Xuldərə və Mollaoğlu sakini olan qadınlar hansı problemlərin həllini istəyirlər – araşdırmanın təqdimatı
Bu gün, 10 iyun tarixində Xuldərə İcma Mərkəzində Qadın İcma Mərkəzi tərəfindən aparılmış araşdırmanın təqdimatı keçirilib. Qadın İcma Mərkəzi Marneulinin iki kəndində – Xuldərə və Mollaoğlu kəndlərində araşdırma aparıb. Araşdırmanın məqsədi qadınların ehtiyaclarının müəyyən edilməsi idi.

“Araşdırma 22 apreldə aparılıb. Araşdırma nəticəsində müəyyən olunan əsas problemlər içməli su, məişət tullantıları, küçə itləri, suvarma suyu, ambulatoriya, uşaq bağçaları və daxili yollar idi. Bu problemlərdən belə nəticəyə gəldik ki, əsas problem suvarma suyu və daxili yollardır”, – Qadın İcma Mərkəzinin təsisçilərindən İradə Əfəndiyeva bildirdi.

Onun sözlərinə görə, araşdırma nəticəsində aşkarlanmış problemlər barədə Marneuli meriyasına artıq müraciət ediblər. Təşkilat meriyadan əhali tərəfindən seçilmiş iki əsas problemin – suvarma suyu və kəndlərin daxili yolları problemlərinin həllini tələb edir.

“Yeni Düşüncə İnstitutu” qeyri-hökumət təşkilatının təsisçilərindən Ariz Daşdəmirov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kampaniyanın ikitərəfli, strateji və təşkilati inkişafı var idi.

“Bu gün yerli özünüidarə nümayəndələrini Sadaxlıya dəvət etdik və aparılan araşdırmanın nəticələri ilə tanış etdik. Bu nəticələrə görə, meriyaya, Cənab Kənan Ömərovun adına ərizə vermişik və ondan cavab gözləyirik”.

Daşdəmirovun sözlərinə görə, təşkilat icmada olan problemləri yerli özünüidarə ilə əməkdaşlıqla həll etməyə cəhd edir. Bugünkü görüşün məqsədlərindən biri isə məhz yerli özünüidarə ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi idi.

Görüşdə Sadaxlının majoritar deputatı Rövşən İsgəndərov da iştirak edirdi.

“Problemlər həmişə var idi və olacaq. Əsas olan odur ki, birlikdə, qadınlar da kişilər də bu problemləri dərk etməli və birlikdə onların həllinə çalışmalıyıq. Bir kişi, yaxud bir qadın kənddə nə isə etsə və səhv etsə, bu demək deyil ki, bütün kəndin fikridir və ya bütün qızların problemidir. Problemlər baxımından, əlbəttə, erkən evlilik və s. var. Ancaq bir hal baş verirsə, bu demək deyil ki, bütün kənd bu fikirdədir. Əlbəttə, bu problemlər də bizim güclü gənclərimiz sayəsində yavaş-yavaş həll olunacaq”, – Rövşən İsgəndərov bildirdi.

Sadaxlının majoritar deputatının sözlərinə görə, o, kəndlərdə olan suvarma suyu və daxili yollar problemi barədə məlumatlıdır. O, qeyd etdi ki, dövlət problemləri mərhələli şəkildə, imkan daxilinə həll edəcək.

Print Email
FaceBook Twitter Google