Gürcüstan Parlamentinin keçmiş deputatı Ruslan Hacıyev Marneulidə
baş vermiş faciəyə münasibət bildirib.
Bu barədə “Marneuli” radiosuna müsahibə verən Hacıyev bildirdi ki,
bu hadisə onu çox sarsıdıb. O, tək Nərimanov küçəsindəki binanın
deyil, Marneulidə yerləşən və Sovet İttifaqı dövründə inşa olunmuş
binaların hər birinin bu gün qəzalı vəziyyətdə olduğunu deyir.
Keçmiş deputatın sözlərinə görə, onun və Tamaz Naverianinin
deputatlığı dövründə Marneulili sakinlərinin müraciəti əsasında
Rustaveli küçəsində yerləşən 4 binanın dam örtüyü dəyişdirilib.
“Çox pis hadisə baş verdi. Xəsarət alanlara
Allah şəfa versin. Pis hadisə oldu, bu hadisə hər birimizi üzdü.
Düşünürəm ki, Sovet İttifaqı dövründən qalan binaların hamısında
mütləq şəkildə ekspertiza keçirilməlidir. Köhnə binaların
zirzəmiləri, eyvanları, dam örtükləri nəzərdən keçirilməlidir.
2018-2019-u illər idi deyəsən, müraciət etmişdilər. Rustaveli
küçəsində 4 binanın dam örtüyü dəyişdirildi. Biz ona o zaman,
şəxsən mənim, Tamaz Naverianinin deputatlığı vaxtında meriya ilə
bərabər bu hadisələrlə maraqlanırdıq. Yadımdadır ki, 4 binanın dam
örtüyü dəyişdirildi. Əlbəttə ki, bütün binalara diqqət
yetirilməlidir. Həmin binalar Sovet vaxtında tikilib, o binalarda
indi zaman keçdikcə müəyyən problemlər olur. Onsuz olmaz. Amma
dövlət qurumları, meriya ona diqqət yetirməlidir. Bu binalar 40-50
ilin binalarıdır. Həmin binalarda qüsur da ola
bilər”.
Hacıyev onun deputatlığı dövründə sözügedən binanın sakinlərinin
meriyaya məsələnin həlli ilə bağlı müraciət etdiklərini
xatırlamadığını bildirdi. Onun sözlərinə görə, adətən yazılan
ərizələr və edilən müraciətlər deputatlara deyil, meriyalara
gəlir.
Parlamentin keçmiş deputatı deyir ki, aidiyyəti orqanlar və meriya
köhnə, eləcə də yeni tikilən binalara baxış keçirməlidir. Hacıyev
deyir ki, Dmanisidə tez-tez zəlzələ baş verir və həmin zəlzələnin
də köhnə binalara təsiri ola bilər. Buna görə də o, ilk növbədə
vətəndaşları, daha sonra isə dövlət orqanlarını, meriyanı bu kimi
məsələlərdə diqqətli olmağa çağırır.
“Bu problemləri ümumiləşdirib həllinə nail olmalıyıq.
Biz bilirik ki, binaların alt hissələrinin bəziləri mülkiyyətçilər
tərəfindən sökülür. Şəxsi maraqlarına görə obyekt düzəldirlər. Ona
görə də içərisində ola bilər ki, texniki baxımdan səhv olaraq
hansısa daşıyıcı, vacib bir divar uçurula bilər. Ona görə də lazımi
orqanlar tərəfindən bu yoxlanılmalıdır. Buna qarşı ciddi mübarizə
aparılmalıdır. Batumidə olan hadisədən sonra insanların içində
diqqətli olmaq üçün bir oyanış oldu. Bu kimi məsələlər meriya
tərəfindən, arxitektorlar tərəfindən mütləq şəkildə
yoxlanılmalıdır. Bunlar həssas məsələlərdir. Dmanisidə demək olar
ki, hər gün zəlzələ olur. Bunun da təsiri ola bilər. Mütləq,
binalar nəzarətdə olmalıdır. Bunu tək meriyanın, dövlətin üzərinə
yıxmaq olmaz, əlbəttə dövlət də nəzarət etməlidir, amma vətəndaş da
bu məsələlərdə diqqətli olmalıdır. Əgər bu gün mənim zirzəmimə su
dolubsa, birinci dərəcədə mən ərizə ilə müraciət etməliyəm. Mən bir
vətəndaş kimi aktiv olmalıyam. Nəinki köhnə binalara, elə yeni
binaların əksəriyyətinə də ciddi şəkildə nəzarət olunması lazımdır.
Əlbəttə bugünkü mer də, dövlət nümayəndələri də bununla bağlı
bilirəm ki, ciddi addımlar atırlar. Sadəcə olaraq bütün binalar
ekspertiza tərəfindən yoxlanılmalıdır”.
Qeyd edək ki, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən
majoritar deputatı Zaur Darğallı bildirir ki, onun mer olduğu
dövrdə özünüidarəyə qeyd olunan təhlükə ilə bağlı məktub
verilməyib, nə də şifahi müraciət edən olmayıb. Kvemo Kartli
qubernatoru Qiorqi Doxturişvili də həmin binanın qəzalı vəziyyətdə
olması ilə bağlı sakinlərdən meriyaya məktub daxil olmayıb.
26 iyun tarixində, axşam saatlarında Marneulinin Nərimanov küçəsi 1
ünvanında beşinci mərtəbənin eyvanı uçub. Beşinci mərtəbənin eyvanı
uçaraq dördüncü mərtəbənin eyvanının da uçmasına səbəb olub. Daxili
İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, faktla
bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır.
Həmin maddə tikinti və ya başqa işlər zamanı təhlükəsizlik
qaydalarının pozulmasını nəzərdə tutur. Hadisə zamanı iki nəfər
həyatını itirib, 3 azyaşlı isə xəsarət alıb.