Gürcüstanda valideyn himayəsindən məhrum olan uşaqlar üçün yeni fond yaradılıb
Bir neçə xeyirxah insan tərəfindən Gürcüstanda valideyn himayəsindən məhrum olan uşaqlar üçün fond yaradılıb. Bu fondun əsas məqsədi atasız olan uşaqlara dəstək olmaqdır. Onlara maddi yardım göstərilir və ehtiyacları olan digər ləvazimatlar verilir. Bu haqda məlumatı fondun rəhbəri Mahir Məmmədov verdi. Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan uşaqlara yardım fondu qısa olaraq “Əmin” adlanır. Bu fond kimsəsiz uşaqlara yardım məqsədi ilə yerli ruhanilər və din xadimləri tərəfindən yaradılıb. Bu fondda Mahir Məmmədovla birlikdə 4 məsləhətçi də fəaliyyət göstərir.

Fondun yaradılmasına necə qərar verildiyi ilə bağlı sualımıza Mahir Məmmədov belə cavab verdi.

“Cəmiyyətimizin bir çox çətinlikləri olduğunu nəzərə alaraq biz də bu çətinliklərdən birinə əl uzadıb yardım etmək istədik. Elə məhz bu düşüncə ilə yardıma ən çox ehtiyacı olan kimsəsiz uşaqlara bacardığımız qədər yardım etməyə çalışırıq. Artıq 2019-cu ilin iyun ayından fəaliyyət göstəririk. Ən çox nəzərə aldığımız uşaqlar ataları rəhmətə gedən kimsəsiz uşaqlardır. Və çalışacağıq ki, bu uşaqlara 16-17 yaşına kimi yardım etməyə davam edək”, – deyə o, bildirdi.

“Əmin” fondu 40 dan çox kimsəsiz uşağa ayda 50 lari məbləğində yardım edir. Mahir Məmmədov deyir ki, bu məbləğ hələ az olsa da, gələcəkdə büdcə artdığı təqdirdə “Əmin” fondu uşaqlara daha çox yardım edəcək.

Uşaqların tam ehtiyacları qarşılanmasa da, xeyirxah insanların dəstəyi ilə kimsəsiz uşaqlara yardım davam etdiriləcək. Gürcüstanın müxtəlif bölgələrindən – Batumi, Marneuli, Bolnisi, Qaraçöp, Msxeta və Kaspidən insanlar fondun fəaliyyətindən xəbər tutub kimsəsiz uşaqlara yardım və dəstək olurlar. Bu fond “Facebook”-da “Yetimlərə yardım fondu” adı ilə qeydiyyatdan keçib. “Əmin” fondu kimsəsiz uşaqlara yardım edərkən onların qəlblərinin qırılmaması üçün çox diqqət edirlər.

Mahir Məmmədov deyir ki, “Əmin” fondu dərs ilin başlanğıcında kimsəsiz uşaqlar üçün yeni çanta və məktəb ləvazimatı ilə birlikdə geyimlər də alıb. Hətta onlar gələcəkdə bu fonda yardım məqsədi ilə yeni kampaniya – “Geyinmirsənsə, qoy, ehtiyacın varsa, götür” kampaniyası ilə uşaqlara əlavə dəstək olmağı düşünürlər.

Onu da qeyd edək ki, yardım olunan kimsəsiz uşaqlar 5-17 yaş arasındadırlar. Bu uşaqlar sadəcə Marneulidən deyil, Laqodexidən, Batumidən, Rustavidən və Gürcüstanın bir çox bölgələrindəndirlər. Bu fond dəstəyi isə cəmiyyətdəki xeyirxah insanların yardımları ilə həyata keçirilir.

“Əmin” fondunun rəhbəri hər kəsi kimsəsizlərə dəstək olmağa çağırır. “Yardım sevgsi insanların qəlblərindədir. Ümid edirik ki, müsəlman icması uşaqların səsini eşidəcək və daima yardım göstərəcəklər. Biz bu uşaqların adı gələndə, qəlbləri qırılmasın deyə onlara yetim demirik. Onları incitmədən yardımımızı əsirgəməyək. Gəlin bu sınıq qəlbli, valideyn himayəsindən məhrum qalmış kimsəsiz uşaqları unutmayaq”,
– Mahir Məmmədov deyir.

Valideyn himayəsindən məhrum olan uşaqlara yardım etmək və maddi dəstək olmaq istəyənlər GE38BG0000000161337122 hesab nömrəsinə imkanları daxilində yardım edə bilərlər.

Müəllif: Dürdanə Xudiyeva
Print Email
FaceBook Twitter Google