Son 6 ay ərzində Ermənistan və Azərbaycan arasında normallaşma
istiqamətində bir sıra işlər görülüb.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX
Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə deyib.
O, bildirib ki, Ermənistan və Azərbaycan arasında birbaşa təmas
yaranıb:
“Aprel ayında XİN rəhbərlərinin ilk telefon
danışığı baş tutdu. Bu, son 30 ildə ilk telefon əlaqəsi idi.
Nəhayət, sərhədlərin delimitasiya komissiyasının tərkibi
razılaşdırıldı. Brüsseldə bu komissiyanın yaradılması barədə
razılıq əldə olunub”.
Nazir müavini qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətləri
normallaşdırmaq istəyir:
“Bu, asan deyil. Bunun üçün
Ermənistan tərəfindən dayanıqlı mövqenin nümayiş olunmasını
gözləyirik.
Biz Azərbaycan olaraq konkret təşəbbüslərin üzərində çalışmağa
başladıq, təkliflər verdik. Üç ölkə (Azərbaycan, Gürcüstan və
Ermənistan) birbaşa əməkdaşlıq etməklə regionu stabil, çiçəklənən
bölgəyə çevirə bilər.
Amma Ermənistan hələ susur. Biz Gürcüstanla çox yaxın əməkdaşlıq
edirik. 15 ildir bizim bu ölkə ilə böyük layihələrimiz
var”.
XİN rəhbərinin müavini vurğulayıb ki, Azərbaycan Ermənistana sülh
müqaviləsinin imzalanmasının təklif edib və o əlavə edib ki, iki
ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı və hörmət etməlidir:
“Biz Ermənistan tərəfindən beynəlxalq sərhədlərimizin
tanınmasını istəyirik ki, gələcəkdə Ermənistanın Azərbaycanın
suveren ərazilərini təhdid etməyəcəyina əmin olaq. Nəticədə biz
illərlə davam etmiş münaqişə səhifəsini bağlamaq imkanı
qazanacağıq”.
Mənbə: apa.az