Tbilisidə 10 müasir və çoxfunksiyalı ticarət mərkəzi fəaliyyət
göstərir və onların ümumi icarəyə verilə bilən sahəsi 291 728
kvadratmetr təşkil edir.
Bu barədə “TBC Capital”ın 2024-cü il hesabatında qeyd olunub.
Tədqiqata görə, Batumidə 5 ticarət mərkəzi mövcuddur və onların
ümumi icarəyə verilə bilən sahəsi 53 901 kvadratmetrdir. Kutaisidə,
Zuqdididə və Telavidə olan ticarət məkanları əsasən ticarət
mərkəzləri ilə açıq bazarların birləşməsindən ibarətdir. Zuqdidiyə
isə 2023-cü ildə müasir ticarət mərkəzi əlavə olunub.
Hesabata əsasən, 2024-cü ildə Tbilisinin ticarət mərkəzlərində orta
icarə haqqı kvadratmetr üçün 24.1 dollar təşkil edib ki, bu da
əvvəlki illə müqayisədə 7.4% artım deməkdir. Eyni dövrdə Batumidəki
ticarət mərkəzlərində orta icarə haqqı 5% artaraq kvadratmetr üçün
23.1 dollar olub. Küçə ticarət obyektlərinə gəldikdə isə, “TBC
Capital”ın araşdırmasına əsasən, 2024-cü ildə Tbilisinin mərkəzi
küçələrində yerləşən obyektlərdə orta icarə haqqı ən yüksək olub —
kvadratmetr üçün 31 dollar. İkinci yerdə isə Batumi qərarlaşıb —
kvadratmetr üçün 25.5 dollar.
Bununla yanaşı, “TBC Capital”a görə, Tbilisidə ən yüksək orta icarə
haqqı Rustaveli prospektində (kv.m. – 33.3 $) və Çavçavadze
prospektindədir (kv.m. – 33.2 $). Batumidə isə liderlik Gorgiladze
küçəsinə məxsusdur — burada orta icarə haqqı kvadratmetr üçün 29.4
dollar təşkil edir.