Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət
Hər il 1,3 milyard tona yaxın ərzaq zibil
qutularına atılır və onların böyük hissəsi zibil poliqonlarına
gedib çıxır. Bu, nəinki ətraf mühitə ziyan vurur, eyni zamanda,
iqlim dəyişməsinə də mənfi təsir göstərir.
Hazırda planetimizdə təxminən 820 milyonu aclıq çəkir.
Nyu-Yorklu aşpaz Max La Manna hesab edir ki, bu ağılsız israfçılıq
insanlığın qarşısında duran əsas problemlərdən biridir.
Hətta Manna bu haqda "Daha çox bitki, daha az zibil" ("More Plants,
Less Waste") adlı kitab da yazıb.
O, BBC-yə müsahibəsində hər birimizin bu problemlə bağlı nə iş görə
biləcəyini deyib.
"Atam aşpaz olduğu üçün yemək hələ uşaqlıqdan həyatımın vacib
hissəsi olub. Valideynlərim mənə yeməyi atmamağı öyrədiblər", o
vurğulayır.
Yemək israfı insanlığın qaşısında duran əsas problemlərindən
biridir. Ərzağın təxminən üçdə biri ya sahələrdə çürüyür, ya da
zibilə atılır.
Amma israf edilən təkcə yemək deyil. Pul, su, enerji, torpaq və
nəqliyyat da boşuna sərf edilir.
Siz yemək atırsınızsa, bu, iqlimin dəyişməsinə də təsir edir, çünki
tullantıların böyük hissəsi poliqona atılır və orada çürüyərək
atmosferə metan qazı buraxır.
Bütün ərzaq məhsullarını müstəqil bir ölkə kimi təsəvvür etsək,
istixana qazlarının həcmi baxımından ABŞ və Çindən sonra üçüncü
yeri tutar.
Amma siz bununla mübarizə apara bilərsiz.
Düzgün alış-veriş edin
Biz əksər hallarda lazım olduğundan daha çox ərzaq alırıq.
Mağazaya getməzdən əvvəl bizə olan ərzaqların siyahısını tutmaq və
artıq şeylər almamaq lazımdır.
Bundan başqa, yalnız aldığınız ərzaqları tam işlədib qurtarandan
sonra təkrar mağazaya getməlisiniz.
Ərzaqları necə saxlamaq lazımdır?
Ərzağı saxlama qaydalarına əməl etməyəndə, o, tez xarab olur.
Çox adam hansı ərzaqları soyuducuya qoymaq lazım gəldiyini bilmir.
Nəticədə meyvə və tərəvəzlər çürüməyə başlayır və sonra da zibil
yeşiyinə atılır.
Kartof, soğan, pomidor, sarımsaq və xiyarı soyuducuya yığmağa
ehtiyac yoxdur, onları otaq temperaturunda da yaxşı qalır.
Göyərtini isə su dolu qabda saxlamaq olar.
Üst-üstə aldığınız çörəyin artığını dondurucuya qoyun.
Supermarketdə və ya hər hansı başqa mağazada görünüşü çox gözəl
olmayan, ancaq dadı digərlərindən heç də fərqlənməyən meyvə və
tərəvəzləri alın. Ancaq çox adam görünüşə önəm verdiyi üçün onlar
satılmamış qalır və zibilə atılır.
Və əgər imkanınız varsa, təzə meyvələri fermerlərdən və ya
yarmarkalardan alın.
Yeməyin qalanını soyuducuya qoyun
Yeməyin artığı da faydalıdır.
Tez-tez yemək bişirirsizinizsə və həmişə artıq yeməyiniz qalırsa,
həftənin bir gününü ayırıb onları soyuducudan çıxarın - ya o
şəkildə yeyin, ya da onlardan yeni bir yemək hazırlayın.
Beləcə qalıq yeməklər zibilə atılmaz və siz həm vaxtınıza, həm də
pulunuza qənaət etmiş olarsız.
Dondurucunu unutmayın
Ən yaxşısı ərzağı dondurucuda saxlamaqdır.
Məsələn, yumşalaraq salat üçün yararsız hala gəlmiş tərəvəzləri
dondurmaq, sonra da onlardan kokteyl və ya başqa bir şey hazırlamaq
olar.
Göyərtiniz çoxdursa, buz qabına yerləşdirib üstünə su tökün və
dondurucuya qoyun. Sonra onları ya qızarda, ya da başqa bir yeməkdə
istifadə edə bilərsiniz.
İstənilən yeməyin, hətta şorbanın da qalığını dondurucuya qoymaq
olar. Beləcə hər zaman sadəcə qızdırılması lazım gələn hazır
yeməyiniz olacaq.
İşə yemək aparın
Ofisdən çıxıb iş yoldaşlarınızla nahar yeməyinə getmək xoşdur,
xüsusilə də çox bəyəndiyiniz bir restorana. Amma bu, əlavə xərc və
yemək israfı deməkdir.
Ən yaxşısı yeməyi evdən aparmaqdır. Bunun üçün səhərlər nəsə
hazırlamağa vaxtınız yoxdursa, dondurucuda qalıb öz vaxtını
gözləyən yeməklərdən birini götürün.
Bulyonlar hazırlayın
Yemək artıqlarından bulyon hazırlamaq olar.
Tərəvəzləri və istifadə edilmədən qalmış hər nə varsa, hamısını
qızardın və ya isidin. Ardınca qazana qoyub zeytun və ya kərə yağı
əlavə edib, su və sevdiyiniz ədvaları da tökməklə vam odda
bişirin.
Sonra da öz yaradıcılığınızdan zövq alın.
Gübrə hazırlayın
Gübrə ərzaq artıqlarından ekologiyaya və təbiətə ziyan vurmadan
xilas olmaq üçün çox yaxşı üsuldur.
Bunu evin baxçasında etmək daha rahatdır, amma hamı həyəti olan
evdə yaşamır. Bununla belə, gübrəni adi şəhər mənzilində də
hazırlamaq mümkündür. O, otaq bitkilərinin inkişafı üçün əla
vasitədir.
Addım-addım irəliləyin
Yeyinti artıqlarını azaltmağın yolları çoxdur və bunu hər birimiz
edə bilərik.
Ailənizin gün ərzində nə qədər ərzaq atdığı barədə düşünsəniz,
situasiyanı yaxşılığa doğru dəyişə bilərsiz və çox qiymətli təbii
resursların qorunmasına öz töhfənizi vermiş olarsız.
Ərzaq alış-verişinə, onları hazırlama və istifadə vərdişlərinizə
minimum dəyişikliklər etməniz belə ətraf mühiti müdafiəyə kömək
edər. Bu, heç də mürəkkəb məsələ deyil.
Çox az əmək sərf etməklə, siz zibilə atdığınız yeməyin, sərf
etdiyiniz pulun və zamanın miqdarını xeyli dərəcədə azalda və
təbiətə kömək etmiş olarsız.