Gürcüstan Prokurorluğunun məlumatına görə, Eurojust təşkilatının
dəstəyi ilə yaradılmış beynəlxalq istintaq qrupu çərçivəsində Aİ
ölkələrinin kitabxanalarından bahalı kitabların oğurlanması ilə
bağlı Gürcüstan ərazisində genişmiqyaslı tədbir keçirilib.
Agentliyin məlumatına görə, birgə tədbir çərçivəsində İsveçrə,
Fransa və Litva Respublikasının hüquq-mühafizə orqanlarının,
Gürcüstan Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları
Gürcüstan ərazisində yerləşən onlarla yerdə əməliyyat-istintaq
tədbirləri həyata keçiriblər.
"Tədbir çərçivəsində onlarla şəxsə, yaşadıqları
mənzillərə və onlara aid kitabların satıldığı yerlərə baxış
keçirilib. Axtarış nəticəsində külli miqdarda pul, o cümlədən
yüzlərlə kitab aşkar edilib Paris Milli Kitabxanasından oğurlandığı
iddia edilən saxlanılan şəxslərdən birinin yaşayış evində 19-cu
əsrdə nəşr olunmuş fransızdilli kitab da tapılıb. Bu mərhələdə
mütəşəkkil cinayətkar qruplaşmanın 4 üzvü saxlanılıb.
İşin istintaqı müəyyən edib ki, Gürcüstan vətəndaşları 2022-ci ilin
əvvəlindən mütəşəkkil cinayətkar qrup yaradaraq, sonradan bütün
Avropada satış üçün 19-cu əsrin müxtəlif müəlliflərinin bahalı
kitablarını gizli şəkildə əldə etmək niyyətində olublar.
2022-23-cü illərdə mütəşəkkil qrupun üzvləri Avropanın müxtəlif
şəhərlərinin kitabxanalarından yüz minlərlə avro dəyərində
kitabları gizli şəkildə ələ keçiriblər”, -
prokurorluq bildirir.
Saxlanılan şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci
maddəsinin 4-cü hissəsinin “A” və “B” bəndləri ilə (oğurluq
mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə) ittiham
irəli sürülüb, bu isə 6 ildən 10 ilədək azadlıqdan məhrumetməni
nəzərdə tutur.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.