Marneuli şəhərinin 7 saylı ictimai məktəbində müəllim və direktor
arasında baş verən qarşıdurma ilə bağlı məlumat ötən həftə yayıldı.
Coğrafiya və vətəndaş təhsili müəllimi Dürdanə Nağıyeva yerli
onlayn mediaya verdiyi geniş müsahibədə məktəbin direktoru
tərəfindən dinə əsaslanan ayrı-seçkiliyə məruz qaldığını iddia
edib.
Direktor məsələ ilə bağlı şərh verməkdən imtina etsə də, onun
mövqeyini məktəbin müəllim və şagirdləri səsləndiriblər. Belə ki,
27 may tarixində bir neçə müəllim və şagird Marneuli Təhsil Resurs
Mərkəzinə yazılı müraciət edərək Dürdanə Nağıyevanın məktəbdən
uzaqlaşdırılmasını tələb ediblər. Onlar müəllimi dərslərdə
şagirdlərə din və qızların erkən nikahı ilə bağlı təhrif olunmuş
məlumatların ötürülməsində ittiham edirlər.
Valideynlərdən biri Könül İsmayılova “Marneuli” radiosuna verdiyi
müsahibədə Dürdanə müəllimdən şikayətçi olduğunu, dərsdə qeyri-etik
söhbətlər etdiyini bildirdi.
“Uşaqları qorxudur. Cinlərdən-şeytanlardan danışır. Uşaqlar sanki
təzyiq altında qalırlar. Deyir evlənin sizin vaxtınız keçir, oxumaq
lazım deyil, ailə qurmalısınız. Biz dinimizə qarşı deyilik.
Mədrəsəmiz, məscidlərimiz var dinə görə uşaqlarımızı oraya göndərə
bilərik. Məktəbə uşaqları təhsil almağa göndəririk. Müəllimin
ixtiyarı var mı ki, dərs saatında uşaqlara din haqqında danışsın?
Məncə yoxdur. Mən bir valideyn olaraq övladımı o müəllimin dərsinə
buraxmayacağam. Heç kim də məni məcbur edə bilməz. Yalnız bu işə
nazirlik baxsın, araşdırılsın”, - Könül İsmayılova
dedi.
Günay Cəfərova bu məsələlərdən narahat olduğunu və övladının həmin
müəllimin dərsində iştirakına razı olmadığını deyir.
“Eşitdiyimə çox pis oldum. Qızım gəldi dedi ki, “mama
13 yaşında qızlar evlənə bilər mi?”.
Valideynlərin sözlərinə görə, müəllim dərsdə uşaqlara 9-cu sinifi
bitirdikdən sonra evlənməli olduqlarını deyir.
Marneuli 7 saylı məktəbinin müəllimlərindən biri olan Rasimə
Bədəlova Dürdanə müəllimlə mövzu ilə bağlı dəfələrlə söhbət
etdiyini, valideynlərin ondan narazı olduqlarını və bu cür hallara
yol verməməli olduğunu izah edib.
“Dürdanə Nağıyeva coğrafiya və vətəndaş təhsili
dərsləri keçir. Biz müəllim olaraq uşaqlara erkən yaşda evlənməməyi
öyrədirik. Bu əksini edir. Başı açıq uşaqlara başlarını örtməyi
məsləhət görür. Uşağı təhqir edəcək söhbətlər aparır. Bunu mənə
valideynlər deyib. İstəməzdik ki, bu dərəcəyə gətirib
çıxarsın”.
Dürdanə Nağıyeva da öz mövqeyini və fikirlərini bizimlə bölüşdü. O,
valideynlərin səsləndirdikləri fikirləri təkzib edərək, həqiqəti
əks etdirmədiyini və böhtan olduğunu dilə gətirdi.
“Mən xəbərlərə baxanda stres keçirdim. Mənə böhtan
atırlar. Mən uşaqlara müəllimdən əlavə valideyn kimi olmuşam.
Özləri də şahiddirlər. Mən hüquq dərsi keçirəm. Mənim sayəmdə
uşaqlar hüququ bilirlər. Bu qədər insafsızlıq olmaz. Niyə izin
vermirsiniz bir tikə çörək pulumu qazanam?! Mən tək qadınam, anamla
yaşayıram. Bir valideyn mənim haqqımda insafsızcasına danışır.
Deyir azyaşlı uşaqlarımızı evliliyə təşviq edir. Mən həmişə demişəm
ki, ən çox oxumaq qızlara lazımdır. Çünki qadın zəif məxluqdur.
Bunun tam tərsini demək olmaz axı”.
Pedaqoq Dürdanə Nağıyeva müsahibəsində yazılı ərizə ilə Təhsil
Nazirliyinə müraciət etdiyini qeyd etdi, amma ərizənin cavabı ilə
tanış ola bilmədiyini vurğuladı.
“Marneuli” radiosu Təhsil Nazirliyi ilə əlaqə saxladı. Bizə
bildirdilər ki, Dürdanə Nağıyeva fevral ayında nazirliyə yazılı
ərizə ilə müraciət edib lakin, bizə ərizənin məzmunu haqqında
məlumat vermədilər. Nazirlik ərizəyə cavab verib amma verilən
ünvanın yanlış qeyd olunması səbəbindən cavab Dürdanə Nağıyevaya
çatmayıb. Nazirlik bizimlə söhbəti zamanı bildirdi ki, cavab ünvana
çatmadığı halda yenidən müraciət olunmalı və yazılı ərizə
göndərilməlidir.
Valideynlər faktla bağlı Yerli Resurs Mərkəzinin rəhbəri Xanəli
Qəhrəmanova yazılı müraciət ediblər. Qəhrəmanov bildirdi ki,
müraciət formasında qeyd olunan təfərrüatlarla tanış olunacaq və
lazımi tədbirlər görüləcək. Hətta, təhsil nazirliyinə də müraciət
olunacağını vurğuladı.
Marneuli resurs mərkəzinin qərar qəbul etməyə və ya istintaq
aparmağa legitim hüququ yoxdur. Gürcüstanda məktəblər hüquqi
baxımdan müstəqildirlər və məktəblərdə bu cür məsələləri araşdırmaq
üçün intizam komissiyası fəaliyyət göstərməlidir. Məhz həmin
komissiya bu məsələni nəzərdən keçirməli və qərarı Təhsil
Nazirliyindən və yerli resurs mərkəzindən asılı olmayaraq qəbul
etməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415