ABŞ prezidenti Donald Tramp NATO üzvlərinin Ukraynaya silah
göndərəcəyini elan etdikdən bir gün sonra bir neçə
"Patriot" raketlərinin artıq Ukraynaya yola salındığını
bildirib.
İyulun 15-də jurnalistlərə açıqlamasında prezident Tramp
"onlar Almaniyadan gətirilir" deyib.
Almaniyanın müdafiə naziri Boris Pistorius iyulun 14-də Vaşinqtonda
amerikalı həmkarı Pit Heqsetlə görüşündən sonra bildirmişdi ki,
Ukraynaya göndərilmək üçün iki "Patriot" hava hücumundan
müdafiə
sistemi hazırlanır. Onların daşınmasının xərclərini Almaniya
qarşılayacaq, lakin texniki, logistika və maliyyə məsələlərinin
detalları hələ dəqiqləşdirilməlidir.
Tramp jurnalistlərə bildirib ki, o, 14 iyul açıqlamasından bəri
Rusiya prezidenti Vladimir Putinlə danışmayıb. Həmin açıqlamaya
görə, Rusiya ilə ticarət edən ölkələrə sanksiya tətbiq olunmaması
üçün Moskvanın atəşkəs razılaşmasını qəbul etməsi ilə bağlı
Rusiyaya 50 günlük müddət verilib.
Tramp razılaşma əldə etmək üçün hər hansı danışıqların
olub-olmayacağını deməyib.
"Əgər 50 günün sonunda bir razılaşma olmazsa, bu, çox
pis olacaq", - deyə ABŞ prezidenti vurğulayıb. O,
həmçinin qeyd edib ki, razılaşma əldə etmək üçün, bəlkə də, 50 gün
lazım olmayacaq.
14 iyul
ABŞ və Almaniya Ukraynaya
'Patriot'lar verməyi müzakirə edir
ABŞ müdafiə naziri Pit Heqset və Almaniyanın müdafiə naziri Boris
Pistorius arasında iyulun 14-də Vaşinqtonda keçirilən görüşdə digər
məsələlərlə yanaşı, ABŞ silahlarının Almaniya vasitəsilə Ukraynaya
mümkün tədarükü də müzakirə olunub. Bu müzakirələr elə həmin gün
ABŞ prezidenti Trampın Avropa müttəfiqlərinə Ukraynaya göndərmək
üçün iri həcmdə silah satmağa hazır olduğunu bəyan etməsi fonunda
baş verib.
Pistorius təsdiqləyib ki, "Patriot" hava hücumundan müdafiə
sistemlərinin tədarükü də müzakirə olunub. Almaniyanın müdafiə
nazirinin sözlərinə görə, Vaşinqton və Berlin bu məsələ ilə bağlı
qərarı artıq "bir neçə gün və ya həftə ərzində" qəbul edə bilərlər.
Almaniyalı nazir vurğulayıb ki, detalların razılaşdırılması üçün
danışıqlar davam etdiriləcək. Pistorius həmçinin əlavə edib ki, o
və amerikalı həmkarı Heqset silahların miqdarı barədə məlumat
verməmək barədə razılaşıblar.
"Bloomberg"in məlumatına görə, söhbət hər birində 4-dən 8-ə qədər
buraxılış qurğusu olan iki "Patriot" kompleksindən gedə bilər.
Media bu sistemlərin alışı ilə bağlı danışıqların iyulun əvvəlində
aparıldığını yazmışdı.
Pistoriusun sözlərinə görə, ilk "Patriot" dəsti bir neçə ay ərzində
Ukraynaya göndərilə bilər.
ABŞ prezidenti bir gün əvvəl bildirib ki, Ukraynaya hava hücumundan
müdafiə sistemlərinin tədarükündə digər ölkələr də iştirak edə
bilər. Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl onlardan
ikisinin - Almaniya və Norveçin adını çəkib.
Daha əvvəl Almaniya artıq üç "Patriot" qurğusunu Ukraynaya
göndərib.
Tramp Ukraynaya silah
verir, lakin va-banka getmir
Bazar ertəsi, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Vladimir
Putinin atəşkəslə bağlı danışıqlardan imtina etməsindən məyus
olduğunu bildirib və Ukraynaya yeni silahların, o cümlədən
"Patriot" hava hücumundan müdafiə sistemlərinin çatdırılacağını
bildirib. Tramp həmçinin 50 gün ərzində sülh razılaşması əldə
olunmasa, əlavə sanksiyalarla hədələyib.
Demokratiyaları Müdafiə Fondunun Rusiya üzrə proqramının direktor
müavini Con Hardi deyib ki, Trampın bəyanatı onun Ukrayna
məsələsində "doğru istiqamətdə" irəlilədiyini göstərir. Lakin o,
Putinə daha çox vaxt verməyin nə üçün lazım olduğunu sual edib.
"Putin artıq çox aydın şəkildə göstərib ki, onun
hazırda ciddi danışıqlar aparmaq niyyəti yoxdur, ona görə də mən
Trampın sanksiyalarla bağlı niyə hələ də gözlədiyini
bilmirəm", - Hardi AzadlıqRadiosuna bildirib.
