ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya prezidenti
Vladimir Putinlə İrkutsk vilayətində ehtimal olunan taun
xəbərlərini müzakirə edəcəyini bildirib.
Tramp jurnalistlərin bu mövzunu Putinlə müzakirə edib-etmədiyi
barədə sualına cavabında söhbətin "yaxın vaxtlarda" reallaşacağını
deyib. Bu barədə AFP məlumat yayıb.
Tramp bundan əvvəl ABŞ-nin Rusiyaya yardım göstərməyə hazır
olduğunu bildirmişdi. ABŞ dövlət katibi Marko Rubio da
Vaşinqtonun
İrkutsk vilayətindən gələn məlumatları izlədiyini demişdi. Onun
sözlərinə görə, ABŞ rəsmiləri, hələlik, yeni informasiyaya malik
deyil və "təşviş üçün əsas" yoxdur.
Oktyabrın 6-da ABŞ-nin Rusiyadakı səfirliyi İrkutsk vilayətində
ehtimal olunan ağciyər taunu yoluxması və karantin tədbirləri
barədə məlumatlarla əlaqədar ABŞ vətəndaşlarına xəbərdarlıq edib.
Amerikalılara karantinə alınmış obyektlərdən uzaq durmaq, qızdırma
və ya tənəffüs yolları simptomları yarandıqda tibbi yardım almaq
tövsiyə olunub.
Səfirlik Dövlət Departamentinin ABŞ vətəndaşlarına Rusiyanı tərk
etmək barədə qüvvədə olan tövsiyəsini də xatırladıb.
İrkutsk Taun Əleyhinə İnstitutunun əməkdaşının Şelexov şəhər
xəstəxanasında ölümündən sonra mümkün ağciyər taunu halı barədə
məlumatlar yayılıb. Bir neçə media qurumu mənbələrə istinadən ölümə
ağciyər taununun səbəb ola biləcəyini yazıb. Xəstə ilə təmasda olan
şəxslərin müşahidə altına alındığı bildirilib. Diaqnoz rəsmi
təsdiqlənməyib.
"Rospotrebnadzor" ölümə "mənşəyi müəyyən edilməmiş" pnevmoniyanın
səbəb olduğunu açıqlayıb.
5 oktyabr
Rusiyada taun şübhəsi. ABŞ konqresmeni uçuşları dayandırmağa
çağırır
ABŞ Rusiyada ağciyər taunu şübhəsi ilə bağlı xəbərləri diqqətlə
izləyir. Sibirdə, İrkutsk vilayətində 28 yaşlı laboratoriya
əməkdaşının ölümündən sonra ABŞ-nin bəzi siyasi xadimləri Rusiyaya
səfər məhdudiyyətlərinin qoyulmasına çağırırlar.
Dövlət Departamentinin sözçüsü oktyabrın 4-də AzadlıqRadiosuna
bildirib ki, İrkutskda ölümlə nəticələnmiş ağciyər taunu
şübhəsindən məlumatlıdırlar, digər dövlət qurumları ilə birlikdə
vəziyyəti yaxından izləyirlər.
Departament Rusiya hakimiyyətini dəqiq məlumatları operativ və açıq
şəkildə paylaşmağa çağırıb. Qurum həmçinin vurğulayıb ki, taun
xəstəliyi, xüsusilə müalicəyə erkən başlandıqda antibiotiklərlə
uğurla müalicə oluna bilir.
Ağ ev də hadisələrin gedişatını və Rusiyanın karantin tədbirlərini
nəzarətdə saxlayır. Administrasiyanın yüksəkvəzifəli rəsmiləri
jurnalistlərə hökumətin xəbərlərdən agah olduğunu, mümkün addımları
nəzərdən keçirdiyini bildiriblər.
Hazırda ABŞ ilə Rusiya arasında birbaşa kommersiya uçuşları yoxdur.
Vaşinqton hələlik taun şübhəsi ilə bağlı əlavə səfər
məhdudiyyətləri elan etməyib.
Narahatlıq artır
Bu xəbərlər ABŞ-nin bəzi konqresmenləri və keçmiş rəsmiləri
arasında narahatlıq doğurub. Bunun bir səbəbi Rusiyanın bioloji
silah tədqiqatları sahəsindəki keçmişidir.
Nümayəndələr Palatasının Silahlı qüvvələr komitəsinin
yüksəkvəzifəli üzvü, Nebraskadan olan respublikaçı konqresmen Don
Beykon Rusiyanın Ukraynadakı ABŞ dəstəkli laboratoriyalarda bioloji
silah tədqiqatları aparılması barədə iddialarını yada salıb.
"Ukraynanı hədəf alanların biolaboratoriyalarla bağlı
iddialarını xatırlayıram. Bu, Rusiyanın dezinformasiya
əməliyyatlarının ən bariz nümunəsi idi. Amma reallıqda
biolaboratoriyalar elə Rusiyanın özündədir", – Beykon
sosial mediada yazıb.
