“Şagirdlərimizin oxuması üçün müəllimlər arasında pul toplayaraq, kitab aldıq” – “Parlaq gələcək” kitab evinin təsisçilərindən olan Rafael Süleymanov (FOTO)
“Parlaq gələcək” kitab evinin əsas məqsədi Qaraçöp bölgəsində yaşayan yüzlərlə şagirdin qeyri-formal təhsil almasına və bir sıra aktivliklərdə iştirak etməsinə şərait yaratmaqdır. Bu sözləri “Marneuli” radiosu ilə söhbəti zamanı Yormuğanlı ictimai məktəbinin biologiya müəllimi və “Parlaq gələcək” kitab evinin təsisçilərindən biri olan Rafael Süleymanov dedi. Onun sözlərinə görə, onlar şagirdlərin təhsil alması və inkişaf etməsi üçün məktəbdə əllərindən gələni edirlər. Ancaq bu məktəb müəllimlərini qane etmir.

“Biz şagirdlər üçün daha çox şey etmək istəyirdik. Bəzi müəllim yoldaşlarımız və valideynlər uşaqların kitab oxumadıqlarını dilə gətirirdilər. Biz gənc müəllimlər hər zaman bir araya toplaşanda kənddəki gənclər üçün nə edəcəyimizi müzakirə edirdik. Belə qərara gəldik ki, ilk addımı ataq. Gənclər üçün nə isə edək. Biz hesab etdik ki, təcili və ən önəmli iş kənddə kitabxana açmaqdır. Ən azından bir yerimiz olsun və orada çoxlu kitablarımız olsun. Görək şagirdlərimiz özləri oxumur, yoxsa kitab yoxdur deyəmi oxumurlar. Bu ideyanı digər müəllim yoldaşlarımıza da dedik və onlar da bəyəndilər. Düzdür, məktəbin öz kitabxanası var. Orda isə yalnız məktəb dərslikləridir. Əlavə kitablar yoxdur. Biz bu ideya ilə bağlı dostlarımızla görüşdük. Məsələn, Kamran Əfəndiyevin, Samirə Bayramovanın və s. ideyalarını və məsləhətlərini aldıq. Onların məsləhətini aldıqdan sonra yer icarəyə götürdük və hər kəsə səs saldıq, məlumat kitabçaları payladıq. Camaatla görüş keçirdik və dedik ki, biz müəllimlər şagirdlərimiz üçün belə bir şey təşkil etmək istəyirik. Bu ideyanı hər kəs çox bəyəndi və alqışladılar. Hər kəs bildirdi ki, onlara hər cür dəstək olacaqlar. Sağ olsunlar. Hər kəs maddi və mənəvi cəhətdən bizə dəstək oldular”.


Süleymanovun sözlərinə görə, ideyanı kənd əhalisinə dedikdən sonra onlar vəsait toplayaraq, kitabxana üçün lazım olan əşyalar alıblar.

“Sakinlər tərəfindən toplanan pulla biz kitabxana üçün rəflər, dolablar, stol və stullar düzəltdirdik. Demək olar ki, kitabxana üçün nə lazımdısa, toplanan vəsaitlə hər şey etdik. Hal-hazırda kitab almaq üçün pulumuz da qalıbdır. Yenə də kitablar alacağıq. Onu da əlavə edim ki, bu ideyanı hələ həyata keçirməzdən öncə biz müəllimlər arasında pul toplayaraq 300-ə yaxın kitab da almışdıq. Biz şagirdlərimizə məlumat verdik ki, bu qədər kitabımız var və istəyən gəlib götürüb, oxuya bilər. Həmin vaxt bir ayın içində 4-5 kitabı oxuyub bitirən şagirdlərimiz olmuşdu. Elə şagirdlərimiz oldu ki, heç onlara kitab çatmadı. Gördük ki, əslində şagirdlərimiz kitablar olmadığına görə oxumurlarmış. Onların kitablara çox ehtiyacı var imiş. Bu bizə böyük stimul verdi. Çünki şagirdlərimiz oxumaq istəyirlər və bizlər onlara bu imkanı yaratmalıyıq. Artıq biz onlara bu imkanı yaratdıq”.


Rafaelin sözlərinə görə, kitabxananın yeni açılmasına baxmayaraq, kitab oxumağa gələnlərin sayı çoxdur.

