Azərbaycanın Şamaxı şəhərində "Nəsimi 650" Diaspora Gənclərinin II Yay Düşərgəsinin açılış mərasimi keçirilib - Foto
9 iyul tarixində Azərbaycanın Şamaxı şəhərində Gürcüstanda yaşayan Azərbaycanlıların da qatıldığı "Nəsimi 650" Diaspora Gənclərinin II Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimi Şamaxı şəhər Mədəniyyət Mərkəzində baş tutdu.

Yay düşərgəsində dünyanın 48 ölkəsindən 115 nəfər iştirakçı qatılıb.
Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun, Azərbaycan Diasporuna Dəstək Fondunun, Prezident Administrasiyası İctimai-Siyasi Məsələlər Şöbəsinin, Şamaxı şəhər icra hakimiyyətinin nümayəndələri və başqa qonaqlar iştirak edirdilər. Tədbirdə çıxış edənlər dövlətin diaspor siyasətində bu layihənin yeri və eyni zamanda layihənin hədəfləri barədə ətraflı məlumat verdilər.



Qeyd edildi ki, 2019-cu ilin ölkədə “Nəsimi ili” olmasını nəzərə alaraq, dahi Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan layihədə məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platformada birləşdirmək və Azərbaycanla daha yaxından tanış etməkdir.
Düşərgə çərçivəsində Azərbaycanın tarixi və memarlıq abidələrini ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri, əyləncəli-maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.



Açılış mərasimi daha sonra bədii hissə ilə davam etdi. Musiqili proqramda milli musiqilər, estrada mahnıları ifa edildi, Nəsiminin şeirləri əyləncəli formada təqdim olundu.

Qeyd edək ki, Yay Düşərgəsi iyulun 8-də başlayıb və 14 iyulda başa çatacaq.
Xatırladaq ki, ilk dəfə I Yay Düşərgəsi 2018-ci ildə baş tutmuşdu.

Print Email
FaceBook Twitter Google