"Gürcü Arzusu"nun deputatı Avropa İttifaqından alınan məktub və onların qırmızı xətləri barədə danışır

"Gürcü Arzusu" hökuməti Avropa İttifaqından vizasız gediş-gəlişin qorunması şərtlərinə dair məktub alıb.



“Gürcü Arzusu” partiyasının Parlamentdə Avropa inteqrasiyası komitəsinin sədri Levan Maxaşvilinin bildirdiyinə görə, məktubun məzmunu vizasız rejimə dair yeddinci hesabatın tövsiyələri ilə 95% uyğunluq təşkil edir.

“İllər boyu Avropa Komissiyası ilə işgüzar və konstruktiv rejimdə əməkdaşlıq etmişik ki, vizasız rejimə heç bir problem yaranmasın. Dünən Kaya Kallasın istinad etdiyi məktub – bu, Avropa Komissiyasının vizasız rejimin icrasına dair yeddinci hesabatıdır və ötən ilin dekabrında dərc olunub. Praktik olaraq, 95%-i həmin hesabatla eynidir. Yəni tövsiyələrin 95%-i tamamilə eynidir. Buna görə də özümə icazə verirəm ki, bəzi məsələləri ictimaiyyətə açıqlayım. Çünki
Kaya Kallas yalnız bir məsələyə istinad etdi, mən də seçmə şəkildə bir neçəsinə toxunacağam və qoy ictimaiyyət qiymət versin – Aİ-nin yanaşmaları və tövsiyələri nə dərəcədə ədalətlidir,”
– deyə Levan Maxaşvili bildirib.

Onun sözlərinə görə, həm vizasız rejimə dair yeddinci hesabatda, həm də yeni məktubda bir neçə qanunun ləğvi tələb olunur. Konkret olaraq, xarici təsirin şəffaflığı, ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsinə dair qanunların ləğvi tələb edilir. Həmçinin, insan hüquqları üzrə milli strategiyanın və fəaliyyət planının LGBT şəxslərin hüquqları tam qorunacaq şəkildə dəyişdirilməsi istənilir.

“Bu, Aİ-nin bizə təklif etdiyi məsələlərdən biridir. Cəmiyyət nə ilə üz-üzə olduğunu bilməlidir. Avropa Komissiyası ilə işi davam etdirəcəyik, necə ki, əvvəlki altı hesabat üzrə də çalışmışıq. Bu, bir iş prosesidir. Miqrasiya nəzarəti, sığınacaq məsələləri, korrupsiya ilə mübarizə və sair mövzularda da əməkdaşlığa hazırıq,” – deyə o əlavə edib.

Onun fikrincə, vizasız rejimin dayandırılması təhlükəsi yoxdur.

“Bu məktubu araşdıracağıq, analiz edəcəyik, nə edilə biləcəyini görəcəyik. Məsələn, DİN, Ədliyyə Nazirliyi və digər qurumlar tərəfindən əlavə olaraq hansı tədbirlər görülə bilər ki, Aİ-nin heç bir üzv dövləti vizasız rejimin sui-istifadə olunduğunu hiss etməsin. Bu, işçi sənəddir və görəcəyik, hansı qanunun ləğvi mümkündür, hansının isə yox. Amma bir məsələni də deyim: Aİ Gürcüstandan müəyyən qanunların ləğvini tələb edəndə – məktubda konkret tarix göstərilməyib, şifahi olaraq 31 avqust deyilib. Qeyd edim ki, parlament rəsmi olaraq 2 sentyabrdan fəaliyyətə başlayır. Bu səbəbdən, əgər belə bir iradə olsa belə, həmin tarixə qədər qanunların ləğvi fiziki olaraq mümkün deyil. Baxıb qiymətləndirəcəyik ki, nəyi etmək mümkündür, nəyi isə yox. Amma dərhal deyə bilərəm ki, bir neçə qırmızı xətt var – o cümlədən ailə dəyərləri məsələsi və hakimiyyətin əsaslandığı, seçki kampaniyasında vəd verdiyi konservativ siyasi ideologiya və yanaşmalarla bağlı,” – deyə Levan Maxaşvili vurğulayıb.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google