1–8 iyun tarixlərində Gürcüstanın Siqnaxi şəhərində beynəlxalq
teatr festivalı keçiriləcək.
Bu festivalda "Era" Teatrı da iştirak edəcək. Teatrın bədii rəhbəri
Anar Rafiqoğlu deyir ki, bu onların ilk teatr festival
təcrübəsidir.
“Festivalla bağlı ilk məlumatı sosial şəbəkələr
vasitəsilə əldə etdik. Daha sonra araşdırdığımızda bu festivalın
kifayət qədər prestijli olduğunu və hətta Gürcüstan Mədəniyyət
Nazirliyi tərəfindən rəsmi şəkildə dəstəkləndiyini öyrəndik. Bu,
bizim ilk festival təcrübəmizdir. Teatr təsis olunduqdan bir müddət
sonra pandemiya başladı. Ardınca isə müxtəlif çətinliklərlə
üzləşdik və bu kimi imkanları dəyərləndirmək mümkün olmadı. Hazırda
isə artıq formalaşmış bir komandamız var və işlərimiz nisbətən daha
stabildir. Düşünürəm ki, bundan sonra həm ölkə daxilində keçirilən
festivallarda, həm də müxtəlif xarici ölkələrdə təşkil olunan
beynəlxalq festivallarda iştirak edəcəyik,” – Anar
Rafiqoğlu bildirib.
Festivalda Gürcüstanla yanaşı, Türkiyə, Rumıniya və Birləşmiş Ərəb
Əmirliklərindən teatr kollektivləri də çıxış edəcək. Yerli və
xarici peşəkar teatrların eyni səhnədə olması “Era” üçün həm
təcrübə, həm də motivasiya deməkdir. Anar Rafiqoğlu vurğulayır ki,
bu fürsət onlara böyük ruh yüksəkliyi verir.
“Ölkəmizin bir çox nüfuzlu teatrları ilə eyni səhnəni
paylaşacağıq. Ola bilsin ki, onların arasından seçilərək qalib də
olarıq. Bu baxımdan olduqca həyəcanlıyıq və motivasiyamız
yüksəkdir.”
“Era” Teatrının nümayəndələri bildirirlər ki, festival yalnız səhnə
tamaşaları ilə məhdudlaşmır. Tədbir çərçivəsində tanınmış
rejissorlar və teatr professorlarının iştirakı ilə ustad dərsləri
də keçiriləcək. Qrup üzvləri bu dərslərdə iştirak etməklə peşəkar
biliklərini daha da təkmilləşdirmək niyyətindədirlər.
“Qeyd edim ki, festival yalnız tamaşalardan ibarət
deyil. Təşkilatçılar sahənin tanınmış rejissor və professorlarını
da ustad dərsləri keçmək üçün dəvət ediblər. Biz də bu dərslərdə
iştirak etməklə özümüzü peşəkar cəhətdən daha da inkişaf etdirmək
fürsəti əldə edəcəyik.”
Anar Rafiqoğlu əlavə edir ki, təəssüf ki, festivala tam heyətlə
qoşulmaq mümkün olmayacaq.
“Təəssüf ki, bu cür festivallara tam heyətlə qatılmaq
hər zaman mümkün olmur. Qeyd edim ki, təqdim edəcəyimiz tamaşa iki
aktyordan ibarətdir. Mən rejissor kimi iştirak edəcəyəm, əlavə
olaraq iki nəfər texniki heyətdən bizimlə birgə gedəcək. Lakin
komandamızın digər üzvləri də tamaşa günü bizi dəstəkləmək üçün
Siqnaxiyə gələcəklər. Əlbəttə, əsas hədəflərimizdən biri ölkə
xaricindəki festivallarda iştirak etməkdir. Bunun üçün daim
çalışırıq. Əgər dəvət alsaq, məqsədəuyğun olan hər festivala böyük
məmnuniyyətlə qatılmaq istəyirik,” – Rafiqoğlu
dedi.
“Era” Teatr festivalda amerikalı dramaturq Edvard Albinin “Zoopark
əhvalatı” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Anar Rafiqoğludur. Səhnədə aktyorlar
İdris Elnuroğlu və Elnur Vəlizadə çıxış edəcəklər. Qrupla birlikdə
iki nəfər texniki heyət də Siqnaxiyə yollanacaq. Teatr heyətinin
digər üzvləri isə tamaşa günü kollektivə dəstək olmaq üçün
festivala qatılacaqlar.
“Era” Teatrı gələcəkdə də beynəlxalq festivallarda iştirak etməyi
hədəfləyir və bu istiqamətdə fəaliyyətini davam etdirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415