İlin ilk çərşənbəsi - "Su çərşənbəsi"
Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə su, od, yel, torpaqla bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara “boz ayın çərşənbələri” də deyirlər.
Bu çərşənbələrdən birincisi su çərşənbəsidir hanıki, su çərşənbəsinin ilk olması təsadüf deyil.

İlk çərşənbə ərəfəsində hamı evini, həyətlərini səliqə-səhman salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.

Hər çərşənbənin özünə məxsus yeməyi var. Su çərşənbəsində də süfrə açılar və xonça qurular. Xonçaya quru meyvələr, ləbləbi, kişmiş, qoz-fındıq, qovurğa qoyular və rəngli şamlar düzülər. Həmin gecə mütləq bulaqdan, quyudan, piyada pak və təmiz su gətirilməlidir. Bu da su çərşənbəsinə xas olan adətdir. Su çərşənbəsində yaşlı nənə, babalar da unudulmur və onlar üçün xüsusi təamlar hazırlanır. Qovurğadan qovut çəkərək üstünə bəhməz və bal tökülərək nənə, babalara təqdim olunar.

Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Bununla da insanlar su ilə ünsiyyətdə olub, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.

Su çərşənbəsi həm də “əzəl çərşənbə” adlanır. Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sırasına daxildir. Su çərşənbəsi günü hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inancına görə, su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Qədim türklərin inancına görə, Tanrı insanı məhz çərşənbə axşamı yaradıb. Əvvəlcə su götürülüb, su ilə torpaq külək tərəfindən qarışdırılıb, insan şəklinə salınıb, günəşin altında qurudulub, dördüncü çərşənbədə - ilin axır çərşənbəsində isə ona nəfəs verilib. Beləliklə, dünyaya insan gəlib.
Hesablamalara görə, bütün bu hadisələr çox müqəddəs bir vaxta, gecə ilə gündüzün bərabərləşdiyi günə təsadüf edib. Bundan sonra isə insan üçün yeni həyat, yeni il başlanıb. Çərşənbələrdə, eləcə də Novruz bayramında həyata keçirilən müxtəlif adətlər də başlanğıcını məhz insanın yaranışı ilə bağlı qədim ayinlərdən götürüb. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

Məsələn, inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır;
Su içən adamı qəfil vurmazlar;
Su içən adamı ilan çalmaz;
Lal axan sudan keçməzlər və sairə.

Su çərşənbəsi də odsuz-ocaqsız olmaz. Çünki su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Hər kəs öz darvazasının önündə, həyətində xırda tonqallar qalayar, yumurta döyüşdürər.

Ancaq ilk çərşənbəmiz olan su çərşənbəsi 26 fevral Xocalı soyqırımı faciəsi gününə təsadüf edir. Ona görə də bu günün elə də təmtəraqla qeyd ediləcəyi gözlənilmir. Buna baxmayaraq, əziz oxucular, elimizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan su çərşənbəniz mübarək olsun!

Qeyd edək ki, 2019-ci ildə fevralın 26-da ilk çərşənbə – Su, martın 5-da Od, martın 12-də Hava (Yel), martın 19-də isə sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

Print Email
FaceBook Twitter Google