Məhkəmə həkim Qiorqi Axobadze haqqında bəraət hökmü çıxarıb

Bu gün, 6 avqustda, hakim Romeo Tkeşelaşvili narkotik cinayətində ittiham olunan həkim,

vicdan məhbusu Qiorqi Axobadzeyə bəraət verib və onu məhkəmə zalından azad edib.

Rejim Qiorqi Axobadzeyə xüsusilə böyük miqdarda narkotik maddə alma və saxlama ittihamını irəli sürmüşdü. Ona təqdim olunan ittiham 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tuturdu. Hökm 22
iyuldan bəri gözlənilirdi. Lakin hakim əvvəlcə hökmün elanını 25 iyula, sonra 28 iyula keçirtdi, daha sonra isə "müşavirə üçün getdi" bəhanəsi ilə 28 iyulu ləğv etdi və qərarı müəyyən edilməmiş tarixə təxirə saldı.

5 avqustda məhkəmə vəkilə bildirdi ki, Axobadzeyə hökm 6 avqustda oxunacaq – bu, Batumi şəhər məhkəməsində Netgazeti və Batumelebinin təsisçisi Mzia Amağlobeliyə hökm oxunmasından cəmi iki saat sonra oldu.

Qiorqi Axobadze "Gürcü arzusu" partiyasına qarşı etiraz hərəkatında, xüsusilə də "rus qanunu"nun təşəbbüsündən sonra fəal iştirak etməyə başlamışdı. O, 22 iyulda məhkəmədə ifadə verərkən demişdi:

"Bundan əvvəl mənim fəallığım rejimi bir ağcaqanad dişləməsi qədər də narahat etmirdi. Amma ‘rus qanunu’ təşəbbüsündən sonra bu dəyişdi və mənə qarşı maraq artdı."
Bundan sonra o, sosial şəbəkələrdə böyük auditoriya qazandı. Əlinə keçən məlumatları və rejimə qarşı mübarizə və müdafiə yolları ilə bağlı tövsiyələrini paylaşırdı.

İfadəsində və son sözündə Qiorqi Axobadze bildirmişdi ki, müəyyən müddət əvvəl artıq onun həbs olunacağına əmin idi – ya silah, ya da narkotik maddə onun üzərinə atılacaqdı. O, bu barədə sosial şəbəkələrdə video müraciətlər də yayımlamışdı. Onun müşahidəsinə görə, rejim və onun "dişliləri" bu süni ittiham üçün aylarla sosial şəbəkədəki şərhlərlə zəmin hazırlayırdı.

Qiorqi, belindəki travma və hərəkət məhdudiyyəti səbəbilə aksiyaların ən təhlükəli hissələrindən uzaq dururdu. Eyni zamanda, insult keçirmiş anasına baxırdı, hansı ki, onun həbsindən bir ay sonra vəfat edib.

"Mənim anam baxıma möhtac idi. Əgər məni də baxıma möhtac etsəydilər, buna imkanım yox idi" – deyə Axobadze ifadəsində bildirmişdi.

7 dekabr gecəsi, Rustavelidə etirazçılar arasında yemək və su payladıqdan sonra dostu Levan Beridze ilə birlikdə Rustavelidən öz maşını ilə ayrılır. Artıq gecə saatlarında — 8 dekabr olurdu. Qəhrəmanlar meydanının estakadasında əvvəlcə Levanı Tsereteli prospektinə aparmaq, sonra isə evinə, Kazbeqi prospektinə getmək qərarına gəlir. Kəskin şəkildə dönərkən patrul maşını onu izləməyə başlayır. Düşünür ki, bəlkə dönərkən qayda pozub, buna görə saxlayırlar.

Əslində isə bu, narkotik maddələrin "tapılması" əməliyyatı idi. Aylar sonra o öyrəndi ki, həmin əməliyyata rəhbərlik edən şəxs – əvvəllər tanımadığı biri – daxili işlər idarəsinin rəhbəri Qiorqi Qureşidze imiş. Məhkəmədə onun adını çəkdi. Amma prokurorluq və onun şahidləri israr edirdi ki, Qureşidze həmin gecə sahildə ümumiyyətlə olmayıb.

Prokurorluğun versiyasına görə isə, 7 dekabr saat 21:00-da detektiv Qiorgi Xarqelia artıq anonim mənbədən məlumat almış və yazılı əmri hazırlamışdı ki, Qiorqi Axobadze və onun naməlum müşayiətçisi müəyyən vaxtda və yerdə narkotik maddələrlə dolu şəkildə keçəcək. Halbuki Qiorqi özü də etiraf edir ki, həmin qərarı saatlarla sonra verəcəkdi.

Axobadzeyə görə, 10-dan çox polis onu şəxsən saxlayıb və axtarış edib. Lakin prokurorluq iddia edir ki, cəmi 3 polis onu axtarıb və tutub, digərləri isə dostu Levan Beridzeni. Buna görə də axtarışın video qeydi və ya neytral şahid tapılmayıb. Halbuki Gürcüstan Konstitusiya Məhkəməsi belə hallarda neytral dəlilin təmin edilməsini məcburi sayır.

Axobadzeyə qarşı yeganə “sübut” – onu tutan polis əməkdaşlarının ifadələridir, hansıları ki, Qiorqi bir-bir məhkəmədə yalançı şahid kimi ifşa edib. Digər sübut – ekspertiza nəticəsidir, hansı ki, tapılan narkotik paketlərdə onun DNT izləri olduğu bildirilir.

Lakin Qiorqi və vəkilləri üçün bu, əvvəldən şübhəli və qəribə idi. Qiorqi dərhal demişdi ki, polis Qriqol Kaçkaçişvili lateks əlcəklə onun tüpürcək vəzilərinə toxunmuş və bu yolla onun bioloji materialını alaraq əvvəlcədən hazırlanmış narkotiklərə ötürmüşdür. Vəkilləri – Laşa Tsutsqiridze və Mariam Madzğaraşvili tərəfindən Samxarauli Ekspertiza Bürosunda aparılan analizlər göstərdi ki, maddələr üzərində aşkarlanan bioloji iz tüpürcək idi.

Prokurorluğun təyin etdiyi ekspertiza isə yalnız silinti götürməklə DNT testi keçirmişdi – bu da Qiorqiyə qarşı irəli sürülən maddələrin üzərində barmaq izlərinin yoxlanmasına imkan verməmişdi. Əgər bu yoxlanış aparılsaydı, Qiorqiyə toxunmayan bu maddələrdə onun barmaq izi olmadığı sübut olunacaqdı.

İstintaq və prokurorluq Qiorqiyə 10 dekabrda – vəkillərlə razılaşdırıldıqdan sonra – saç və dırnaq analizli narkotest keçirmək təklifini də nəzərə almamışdı. Halbuki bu üsulla hətta aylarla öncə narkotik qəbul edilib-edilmədiyini də aşkar etmək mümkündür.

 

Print Email
FaceBook Twitter Google