Bununla belə, aydındır ki, Trampın son bəyanatı yanvarda vəzifəyə
gəldikdən sonra onun çətin vəziyyətdə olan Ukraynaya ən böyük
dəstək nümayişidir.
Rusiya rəsmiləri Trampın şərhlərinə əhəmiyyət verməyib.
"50 gün ərzində döyüş meydanında və Qərb hökumətlərini
dəstəkləyən ictimai rəy sorğularında çox şey baş verə bilər. Əsas
məsələ odur ki, bu, bizim əhvalımıza heç bir təsir
etmir", - Rusiya Federasiya Şurasının sədr müavini
Konstantin Kosaçev "Telegram" hesabındakı paylaşımında
bildirib.
Trampın şərhlərindən sonra Rusiyanın əsas fond bazarı indeksi olan
MICEX 2.7 faiz artıb ki, bu da rusiyalı investorların Ağ evdən daha
sərt addımlar gözlədiyinə işarədir.
"Diqqətçəkən
dəyişiklik"
Beynəlxalq Münasibətlər Şurasının əməkdaşı Çarlz Kupçan deyib ki,
Trampın Rusiya və Ukrayna mövqeyindəki dəyişiklik "olduqca
diqqətçəkicidir".
"Son bir neçə ayda siz Trampın Putinə qarşı getdikcə
daha sərt mövqeyə keçməsini müşahidə etmisiz. Düşünürəm ki, bugünkü
bəyanat mümkün olduğu qədər irəli getməsə də, burada konkret bir
irəliləyiş var", - Kupçan AzadlıqRadiosuna
bildirib.
Keçmiş ABŞ diplomatı və RAND Korporasiyasının analitiki Bill Kortni
isə deyib ki, Tramp müharibəni bitirmək üçün çox səy göstərib və
Putinin onun təşəbbüsünü rədd etməsi administrasiya üçün "olduqca
utancverici" olub. Lakin o əlavə edib ki, Putin artıq "həddini
aşıb" və bununla da Trampı özünə qarşı çevirib.
Sanksiyalar və
tariflər
Tramp bildirib ki, əgər Rusiya 50 gün ərzində, sentyabrın əvvəlinə
qədər atəşkəsə razılaşmasa, o, "ikinci dərəcəli" tariflər tətbiq
edəcək. Trampın bu şərhi qeyri-müəyyən olub və çaşqınlıq
yaradıb.
ABŞ prezidenti tariflərin hansı ölkələrə tətbiq olunacağını
deməyib. Konqresdə müzakirədə olan Rusiya sanksiyaları qanun
layihəsində eyni termin istifadə olunur və Rusiya nefti alan
ölkələri də hədəf alır. Neft ixracatı Rusiyanın federal büdcə
gəlirlərinin təxminən üçdə birini təşkil edir.
Çin, Hindistan və Türkiyə Rusiyanın əsas neft alıcılarıdır. Türkiyə
NATO üzvüdür, Hindistan isə ABŞ, Avstraliya və Yaponiyanın da daxil
olduğu diplomatik tərəfdaşlıq təşkilatının - QUAD-ın üzvüdür.
"Hindistana təzyiq göstərmək asan olmayacaq, çünki o,
QUAD-da ABŞ-nin tərəfdaşıdır, Çin isə nadir torpaq elementləri kimi
bəzi sahələrdə ABŞ üzərində təsir gücünə malikdir", –
Kortni AzadlıqRadiosuna bildirib.
Daha sonra CNN Ağ evin adı açıqlanmayan rəsmisinə istinadən xəbər
verib ki, Tramp "ikinci dərəcəli tariflər" deyərkən Rusiyaya 100
faiz tarifləri və Rusiya neftini alan digər ölkələrə ikinci
dərəcəli sanksiyaları nəzərdə tutur. İkinci dərəcəli sanksiyalar
güclü vasitədir və Çin, Hindistan, Türkiyədəki maliyyə
institutlarını və digər qurumları Rusiya ilə iş görməkdən çəkinməyə
məcbur edə bilər.
Mütəxəssislər bildirir ki, yeni sanksiyalar tətbiq olunsa belə,
onların icrası gücləndirilmədiyi təqdirdə təsiri az olacaq.
"Düşünürəm ki, Rusiya sanksiyalarının icrası
məsələsində siyasi iradə yetərli deyil - bu, bəlkə də, Çinlə bağlı
ixrac nəzarəti və ya hətta İrana qarşı sanksiyalarla bağlı gündəmlə
müqayisədə fərqlidir", - Yeni Amerika Strategiyası
Mərkəzinin analitiki Reyçel Zimba ötən həftə AzadlıqRadiosuna
bildirib.
Vaşinqtondakı Atlantik Şurasının sanksiyalar üzrə eksperti Kimberli
Donovan isə deyib ki, ABŞ Rusiyanı danışıqlar masasına oturtmaq
istəyirsə, Rusiyanın neft sənayesinə qarşı daha sərt
davranmalıdır.
"Düşünürəm ki, biz Putinə təzyiq vasitəsi olaraq,
İranla etdiyimiz kimi, Rusiya neftinə sanksiya tətbiq etmək üçün
addımlar atmalıyıq", - o deyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415