“Bizim kitabxanada təxminən 30 nəfərə qədər yer nəzərdə tutulub. Ancaq məktəbimizdə 1 500-ə yaxın şagirdimiz var. Sadəcə bu bir məktəbin şagirdləridir. Buna görə də, biz kitabları şagirdlərin özlərinə veririk ki, özləri ilə aparıb evlərində oxusunlar və daha sonra geri gətirsinlər. Şagirdlərimiz hansı kitabları oxumaq istəyirlərsə, onun siyahısını da tuturuq. Əgər kitabxanada həmin kitablar varsa, veririk, yoxdursa, onu təşkil etməyə çalışırıq. Çalışırıq ki, həmin kitabları tapaq və şagirdlərimiz oxusunlar. Onlarda çox böyük həvəs var”.

Yormuğanlı məktəbinin müəllimləri ideyalarını həyata keçirməzdən öncə öz aralarında pul toplayaraq 300-ə yaxın bədii kitablar alıbılar. Süleymanovun dediyinə görə, kənd sakinləri öz evlərindən kitablar gətirərək, kitabxanaya hədiyə də ediblər.

“Fəal insanlar da bizlərə kitab hədiyə ediblər. Hələ ki çox kitabımız yoxdur. Haradasa 1 000-dən artıq kitabımız olar. Hal-hazırda bu 1 000 kitab böyük bir iş görür. Bundan əlavə əslən Qaraçöpdən olub, amma Azərbaycanda yaşayan insanlar bizim təşəbbüsümüzü eşidəndə Bakıdan çox sayda kitab toplayıb göndəriblər. 3 000-ə yaxın Azərbaycan ədəbiyyatına aid və azərbaycan dilində nəşr edilmiş kitablar göndəriblər. Amma o kitabların Gürcüstana gətirilməsi üçün rəsmi icazə ala bilməmişik. Hal-hazırda kitablar Azərbaycanın sərhəd kəndlərinin birindədir. Kitabların siyahısını tərtib edib Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim etmişik. O kitabların gömrükdən keçməsi üçün rəsmi cavab gözləyirik. Onlar gəlsə, təxmini 3-4 min kitabımız olacaq. İnsanlar tərəfindən toplanan pulla özümüz də kitablar alacağıq”.


Gələcək planlarından danışan gənc müəllim bildirdi ki, “Parlaq gələcək” kitab evi təkcə kitabxana kimi fəaliyyətlər göstərməyəcək. Yeni hazırlıq kurslarının yaradılması üçün də əllərindən gələni edəcəklər.

“Kitabxanamızda başqa-başqa fəaliyyətlər də olacaq. Örnək kimi qeyd edim ki, məktəbdə oxuyan, amma ailəsinin imkanı olmayıb, əlavə kurslara gedə bilməyən şagirdlər üçün kurslar təşkil edəcəyik. Məsələn, gürcü, ingilis, kompüter kursları olacaq. Şahmat məktəbi təşkil edəcəyik. Bizim müəllim yoldaşlarımız var, çox yaxşı şahmat oynayırlar. Rəsm çəkmək bacarığı olan şagirdlərimiz var. Heç bir müəllim olmadan öz bacarıqları ilə şəkil çəkən çoxlu şagirdlərimiz var. Bu cür şagirdlərin bacarıqlarını inkişaf etdirmək üçün kurslar təşkil edəcəyik. Qeyd edim ki, Axundov muzeyində rəsm kursları var. Mən şagirdlərmi Qaraçöpdən Tbilisiyə, Axundov muzeyinə göndərirdim. Valideynləri onları aparıb gətirirlər. Onlar üçün bu cür kursları təşkil etməyə çalışacağıq. Qeyri-formal təhsilin inkişafı üçün çalışacağıq ki, şagirdlərimiz layihələr yazsınlar və həyata keçirsinlər. Belə deyim, şagirdlərimiz hər tərəfli bir vətəndaş kimi yetişsinlər və inkişaf etsinlər. Onu da qeyd edim ki, gürcü dilinin daha yaxşı öyrədilməsi üçün də çalışacağıq. Bizim kənddə gürcülər yoxdur. Ancaq qonşu kəndlərdə gürcülər yaşayırlar. Orada yaşayan şagirdlərlə özümüzün şagirdlərimiz arasında bir dialoq qurmağa və körpü yaratmağa çalışacağıq. Bu şəkildə bizim şagirdlər gürcü dilinin önəmini daha çox hiss edərlər və gürcü dilini yaxşı öyrənələr”.

Qeyd edək ki, 20 noyabr tarixində Saqareco Bələdiyyəsinin Qaraçöp (Yormuğanlı) kəndində yerli müəllimlərin təşəbbüsü və əhalinin maddi dəstəyi ilə “Parlaq gələcək” kitab evinin açılışı olub. Kitab evinin açılışında kənd sakinləri, dəvət olunmuş qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Marneulili mülki fəal Samirə Bayramova da iştirak edib. O, kitabxanaya “Etnik və dini rəngarənglik” adlı kitab hədiyyə edib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google