onların nəzarətində olan qurumlara
düşmən fəaliyyətində yardım,
- konstitusiya quruluşuna və milli təhlükəsizliyə qarşı yönəlmiş
fəaliyyət üçün maliyyə cəlb edilməsi.
Prokurorluq bildirir ki, bu çərçivədə 2019-cu il 24 avqustda
Çorçana kəndində baş verən hadisə zamanı Qiorqi Qaxarianın
fəaliyyəti də araşdırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415