Türkmənistanda bir neçə qadın bildirib ki, onları botoks
, yapışdırma kirpik və dırnaqlardan istifadə etdiklərinə görə
Dubaya uçan təyyarəyə minməyə qoymayıblar.
Qadınlardan biri AzadlıqRadiosuna deyib ki, hava limanında
miqrasiya zabitləri ona sifətə və ya onun hansısa hissələrinə
edilmiş plastik düzəlişlərin onların kompüterlərindəki üztanıma
proqramlarının normal işinə mane olduğunu bildiriblər.
Bu da xəbər verilir ki, bundan bir neçə ay əvvəl Türkmənistan
hakimiyyəti qadınlara botoks, saçların rənglənməsi, kosmetika, süni
kirpiklər və dırnaqları, eləcə də çox kip oturan paltarları qadağan
edib.
Qadınlardan biri deyib:
"Onlar Dubaya bilet satanda bizə bu məhdudiyyətlər barədə heç bir
xəbərdarlıq verməyiblər. Biletlərdə də bu məhdudiyyətlər barədə heç
nə yazılmayıb. Niyə məhz uçuşa dörd saat qalarkən miqrasiya
zabitləri bizim üzlərimizi yoxlayırlar”.
Mahri adlı başqa bir qadın isə bildirib:
"Birincisi bu bizim üçün çox böyük maliyyə ziyanıdır. İkincisi
bizim hərəkət azadlığımız və qadın haqlarımız tamamilə pozulur.
Beynəlxalq hava limanı işçilərinin bizimlə danışıq tonu elədir ki,
sanki qadınlar və qızlar Dubaya fahişəlik məqsədilə gedirlər”.
Dünyanın ən repressiv ölkələrindən biri
Türkmənistan dünyanın ən repressiv ölkələrindən biri hesab olunur.
Ötən mart ayında Serdar Berdımuxammedov prezidentliyi atası, ölkəyə
2006-cı ildən bəri başçılıq edən Qurbanqulı Berdımuxammedovdan
təhvil alıb.
Özəlliklə də ucqarlardan olan qadınlar dolanışıq üçün xarici
ölkələrə səfər etməli olurlar.
Bütün bu çətinliklər azmış kimi hakimiyyət qadınlara əlavə
məhdudiyyətlər tətbiq edir.
Onlara kişilərlə əl-ələ tutmaq, avtomobilin qabaq oturacağında
əyləşmək qadağan olunub.
Bu arada hakimiyyətin tam nəzar'ti altında olan media isə qadınlara
“ərlərinə ehtiram” dərsləri keçən məqalələr dərc edir.
Ötən il xaricdə, xüsusən də Türkiyə, ABŞ və Avropa İttifaqında
yaşayan türkmənlər etiraz aksiyaları keçirmiş və dünya birliyini
Türkmənistanda insan haqlarının vəziyyətinə diqqət yetirməyə
çağırmışdılar.