Rusiya Vaşinqton və Kiyevi Ukraynada bioloji silah obyektləri
işlətməkdə ittiham edir. Hər iki hökumət bu iddiaları rədd edir,
müstəqil araşdırmalar isə bu iddiaları təsdiqləyən sübut
aşkarlamayıb.
Bununla belə, Sovet İttifaqı 1972-ci il Bioloji Silahlar
Konvensiyasına qoşulsa da, Soyuq müharibə dövründə hücum məqsədli
geniş bioloji silah proqramı həyata keçirib. Qərbə sığınan
şəxslərin ifadələri və bəzi araşdırmalar taun törədicisi daxil
olmaqla, müxtəlif patogenlərlə bağlı hərbi tədqiqatları
sənədləşdirib. Hətta antibiotiklərə davamlı ştamların
hazırlanmasına cəhd göstərildiyi də bildirilir.
İrkutskdakı hadisənin baş verdiyi laboratoriyada taunun silah
olaraq hazırlanmasına və ya əməkdaşın ölümünün hücum təyinatlı
bioloji silah proqramı ilə əlaqəsinə dair açıq sübut yoxdur.
İllinoysdan olan keçmiş respublikaçı konqresmen Adam Kinzinqer
Rusiya ilə hava əlaqələrini tamamilə kəsməyə çağırıb.
"Bütün dünya Rusiyaya və Rusiyadan BÜTÜN uçuşları
qadağan etməlidir", – Kinzinqer sosial mediada
yazıb.
O, sonradan durum aydınlaşanadək Rusiyadan uçuşların
dayandırılmasına və Rusiya vətəndaşlarının digər ölkələrə girişinin
qadağan edilməsinə çağırıb.
İrkutskda nə baş verib?
Hadisə İrkutsk Taun Əleyhinə İnstitutunda qetdə alınıb.
Sibirin müstəqil "Lyudi Baykala" nəşrinin yaydığı məlumata görə, 28
yaşlı laborant Darya Şipilova sentyabrın 25-də institutda
işləyərkən içərisində ağciyər taunu bakteriyaları olan sınaq
şüşəsini təsadüfən sındırıb. Xəbərə görə, o, sonradan ağır
xəstələnib və oktyabrın 2-də ölüb.
Rusiya hakimiyyəti bu məlumatı rəsmən təsdiqləməyib.
Rusiyanın "Rospotrebnadzor" istehlakçı hüquqlarına və ictimai
sağlamlığa nəzarət qurumu bildirib ki, Şipilovaya "mənşəyi
bilinməyən pnevmoniya" diaqnozu qoyulub. Açıqlamaya görə, onun peşə
fəaliyyəti nəzərə alınaraq əlavə müayinələr aparılıb, amma işi ilə
əlaqəli hər hansı mikroorqanizm aşkarlanmayıb.
"Rospotrebnadzor" institutda patogen mikroorqanizmlərlə bağlı hər
hansı qəzanın qeydə alınmadığını da bildirib.
Buna baxmayaraq, rəsmi qurumlar ehtiyat tədbirlərinə əl atıblar.
Şipilova ilə təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə
götürülüb və ya təcrid edilib. Regiondakı xəstəxanalarda isə
məhdudiyyətlər tətbiq olunub.
Bu tədbirlər müxtəlif ehtimalların yayılmasına yol açıb. Rusiya
rəsmiləri əvvəlcə taun barədə açıq danışmaqdan yayınsalar da, yerli
və müstəqil mənbələr taun törədicisi olan "Yersinia pestis"
bakteriyası ilə bağlı mümkün laboratoriya qəzasından bəhs
edirlər.
"Rospotrebnadzor" İrkutskda və yaxınlıqdakı Şelexov şəhərində
epidemioloji vəziyyəti "sabit" adlandırıb.
Ağciyər taunu nədir?
Taun xəstəliyini, adətən, vəhşi gəmiricilər və birələr arasında
yayılan "Yersinia pestis" bakteriyası törədir. Onun ağciyər forması
birbaşa ağciyərləri zədələyir, yaxın təmas zamanı tənəffüs
damcıları vasitəsilə insandan insana keçə bilir.
Xəstəlik sürətlə inkişaf edir, amma müasir antibiotiklərlə vaxtında
aparılan müalicə yüksək təsir göstərə bilir.
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki,
Şipilova ilə yaxın təmasda olan şəxslərin müəyyənləşdirilərək
nəzarətə götürülməsi qərarını məhz ağciyər taunu ehtimalı izah
oluna bilər. Amma karantin və müşahidə tədbirləri onun mütləq tauna
yoluxması və ya xəstəliyin yayıldığı anlamına gəlmir.
Hazırda İrkutsk sakinləri arasında xəstəliyin daha geniş kütləyə
yoluxmasına dair ictimaiyyətə açıq və təsdiqlənmiş sübut
yoxdur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.