“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze siyasətçi
Zurab Çaparidzenin mübahisəli parlamentdə yaradılmış müvəqqəti
istintaq komissiyasına gəlmədiyinə görə 7 aylıq həbs cəzasına
məhkum olunmasına münasibət bildirib.
Kobaxidzenin sözlərinə görə, bu vəziyyətə Çaparidzeni “dərin
dövlət” (“deep state”) gətirib:
“Çaparidze ilə bağlı – əgər bir insan qanunu, cinayət
qanunvericiliyini pozursa, təbii ki, buna reaksiya olacaq. Burada
söhbət Tea Tsulukianidən yox, parlamentin istintaq komissiyasının
sədrindən gedir. İstintaq komissiyasının və onun sədrinin sualları
varsa, hər kəs ölkənin Konstitusiyasına hörmət göstərməyə
borcludur. Kim bu öhdəliyi yerinə yetirmirsə – həbsxanaya gedəcək.
Bu vəziyyətə bu adamları “deep state” gətirdi. Onlar öz
agentlərinin taleyi ilə maraqlanmırlar – agent həbsdə olacaq, yoxsa
azadlıqda, siyasi taleyi necə olacaq – veclərinə deyil. Əgər sən
‘deep state’in agentsənsə, bilməlisən ki, lazım gəlsə, səni qanun
və Konstitusiya pozuntusuna məcbur edəcəklər və bu səbəbdən həbsə
düşə bilərsən – bu, ‘deep state’ agentlərinin
taleyidir,” – deyə Kobaxidze bildirib.
O, bu sözləri Tbilisi meriyası tərəfindən təşkil olunmuş tədbirdən
sonra jurnalistlərin sualına cavab olaraq deyib.
“Gürcü Arzusu” son illərdə “qlobal müharibə partiyası”
adlandırdığı, daha sonra isə “deep state” kimi təqdim etdiyi
struktura dair konspirasiya nəzəriyyəsi əsasında fəaliyyət
göstərir. Hakim partiya bu quruma Gürcüstanın beşinci prezidenti
Salome Zurabişvilini, müxalif siyasətçiləri, vətəndaş cəmiyyətinin
bəzi nümayəndələrini, eləcə də Avropa Parlamentini və “Gürcü
Arzusu”nun avtoritar idarəçiliyini və xarici siyasət kursundakı
dəyişiklikləri tənqid edən istənilən siyasətçini və dövləti aid
edir.
“Gürcü Arzusu” iddia edir ki, Brüsseldən Gürcüstan hakimiyyətinə
qarşı çıxan qüvvə “deep state”dir və onun məqsədi Gürcüstanı
müharibəyə sürükləməkdir. Lakin bu qurumun mövcudluğu və planları
heç bir faktla təsdiqlənməyib. Buna baxmayaraq, hakim partiya
bildirir ki, Gürcüstan avrointeqrasiya kursundan dönməyib və Avropa
İttifaqının “ikili standartlarından” və “ədalətsiz yanaşmasından”
danışır.
Müxalif koalisiya “Dəyişiklik uğrunda”nın nümayəndəsi Zurab
Çaparidze parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyasına
gəlmədiyinə görə, Tbilisi Şəhər Məhkəməsinin hakimi Jvebe Naçkebia
tərəfindən 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm bu gün, 23
iyun tarixində elan olunub.
Əlavə olaraq, Zurab Çaparidzenin növbəti iki il ərzində dövlət
qulluğunda vəzifə tutması qadağan olunub.
Siyasətçi 22 may tarixində saxlanılıb. 7 aylıq cəza müddəti 2025-ci
il dekabrın 22-də başa çatır – bu vaxtadək artıq Gürcüstanda
bələdiyyə seçkiləri keçirilmiş olacaq.
Nə hökmün elanına, nə də əvvəlki məhkəmə iclaslarına Zurab
Çaparidze qatılmayıb. Hökm 150 nəfərlik zalda oxunub, lakin
iştirakçılar sırasında yalnız prokuror, vəkil və media
nümayəndələri olub.
Çaparidze 22 mayda hakim İrakli Şvangiradzenin qərarı ilə məhkəmə
zalında həbs olunub. Onun ödəmədiyi 20 000 lari girov cəza ilə əvəz
olunub və bu, prokurorluğun tələbini tam təmin edib.
Həmin gün məhkəmə binasında və ətrafında təhlükəsizlik tədbirləri
gücləndirilib – bir çox vətəndaş binaya buraxılmayıb, media
kameralar isə məhkəmə foyesinə salınmayıb. Bu, əvvəl məhkəmə
praktikasında görünməmişdi. Məhkəmənin ictimaiyyətlə əlaqələr
xidməti bunu xüsusi istisna halı kimi izah edib.
Zurab Çaparidzeyə qarşı iş Gürcüstan Cinayət Məcəlləsinin 349-cu
maddəsi ilə qaldırılıb. Bu maddə parlamentin müvəqqəti istintaq
komissiyasının tələbini yerinə yetirməməyə görə məsuliyyət nəzərdə
tutur.
Hakim “Gürcü Arzusu” partiyası keçmiş “Vahid Milli Hərəkat”
hakimiyyətinin dövrünü araşdırmaq üçün istintaq komissiyasını 5
fevralda yaradıb. Komissiyaya həmin partiyanın liderlərindən biri –
Tea Tsulukiani rəhbərlik edir.
“Gürcü Arzusu” “Milli Hərəkat”ı qadağan etmək istəyir – bu ifadə
ilə onlar 2024-cü il parlament seçkilərində baryeri keçmiş, lakin
hazırkı hakimiyyətin legitimliyini tanımayan əsas müxalif
partiyaları nəzərdə tutur.
Tea Tsulukianinin rəhbərlik etdiyi komissiyaya gəlmədiyinə və
müəyyən edilmiş girovu ödəmədiyinə görə dörd siyasətçi həbs olunub:
Zurab Çaparidze, İrakli Okruaşvili, Nika Melia və Nika
Qvaramia.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415