Poladauri çayının daşması nəticəsində İncəoğlu kəndində əhalinin istifadə etdiyi suvarma kanalını sel uçurub (FOTO)
Yaz aylarında Poladauri çayının daşması nəticəsində Bolnisi rayonunun İncəoğlu (Zemo Bolnisi) kəndində əhalinin istifadə etdiyi suvarma kanalını sel uçurub. İndi əhali əkdikləri məhsulları suvara bilmirlər. Kənd sakinlərinin sözlərinə görə, dəfələrlə problemlə bağlı icra nümayəndəsinə məlumat veriblər, amma problem hələ də öz həllini tapmayıb.


“Bizim vəziyyət çox pisdir. Suyumuz yoxdur. Başqa kəndə gedib pulla yer alırıq. Körpümüz yoxdur. Gedib-gəlməyimiz uzaqdır. Biz sizdən kömək istəyirik. Su bahadır. Pulla su verirlər. Çox pis vəziyyətdəyik. Dolanışığımız pisdir. Dava-dalaşla az miqdarda su verirlər, onunla da kimisi sulayır, kimisi sulaya bilmir. İş yerimiz yoxdur. İş yeri verin ki, gedək işləyək. Elə olur ki, arxdan su içirik. İçmək suyu gəlmir. Paltara, çimməyə arxdan işlədirik”, – Minayə Budaqova dedi.

“Bizim arxımız yoxdur, əkinimiz batıb gedir. Arxı gəlib düzəldən yoxdur. Dəhnəni çay aparıb. İçmək suyumuz yoxdur. Bizə baxan yoxdur. Deputatımız var, ildə bir dəfə gəlib demir ki, burada nə əskikdir. Sizə nə lazımdır. Yardım gəlir. Deyirsən bu işi düzəlt. Baxan yoxdur. Bu gün gəldi, sabah getdi. Gələn yoxdur. Qalmışıq çöldə. Bizə yiyəlik edən yoxdur. Bizə nə kənd soveti, nə rayon baxır. Gəl, bərabər gedək, arxa baxaq. Deyəcəksiniz ki, siz məhsulu nə ilə suvarırsınız. Qalmışıq belə”, – 95 yaşlı İsmayıl Hüseynov dedi.


“Bu kəndin böyük problemləri var. Neçə dəfə demişik ki, qəbiristanlığın yanını düzəldin. 2-3 ildir, söz verirlər ki, düzəldəcəyik, amma düzəltmirlər. Bu il də bizə pul ayırıblar, deyirlər, o pulla düzəldəcəyik. İki dəfə gəldilər, ölçdülər, biçdilər, hələ də qəbiristanlığın qırağını düzəltməyiblər. Onu nə vaxt düzəldəcəklər, bizə desinlər. Bundan başqa, su çəkiləsidir. Bizə 25 min manata suyu çəkmədilər. Köhnə quyudur, ağzını bağlayıblar. Onun ağzını açmağa, deyirlər, pulumuz çatmır. Asan yerdədir. Bunu çəksinlər. Camaatın problemi çoxdur. Budur, arx gəlmir. Traktor lazımdır, vermirlər. Kənd icra nümayəndəsinə deyirik, deyir, gələcək. Amma gəlmir. Merin özü də burada olub. Kənd icra nümayəndəsi də burada olub. Deputat da gəlib. Onların hamısına məlumat vermişik. Yenə də deyirlər, düəldəcəyik, eləcə də gediblər”, – Rəşid Yaqubov dedi.

“Bizim kəndə yardım etmirlər. Söz verirlər, yerinə yetirmirlər. Qəbiristanlığın dörd yanı düzəldiləsidir. Arxımız düzələsidir. Heç kim bizə baxmır, qulaq asmır. Deyirlər traktor gətirib, düzəldəcəyik. Söz verirlər, yerinə yetirmirlər. İndi biz kimə gedək, şikayət edək. Müraciət edək. Çataxdan gəlməlidir. Oradan da suyu alıblar. Özləri üçün hovuz düzəldib, istifadə edirlər. Biz də susuz qalırıq”, – Süleyman Novruzov dedi.



58 yaşlı İncəoğlu kənd sakini Rasim Musayev və Əşrəf Yaqubov öz şəxsi torpaq sahələrində pomidor, xiyar, badımcan, bibər, kartof, lobya və digər məhsullar əkiblər. Onların sözlərinə görə, əkib-becərdikləri məhsulların yetişdirilməsi üçün suvarmağa ehtiyac var. Hal-hazırda kənddə su olmadığına görə, məhsulları susuzluqdan yanır. Buna görə də məhsuldarlıq aşağı düşür və bazara daha az məhsul çıxarmalı olurlar. Onlar hər il əkin işləri üçün çox pul xərcləyib, az gəlir əldə etdiklərini deyirlər.


