Polis olmaq arzusu və bərabərlik uğrunda mübarizə – Muşevani kəndindən olan bacılar
Sona və Mehriban Namazova bacıları Bolnisi bələdiyyəsinin Muşevani kəndində yaşayırlar – əhalisi bir çox çətinliklərlə, o cümlədən təhsil, infrastruktur və sosial problemlərlə üzləşən bir kənddə. Bu problemlərdən biri də erkən nikahdır. Bacılar uşaqlıq illərinin bir hissəsini Bakıda keçiriblər və altı il əvvəl doğma kəndlərinə qayıdıblar.

Sona və Mehriban hesab edirlər ki, təhsil və peşə müstəqilliyi gəncləri erkən nikah və sosial təzyiqlərdən qorumağın əsas yoludur.

"Buraya gələndə gördüm ki, qadınların kişilərə nisbətən daha az hüquqları var, ailədə isə əsas söz sahibi kişilərdir. Burada erkən nikahlar adi haldır. Bakıda isə bütün uşaqlar məktəbi bitirib universitetə gedirlər", – polis olmaq istəyən 15 yaşlı Sona deyir.

"Bu barədə danışdığım hər kəs deyir: “Sən qızsan, polisliklə sənin nə işin var?'" – Sona əlavə edir.

Tezliklə məktəbi bitirəcək olan Mehriban isə təhsilini Tbilisidə davam etdirmək arzusundadır. O, həmyaşıdlarına çağırış edərək erkən nikahdan çəkinməyə, ailə qurmağa tələsməməyə və maraq duyduqları sahədə fəaliyyət göstərməyə səsləyir.

İnsan hüquqlarının kobud şəkildə pozulması olan uşaq nikahı Gürcüstanda hələ də ciddi problem olaraq qalır. Bu zərərli təcrübə qızların həyatına və sağlamlığına təhlükə yaradır, onların gələcək imkanlarını məhdudlaşdırır. Uşaq evliliyi ölkənin bütün ərazilərində mövcud olsa da, şəhər və kənd yaşayış məntəqələri arasında yayılma baxımından böyük fərq var.

“Salam” platforması 2019-cu ildən Kvemo Kartli bölgəsinin Bolnisi, Qardabani və Marneuli bələdiyyələrində gənclər, etnik və dini azlıqlar, kənd sakinləri və digər qruplarla insan hüquqları, gender bərabərliyi və zərərli təcrübələrlə bağlı məlumatlılığı artırmaq üçün fəaliyyət göstərir.

Kvemo Kartli BMT-nin Əhali Fondu (UNFPA) və İsveçin dəstəyi ilə həyata keçirilən “Gender Bərabərliyi naminə” Birgə Proqram çərçivəsində icma təşkilatlarının gücləndirildiyi regionlardan biridir.

Bu məqsədlə bölgələrdə yerli icma təşkilatları ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və məsləhət xarakterli səfərlər təşkil olunur. Bu təşəbbüslər gənclərin stereotiplər və sosial normalar kontekstində üzləşdikləri çətinlikləri anlamağa və onlara qarşı mübarizə aparmağa kömək edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google