Ermənistanlı yük maşını sürücüləri Rusiyadan deportasiya riski ilə üzləşib
Ermənistandan onlarla yük maşını sürücüsü Rusiyadan deportasiya oluna, yaxud onlara səyahət qadağası qoyula bilər. Bu, Moskvanın immiqrasiya qanunlarını sərtləşdirməsi ilə bağlıdır.

Rusiyaya viza tələbi olmayan ölkələrin vətəndaşları bu yaxınlaradək Rusiyada ildə 180 günə qədər qala bilirdilər. Ötən il Rusiya hökuməti bu müddəti 90 günə endirib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu dəyişiklik Rusiyaya kənd təsərrüfatı məhsulları
və digər mallar daşıyan yük maşını sürücülərinə təsir edib. Axı Rusiya Ermənistan üçün əsas ixrac bazarıdır. Xeyli sayda sürücü hər ay bu böyük ölkəyə səfər edir, hər səfərdə də bir neçə gününü orada keçirir.

Bəzi sürücülər oktyabrın 6-da “Azatutyun”a deyiblər ki, artıq 90 günlük müddət bitdiyindən Rusiyada "qara siyahı"ya salınıblar. Rusiya polisi məhkəmə icazəsi olmadan onları deportasiya edə, üç il müddətinə ölkəyə giriş qadağasını qoya bilər.

"Hökumətimiz bizə (bu dəyişiklik barədə) xəbərdarlıq etməyib. Rusiyaya gedəndə bunu bilmirdik. Buna görə də indi işimizi itiririk", - bir sürücü deyib.

O, Rusiyanın cənubundakı Vladiqafqaz şəhərindən telefonla danışıb, deyib ki, yerli immiqrasiya mərkəzində 20-30 erməni sürücüsü görüb.

"Yük maşını sürücülərinin 90 faizi, ehtimal ki, bu limiti bitirib və qara siyahıya salınıblar", - bunu başqa bir sürücü bildirib.

"Rusiyaya qayıda biləcəyimizi bilmirik. Buraya miqrant kimi işləməyə gəlmirik. Sadəcə, girib çıxırıq. Bizim kimiləri üçün nəsə yaxşı bir şey etməlidirlər", – onun həmkarı gileylənib.

Ermənistan hökuməti məsələyə dərhal şərh verməyib. Bu məsələnin Moskva qarşısında qaldırılıb-qaldırılmadığı bəlli deyil. Hökumətin Miqrasiya Xidmətinə görə, keçən il Rusiya 1 min 100 ermənini deportasiya edib.

2025-ci ilin yanvar-avqust aylarında Ermənistanın 5 milyard dollarlıq ixracatının 37 faizini Rusiya təşkil edib. Kənd təsərrüfatı məhsulları, hazır yeməklər və spirtli içkilərin Ermənistandan ixracından ötrü Rusiya bazarı çox vacib sayılır.

Avqustun sonu və sentyabrın əvvəlində Rusiya hüquq-mühafizə orqanları Ermənistanın "Spayka" aparıcı qida şirkətinə məxsus 100-dən çox ağır yük maşınını saxlayıb. "Azatutyun" bunun səbəbinin hələ də qeyri-müəyyən qaldığını yazır. Nəticədə minlərlə erməni fermeri üçün həyati vacib şirkətin fəaliyyəti pozulub.

Belə bir dönəmdə Moskva Ermənistan hökumətinə xəbərdarlıq edib ki, Avropa İttifaqına (Aİ) qoşulmaq istəyi ciddi iqtisadi nəticələrə yol açacaq. Aİ 2025-ci ilin yanvar-avqustunda Ermənistanın ixracatının yalnız 1 faizini təşkil edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google