"Ağrının obyektiv əlamətləri görünmür” – Mzia Amağlobelinin Dqebuadzeyə şillə vurması ilə bağlı mütəxəssis rəy verib

30 may tarixində Batumi Şəhər Məhkəməsində "Batumelebi" və "Netgazeti" nəşrlərinin qurucusu və redaktoru Mzia Amağlobelinin cinayət işi üzrə müdafiə tərəfinin şahidi,


cərrah-implantoloq və fizioloji ağrı üzrə mütəxəssis Tatia Andğuladze dindirilib.

Onun sözlərinə görə, 20 illik peşəkar təcrübəsinə əsasən o, ağrının idarə olunması, simulyasiya olunmuş və anatomik ağrının tanınması sahəsində bacarıqlara malikdir. Müdafiə tərəfi tərəfindən ona təqdim olunan videoçəkilişlər əsasında Tatia Andğuladze, Batumi polis rəisi İrakli Dqebuadzenin Mzia Amağlobeli tərəfindən şillə vurulması nəticəsində ağrı hiss edib-etmədiyini təhlil edib.

“Videolarda gördüyümə və araşdırdığıma əsasən deyə bilərəm ki, pasiyentdə (İrakli Dqebuadze – red.) fizioloji ağrı əlamətləri müşahidə olunmur – bu sahədə böyük təcrübəm var, hər gün kəskin və xroniki ağrılarla məşğul oluram. Travmatik simptomların ayırd edilməsində də təcrübəm var, çünki tez-tez yıxılmalar, çənə sınıqları olur və s. Bu hadisədə isə bunların heç biri müşahidə olunmur, yalnız müdafiə reaksiyası var. Qətiyyətlə və tam əminliklə deyə bilərəm ki, burada ağrı olmayıb”, – deyə Tatia Andğuladze bildirib.

Onun izahına görə, klinik praktikada və məhkəmə ekspertizasında ağrının subyektiv xarakteri aşağıdakı obyektiv əlamətlərlə qiymətləndirilir: mimik reaksiya, motor reaksiya, səs reaksiyası və toxuma zədələnməsi.

“Ekspertiza nəticəsində qeyd olunur ki, toxuma zədələnməsi yoxdur, buna görə bu hissəyə toxunmayacağam. Beləliklə, bizə yalnız fizioloji reaksiyalar qalır – sillə vurularkən hansı fizioloji reaksiyalar olur? Bu mimika və motor reaksiya olmalıdır. Əgər üz nahiyəsinə zərbə dəyibsə, insanın ilk reaksiyası, istər yüngül, istərsə də orta gücdə zərbə olsun, ağrıya reaksiya göstərmək olmalıdır – yəni əli ilə həmin nahiyəni tutmaq. Əgər ağrı uzunmüddətlidirsə, bədən reflektor şəkildə əyilə bilər – bu hər birimizin yaşadığı təcrübədir. Biz videoda nə görürük? Cənab İrakli Mzia tərəfindən sillə vurulduqdan sonra yalnız müdafiəvi reaksiya göstərir – kadrda geri çəkildiyini görürsünüz. Bu müdafiədir və instinktivdir. Bu həm də idmançılarda (xüsusilə boksçularda) öyrənilmiş bir refleksdir. Çevrədə top oyunu oynayarkən də, top gəlirsə, ondan yayınmağa çalışırsınız”, – deyə Tatia Andğuladze bildirib və əlavə edib ki, kadrlarda İrakli Dqebuadze tərəfindən ağrının təsdiqini göstərən heç bir hərəkət müşahidə olunmur.

O, həmçinin deyib ki, “əgər cənab İrakli Dqebuadzenin ağrısı olsaydı, o zaman zədələnmə də olmalı idi. ‘Bir az ağrıdı’ deyə bir şey yoxdur – sinir sistemi bu prinsiplə işləyir: ya ağrıyır, ya da ağrımır, ağrı sonradan yaranmaz”.

O əlavə edib ki, zərbənin gücünü çıxan səslə müəyyən etmək mümkün deyil və bunu nümayiş etdirmək üçün üzünə bir neçə dəfə əlini vurdu. “Səsi var, amma ağrımır”, – deyə izah edib və prokurora bildirib ki, ağrının obyektiv göstəricisi kimi motor reaksiya əsas göstəricidir. Məsələn, əlinizi masaya çırpırlar və ağrıyırsa, ilk refleks olaraq digər əlinizi həmin nahiyəyə aparırsınız.

Bu şəkildə Tatia Andğuladze prokurorun şillə səsinə əsaslanaraq ağrının sübut olunması ehtimalına cavab verib.

16 may tarixində, Mzia Amağlobelinin işi üzrə məhkəmədə ifadə verən məhkəmə eksperti Qivi Çxartisşvili bildirib ki, “çünki ağrı anlayışı obyektiv zədələnmə əlaməti deyil, ağrı subyektiv anlayışdır”, ona görə də “mənim, tibbi ekspert kimi, onun qiymətləndirilməsi səlahiyyətim yoxdur”.

Qivi Çxartişvili Batumi polis rəisi İrakli Dqebuadzenin məhkəmə-tibbi ekspertizasını aparıb və Mzia Amağlobeliyə onu şillələdiyi iddiası ilə ittiham irəli sürülüb. Ekspertin sözlərinə görə, müayinə zamanı İrakli Dqebuadzenin bədənində, paltarla örtülməyən hissələrdə mexaniki zədələnməyə dair obyektiv əlamət aşkarlanmayıb.

Bundan əvvəl, 28 aprel tarixində, Mzia Amağlobelinin işi üzrə şahid qismində dindirilən keçmiş Acarıstan Polis Departamentinin rəhbəri Qriqol Beselia məhkəmədə bildirib ki, Mzia Amağlobeli İrakli Dqebuadzeyə üz nahiyəsinə zərbə endirib. “Elə səs gəldi ki, aksiya tamamilə dağıldı. Sözün düzü deyirəm. Ondan sonra aksiya daha davam etmədi. Yalnız 3-4 nəfər qaldı”.

Mzia Amağlobeli 11 yanvarda əvvəl inzibati qaydada saxlanılıb, sonra buraxılıb və bir neçə saat sonra – 12 yanvarda – bu dəfə polisə şillə vurmaq ittihamı ilə cinayət məsuliyyəti ilə yenidən həbs edilib. Hüquqşünasların fikrincə, bu işin detalları bu ittihamla uyğun gəlmir və məsələnin siyasi motivli olduğunu göstərir. O, 4 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Həbsdə olan jurnalist 38 gün aclıq aksiyası keçirib. Aclığın 24-cü günündə xəstəxanaya aparılıb və yalnız aksiyanı dayandırdıqdan sonra həbsxanaya qaytarılıb.


 

Print Email
FaceBook Twitter Google