“Kənd icra nümayəndəmiz qonşu kənddəndir. Ermənidir. Problemlərmizə baxmır. Problemlərmiz olduğu halda, hara müraciət edəcəyimizi də bilmirik. Kazretin zəhərli suyu arxımıza tökülür. Onunla da məhsulmuzu suvara bilmirik. O suyla da məhsulumuzu suvaranda yanıb, gedir. Biz indi istəyirik ki, arxımızı düzəltsinlər. Burdan əkin yerlərimizi suvaraq. Biz də buradan qazanc götürürük. Elə iş yeri də yoxdur ki, gedək işləyək. Pul qazanaq, ailəmizi saxlayaq. Kimə müraciət edirik, deyir, bilmirəm. Kimə müraciət edək. Merdən böyük adam yoxdur. Kənd icra nümayəndəsindən böyük adam yoxdur. Özümüzün xalqdan bir adam yoxdur ki, şikayət edəsən, gəlib baxa. Heç kim baxmır. Biz də məcbur sizə müraciət etdik. Gəlib çəkəsiniz ki, İncəoğlu kəndi belə yaşayır. Pis vəziyyətdədir. İndi gəlib bizə deyirlər ki, arxı gərək özünüz təmizləyəsiniz. İndi gəlin, çəkiliş aparın, görün, nə vəziyyətdədir. Əl ilə düzələsidir, yoxsa traktorla. Traktorun sahibi deyir ki, yüz minlik maşını bura sala bilmərəm. Mən traktordan pisəm ki, mən düzəltməliyəm? Traktor düzəltməyəndən sonra insan necə düzəldə bilər?” – Rasim Musayev dedi.

“Bizim problemimiz odur ki, yerimiz-yurdumuz yanır. Suyumuz yoxdur. Ekskavator gəlib bir saat işlədi. Gəldilər apardılar ki, işləmir. Başqa traktor gətirəcəyik – dedilər. İndi də gətirmirlər. Yerimiz-yurdumuz susuzluqdan yanır. Biz indi bilmirik, nə edək. Su da yoxdur ki, məhsulumuzu suvaraq. Bundan başqa içmək suyumuz da yoxdur. Bu da bir yerdən gəlir, sonra o da kəsilir. İki kəndə gəlir. Birdən kəsirlər, o kəndə verirlər, birdən bu kəndə verirlər. Qapılarda içməli su yoxdur. Yolda 3 yerdədir. İçməli su olmayanda da gedib maşınla Xaçın, Çatax kəndlərindən gətiririk”, – Əşrəf Yaqubov dedi.



Kənd sakinləri onu da bildirdilər ki, onların kəndində tək suvarma suyu problem deyil. Onların kəndlərinin ərazisindən keçərək Poladauri çayına tökülən Kazretin çirkli suyu da narahat edir.


Məsələ ilə bağlı kənd icra nümayəndəsi Armen Arturyana müraciət etdik. O, müsahibəsi zamanı bildirdi ki, onun problemlə bağlı artıq məlumatı var. Bu gün İncəoğlu kəndinə gedəcək və problemin həll edilməsi istiqamətində əhali ilə birlikdə işləyəcək.

“Ora bir dəfə traktor apardım. Bizdə traktor yoxdur. Biz Kazretidən xahiş edirik, onlar verirlər. Biz traktoru apardıq, bir yerdə işlədi. Daha sonra çaydan kanala su haradan gəlirsə, traktor ora girmədi. Camaatdan xahiş edirəm, deyirəm ki, gedin traktora mane olan kol-kosu kəsin. Onlar da getmədilər. Yenə də onların mühəndisləri baxıblar. Dedilər ki, Armen, siz oranı düzəltmək üçün nə vaxt traktor göndərəcəksiniz. Bu gün yenə də zəng etdim. Dedim ki, günortandan sonra mən də gələcəyəm, bərabər gedək, düzəldək. Kazretidən xahiş edək, sabah traktoru versinlər, gətirək, düzəldək. Başqa mənim əlimdən heç nə gəlmir. Meriyaya da demişəm. Meriyanın əlində də traktor yoxdur. Onlar da Kazretiyə zəng edirlər. Onlardan xahiş edirlər və oradan verirlər. Həmişə də belə olub”, – Armen Arturyan dedi.



Armen Arturyanın sözlərinə görə, əgər bu gün kənd əhalisi ilə birlikdə kanalın keçdiyi ərazidəki kol-kosu təmizləyə bilsələr, növbəti gün Kazretidən texnika göndərəcəklər və məsələ öz həllini tapacaq.

Print Email
FaceBook Twitter Google