“Qazın verilişini dayandırmağa məcbur olduq” –SOCAR Qızılhacılıda baş vermiş vəziyyətlə bağlı bəyanat yayımlayıb

“SOCAR Gas Export-Import” MMC “Mamedqaz” şirkətinin rəhbəri Nəriman Allahverdiyevin bəyanatlarına cavab verib.


Şirkət bildirir ki, sosial qaz tariflərinin müəyyən edilməsi onların səlahiyyətinə aid deyil.

İyunun 9-dan etibarən Marneuli bələdiyyəsinin Qızılhacılı kəndinə təbii qazın verilişi dayandırılıb. “Mamedqaz”ın rəhbəri Nəriman Allahverdiyev “Marneuli” radiosuna müsahibəsində qazın kəsilməsinə səbəb kimi “SOCAR”la aralarında olan mübahisəni göstərdi.

“SOCAR” isə bu ittihamları
rədd edir. Şirkətin bəyanatında qeyd olunur ki, onlar 2020-ci ilin fevral ayından bəri Qızılhacılı kəndində əhalinin qaz təchizatını təmin etmək məqsədilə “Mamed” şirkətinə təbii qaz tədarük ediblər və sosial qazın verilişi hər zaman səlahiyyətli dövlət orqanı tərəfindən müəyyən edilmiş tariflə həyata keçirilib.

SOCAR-ın məlumatına görə, 2020-ci ildən bu günə qədər “Mamed” üçün sosial qazın qiyməti dörd dəfə dəyişib, lakin müəyyən dövrlərdə şirkət yeni tarifləri tanımaqdan imtina edərək ödənişləri 2020-ci ildə qüvvədə olan qiymətlərlə aparıb. Şirkətin qiymətləndirməsinə görə, məhz bunun nəticəsində borc yaranıb və bu səbəbdən də “Mamed”ə təbii qazın verilişi dayandırılıb.

“Tədarük olunan qazın pulunun ödənilməməsi səbəbindən “Mamed” şirkətinin böyük məbləğdə borcu yaranıb. Xüsusilə vurğulamaq istərdik ki, “Mamed” şirkəti tərəfindən bizə qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır. Şirkətimizin fəaliyyəti hər zaman qanunvericiliyə, yerinə yetirilməsi məcburi olan bütün dövlət tənzimləmələrinə və normativ aktlara ciddi şəkildə riayət edilməsinə əsaslanıb. Bir daha qeyd edirik ki, SOCAR sosial qazın tariflərini müəyyən etmir. Biz yalnız səlahiyyətli orqan tərəfindən hazırlanan və təsdiq edilən sosial təyinatlı qazın alqı-satqı tariflərinə ciddi şəkildə əməl edirik. Biz tərəfdən “Mamed” şirkətinə hüquqi çərçivəyə qayıtmaq və bazarın sosial seqmenti üçün müəyyən edilmiş qaydalara uyğun işləmək barədə dəfələrlə çağırışlar edilsə də, bu, nəticəsiz qalıb. Bu səbəbdən, münasibətlərimiz tam tənzimlənənə qədər radikal addımlar atmağa və “Mamed” şirkətinə qazın verilişini dayandırmağa məcbur olduq”, — şirkətin bəyanatında bildirilir.

SOCAR-dan həmçinin bəyan ediblər ki, “Mamed”ə fəaliyyətini sosial sektor üçün müəyyən edilmiş qaydalara uyğun qurmaq barədə dəfələrlə xəbərdarlıq edilib, lakin heç bir nəticə vermədikdən sonra şirkət münasibətlər tam qaydasına düşənə qədər qaz təchizatını dayandırmaq qərarına gəlib.

Məsələ ilə bağlı Gürcüstan Milli Energetika və Su Təchizatı Tənzimləmə Komissiyası da şərh bildirdi. Komissiyadan bildirdilər ki, Qızılhacılı kəndində təbii qazın kəsilməsi faktı hazırda araşdırılır. Komissiyanın izahatına görə, “Mamed”in sosial qazın alış qiymətinə görə yığılmış borcu var, istehlakçılardan isə SEMEK tərəfindən müəyyən edilmiş 47 tetrilik tarifdən daha yüksək, 57 tetri tarif tətbiq etməklə pul yığır. Bu səbəbdən aidiyyatı istintaq orqanları tərəfindən tədqiqat aparılır.

SOCAR-ın bəyanatında o da qeyd olunur ki, “Mamed”lə hazırda hər hansı bir məhkəmə işi yoxdur və şirkət yaranmış vəziyyətin tərəflər arasında razılıq yolu ilə həll olunacağına ümid bəsləyir.

Qeyd edək ki, "Marneuli" radiosu məsələ ilə maraqlanıb məqalə hazırladıqdan sonra yerli özünüidarə da bəyanat yayımladı və Qızılhacılı əhalisi ilə görüş keçirdi.


 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google