Siz
introvertsiz? O zaman özünüzdə güc tapıb ekstravert kimi görünməyə
çalışın - ola bilsin, bu sizi daha xoşbəxt edə bilər. Kaliforniya
Universitetinin alimləri genişmiqyaslı araşdırmadan sonra bu
nəticəyə gəliblər.
123 könüllünün qatıldığı eksperimentdə alimlər iştirakçılardan
xahiş ediblər ki, iradə göstərərək bir həftə ərzində ənənəvi
ünsiyyət tələbatlarından kənara çıxsınlar - tanımadıqları şəxslərlə
birinci özləri söhbətə başlasınlar, daha aktiv sosial həyat
yaşasınlar və ümumən ekstravertlər kimi davransınlar.
Sonrakı həftəni isə onlar introvertər kimi keçirməliydilər: daha
çox susmalı və ünsiyyət üçün heç bir əlavə təşəbbüs
göstərməməliydilər.
Əvvəllər də oxşar eksperimentlər keçirilmişdi, amma onlar
daha qısa zaman kəsiyini əhatə etmişdi.
Kaliforniya Universitetinin professoru, xoşbəxtlik psixologiyası
haqqında bir neçə kitabın müəllifi, Moskva doğumlu Sonya
Lyubomirski yalançı ekstraversiyanın həyat keyfiyyətini uzun müddət
ərzində yaxşılaşdırmaqda insanlara kömək edib-etməyəcəyini yoxlamaq
qərarına gəlib.
"Araşdırmanın nəticələri göstərir ki, insanların çoxu
ənənəvi davranış normalarını dəyişə bilirlər və ekstraversiv
davranış həm ovqatı, həm də komfort hissini xeyli dərəcədə artırır"
- professor Lyubomirski belə deyir.
"Güclü effekt"
Ekstravert olmaq Amerika mədəniyyətində yaxşı qarşılandığı üçün və
cəmiyyət bunu müsbət qiymələndirildiyinə görə; introversiya isə
əksinə, uğursuzluqla, qapalılıqla və təcrid olunmaqla assosiasiya
edildiyi üçün araşdırmaçılar bu iki davranış növüylə bağlı
eksperimentin əvvəlində nisbətən neytral və diplomatik ifadələrdən
istifadə etməli olublar.
Ekstravertlər "danışqan", "israrçı" və "səmimi", introvertlərsə
"ehtiyatlı", "sakit" və "təmkinli" olaraq tərif edilib.
Birində introvert, digərində ekstravert kimi davranacaq şəxslərdən
formalaşdırılmış qruplara elan olunub ki, əvvəlki eksperimentlər
hər iki davranış növünün təhsildəki uğurlara müsbət təsir etdiyini
üzə çıxarıb.
Sonra iştirakçılara bir həftə ərzində bacardıqları qədər danışqan,
israrçı və səmimi (və ya ehtiyatlı, sakit və təmkinli) olmaq təklif
edilib.
Bir həftə ərzində təşkilatçılar onların poçtuna 3 dəfə məktub
göndərib tapşırılmış vəzifələri xatırladıblar. Yeddi gün sonra
qruplara tamam əks tapşırıqlar verilib və eksperiment daha bir
həftə davam etdirilib.
Nəticədə hər iki qrupun üzvləri bildiriblər ki, "ekstraversiv
həftədə" ovqatları yaxşı olub, həyat keyfiyyətləri yüksəlib;
"introversiv həftədə" isə əksinə, ümumi vəziyyətləri pisləşib.
Maraqlıdır ki, "zorən ekstravertlər" onlar üçün təbbi olmayan
davranış zamanı hər hansı diskomfort və ya psixoloji çətinlik
barədə məlumat verməyiblər.
"Öz davranışını manipulyasiya etmək və daha çox ekstraversiyaya can
atmaq insanın ovqatını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Belə
manipulyasiyaları bir həftə boyu davam etdirmək bizim
düşündüyümüzdən daha asan imiş. Bunun effekti isə təəəcüblü
dərəcədə güclü ola bilir," - professor Lyubomirski belə deyir