Bu gün, 27 yanvar tarixində Marneulili mülki fəal və hüquq
müdafiəçisi Samirə Bayramova Marneuli meriyası qarşısında
aksiya-performans keçirib.
“Namus və vicdan da yaxşı şeydir”, –
Bayramova bu cümlənin yazıldığı plakatı meriyanın qarşısına
yapışdırıb və bildirib ki, Marneuli yerli özünüidarəsində qərarlar
vətəndaşların iştirakı olmadan qəbul olunur.
“Marneuli bələdiyyəsi əhalinin fikrini ümumiyyətlə
soruşmur və onlar həmişə ədalətsiz büdcə qəbul edirlər. Ədalətsiz
büdcə nədir? Bu çoxluğun fikrinin, onların ehtiyaclarının nəzərə
alınmadığı sənəddir. Belə məsələlərdən biri bizim məhkəmədə olan
dini təşkilatların maliyyələşdirilməsi ilə bağlı olan işdir. Bu
yalnız nümunələrdən biridir. Eləcə də biz görürük ki, kəndlərdə
istər məktəblərdə, istər uşaq bağçalarında, zibil qablarının,
daxili yolların, kənd təsərrüfatı baxımından nə qədər qeyri-bərabər
yanaşma var. Marneuli meriyasının özü həmişə problem yaradır və
bura onların ədalətsiz qərarlar qəbul etdiyi binadır. Burada
ədalətsiz büdcə planlaşdırılır, əhaliyə etinasız yanaşılır,
çoxluğun tələbləri nəzərə alınmır. Buna görə burada həmişə problem
və etiraz baş verir”, – Samirə Bayramova
bildirir.
Marneulili mülki fəalın açıqlamasına görə, meriyaya dəfələrlə
verilmiş ərizə, yaxud petisiyaya baxmayaraq, yerli özünüidarə
onların tələbini nəzərə almır.
“Onlar bilməlidirlər ki, bu ölkə hamınındır,
Marneulinin büdcəsi xalqın büdcəsidir. Marneulinin rüşvətxor
bələdiyyədir və onlara belə mesajım var ki, namus da yaxşı şeydir.
Bəlkə ağıllanalar və xalqın pulunu
yeməyələr”.
Samirə Bayramovanın sözlərinə görə, aksiya-performansın əsas
məqsədi yerli özünüidarə nümayəndələrinə bələdiyyə büdcəsinin
hansısa dövlət məmurlarının deyil, xalqın büdcəsi olduğunu
xatırlatmaqdır.
Qeyd edək ki, Bayramova tərəfindən Marneuli meriyası qarşısına
plakatın yapışdırılmasından bir neçə dəqiqə sonra meriya binasından
bir kişi çıxıaraq plakatı çıxarıb və zibil qutusuna atıb.