İntrovertləri necə xoşbəxt etməli?
Siz introvertsiz? O zaman özünüzdə güc tapıb ekstravert kimi görünməyə çalışın - ola bilsin, bu sizi daha xoşbəxt edə bilər. Kaliforniya Universitetinin alimləri genişmiqyaslı araşdırmadan sonra bu nəticəyə gəliblər.

123 könüllünün qatıldığı eksperimentdə alimlər iştirakçılardan xahiş ediblər ki, iradə göstərərək bir həftə ərzində ənənəvi ünsiyyət tələbatlarından kənara çıxsınlar - tanımadıqları şəxslərlə birinci özləri söhbətə başlasınlar, daha aktiv sosial həyat yaşasınlar və ümumən ekstravertlər kimi davransınlar.

Sonrakı həftəni isə onlar introvertər kimi keçirməliydilər: daha çox susmalı və ünsiyyət üçün heç bir əlavə təşəbbüs göstərməməliydilər.

Əvvəllər də oxşar eksperimentlər keçirilmişdi, amma onlar daha qısa zaman kəsiyini əhatə etmişdi.

Kaliforniya Universitetinin professoru, xoşbəxtlik psixologiyası haqqında bir neçə kitabın müəllifi, Moskva doğumlu Sonya Lyubomirski yalançı ekstraversiyanın həyat keyfiyyətini uzun müddət ərzində yaxşılaşdırmaqda insanlara kömək edib-etməyəcəyini yoxlamaq qərarına gəlib.


"Araşdırmanın nəticələri göstərir ki, insanların çoxu ənənəvi davranış normalarını dəyişə bilirlər və ekstraversiv davranış həm ovqatı, həm də komfort hissini xeyli dərəcədə artırır" - professor Lyubomirski belə deyir.

"Güclü effekt"
Ekstravert olmaq Amerika mədəniyyətində yaxşı qarşılandığı üçün və cəmiyyət bunu müsbət qiymələndirildiyinə görə; introversiya isə əksinə, uğursuzluqla, qapalılıqla və təcrid olunmaqla assosiasiya edildiyi üçün araşdırmaçılar bu iki davranış növüylə bağlı eksperimentin əvvəlində nisbətən neytral və diplomatik ifadələrdən istifadə etməli olublar.

Ekstravertlər "danışqan", "israrçı" və "səmimi", introvertlərsə "ehtiyatlı", "sakit" və "təmkinli" olaraq tərif edilib.

Birində introvert, digərində ekstravert kimi davranacaq şəxslərdən formalaşdırılmış qruplara elan olunub ki, əvvəlki eksperimentlər hər iki davranış növünün təhsildəki uğurlara müsbət təsir etdiyini üzə çıxarıb.

Sonra iştirakçılara bir həftə ərzində bacardıqları qədər danışqan, israrçı və səmimi (və ya ehtiyatlı, sakit və təmkinli) olmaq təklif edilib.

Bir həftə ərzində təşkilatçılar onların poçtuna 3 dəfə məktub göndərib tapşırılmış vəzifələri xatırladıblar. Yeddi gün sonra qruplara tamam əks tapşırıqlar verilib və eksperiment daha bir həftə davam etdirilib.

Nəticədə hər iki qrupun üzvləri bildiriblər ki, "ekstraversiv həftədə" ovqatları yaxşı olub, həyat keyfiyyətləri yüksəlib; "introversiv həftədə" isə əksinə, ümumi vəziyyətləri pisləşib. Maraqlıdır ki, "zorən ekstravertlər" onlar üçün təbbi olmayan davranış zamanı hər hansı diskomfort və ya psixoloji çətinlik barədə məlumat verməyiblər.

"Öz davranışını manipulyasiya etmək və daha çox ekstraversiyaya can atmaq insanın ovqatını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Belə manipulyasiyaları bir həftə boyu davam etdirmək bizim düşündüyümüzdən daha asan imiş. Bunun effekti isə təəəcüblü dərəcədə güclü ola bilir," - professor Lyubomirski belə deyir


Mənbə: BBC Azerbaycan
Print