"Gürcüstanın demokratik gələcəyi, Avropanın etibarlılığı və geosiyasi bütövlüyü qıl körpü üstündə dayanır" – Zurabişvili Kallasa məktub göndərib
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili, bu gün – 15 iyul tarixində planlaşdırılan Avropa İttifaqının Xarici İşlər Şurasının iclası öncəsi Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinə, Aİ-nin vitse-prezidentinə və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasa məktub göndərib.

Zurabişvili məktubunda diqqəti Gürcüstanda yaranmış "son dərəcə narahatedici daxili siyasi və geosiyasi hadisələrə" yönləndirib və vurğulayıb ki,
bu hallar Aİ-nin namizəd ölkəsi olan bir ölkədə baş verir və buna görə də ciddi diqqət və reaksiya tələb edir.

Zurabişvili yazır ki, "demokratiyanın sürətli geriləməsi ilə yanaşı, ölkə sürətlə totalitar (demək olar avtoritar) sistemə çevrilir" və Rusiya bu ölkəni saxta seçkilərə, genişmiqyaslı təbliğata və dolayı müdaxilələrə əsaslanan yeni hibrid strategiya ilə tabe etdirməyə çalışır.






Onun sözlərinə görə, Rusiya artıq buna bənzər cəhdləri Moldova, Rumıniya, Serbiya və digər ölkələrdə edib, bu da regiona münasibətdə strateji yanaşmanın yenidən nəzərdən keçirilməsinə və Rusiyanın yeni strategiyalarına qarşı necə cavab verilməli olduğuna ehtiyac olduğunu göstərir.

Zurabişvili məktubunda “Ermənistan və Azərbaycan arasında yaranmış müsbət dinamikanı” da qeyd edir və vurğulayır ki, Rusiya bu proseslərə birbaşa təsir göstərə bilmədiyi üçün Gürcüstan hakimiyyətinə nəzarət etməklə bu prosesi ləngitməyə çalışır.

"Hakimiyyətə sahib rejim siyasi baxımdan Rusiyanın diktəsinə tabedir və Qara dəniz sahillərində, o cümlədən Anaklia limanında Çin investisiyalarına yol açır. Bu isə Avropa və Qərb investisiyaları üçün rəqabət mühiti yaradır və Rusiyanın strateji maraqlarına uyğundur", – deyə Salome Zurabişvili qeyd edir.

O əlavə edir ki, vəziyyət artıq kritik həddə çatıb:
“Əgər Aİ bu vəziyyətə aydın, birlikdə və nəticəyə yönəlmiş şəkildə reaksiya verməsə, təkcə Gürcüstan kimi strateji tərəfdaşı itirməyəcək, eyni zamanda Avropanın yaxınlığında demokratiyanın geriləməsi və Rusiyanın müdaxiləsi qarşısında susmaqla təhlükəli presedent yaradacaq."
Buna əsasən, 2025-ci il 15 iyulda keçiriləcək Aİ Xarici İşlər Şurasının iclası öncəsi, Aİ və üzv dövlətlərə təcili çağırış edir:

Zurabişvilinin məktubunda yer alan əsas çağırışlar:
• "Ölkədəki vəziyyəti – avtoritar üsulla hakimiyyətin qəsb edilməsi və Rusiyaya açıq strateji yönəlmə kimi qiymətləndirin.
• Gürcü xalqına aydın və şərtsiz dəstək verin – bu xalq Avropa bayraqları ilə əllərində zorakılığa və qorxuya qarşı çıxır. Daha zəif reaksiya – Avropa ailəsinin üzvü olmaq istəyini heç vaxt itirməmiş bu xalqı tək buraxmaq deməkdir.
• Siyasi addımları koordinasiyalı şəkildə atın – Avropa Parlamentinin qətnamələrinin tələb etdiyi kimi: aydın, yekdil və təsirli şəkildə. Bu mərhələdə hər hansı gecikmə avtoritarizm və Rusiya təsiri qarşısında təslim olmaq deməkdir.
• Strateji səbir tükənib – İndi mənəvi möhkəmlik və siyasi aydınlıq zamanıdır. Gürcüstanın demokratik gələcəyi, Avropanın etibarlılığı və geosiyasi bütövlük ip üstündə dayanır".

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas, 15 iyulda Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası başlamazdan öncə təsdiqləyib ki, Gürcüstanla vizasız rejimin dayandırılması məsələsi müzakirə olunur. Səbəb kimi ölkədə demokratiyanın ciddi şəkildə geriləməsi göstərilib.

Bu gün – 15 iyulda, Aİ xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti və "Gürcü Arzusu"nun siyasətinə cavab tədbirlərini müzakirə edəcəklər.
"Gürcü Arzusu"nun liderləri Aİ və onun liderlərinin tənqidlərini “dərin dövlətə” bağlayırlar və bildirirlər ki, “Avropa Gürcüstana nə qədər lazımdırsa, Gürcüstan da Avropaya o qədər lazımdır.”

Baş nazir İrakli Kobaxidze isə bildirib ki, “Gürcü xalqını hakimiyyətdə ‘qanlı rejimin’ nümayəndələrini geri gətirmədiyinə görə şantaj etmək – tamamilə utancverici hərəkətdir.”

Print Email
FaceBook Twitter Google