İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
Prezident İlham Əliyev 31 Dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya
azərbaycanlılarını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 Dekabr
- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi
qəlbdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq
arzulayıram.
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan
müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi
əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin
daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata
keçirir. Biz xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma
Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli
məsələlərin həllində yaxından iştirakının təmin edilməsi
istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək
veririk.
2018-ci il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsi ilə
yaddaşlarda qalacaqdır. Belə əlamətdar yubileyin təntənə ilə qeyd
edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal
duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha
da gücləndirir. Bu gün əminliklə demək olar ki, 100 il əvvəl
mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və
onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi
görmək arzuları artıq xoş gerçəkliyə çevrilmişdir.
Dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı
qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal
iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya
qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir. Ölkəmizin
sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha
əyani surətdə sübut edir.
Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən
illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə
qərarlaşmış, 10 ən islahatçı dövlət siyahısına daxil
edilmişdir.
Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli
layihələr uğurla icra olunmuşdur. 2018-ci ildə Avrasiyanın enerji
xəritəsinin zənginləşməsində mühüm rol oynayan “Cənub Qaz
Dəhlizi”nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin
istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil
yolunun açılışı ilə Azərbaycan ərazisində “Şimal-Cənub” beynəlxalq
nəqliyyat dəhlizi layihəsi üzrə bütün işlərin başa çatdırılması
dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və
logistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi
baxımından xüsusi əhəmiyyət daşıyır.
Cari ildə həm də növbəti telekommunikasiya peyki “Azerspace-2”nin
orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya
texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz
təzahürüdür.
Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll
etmək imkanları da artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü
nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi
taleyüklü vəzifə dayanır.
Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və
məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz
növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu
beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldillməsində, tarixi
həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş
etdirməlidirlər.
Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini
möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər
ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha
çevik əlaqələndirilməlidir. Əminəm ki, dünyanın hansı guşəsində
yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və
həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də
üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və
bacarıqlarını əsirgəməyəcəklər.
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən
təbrik edir, hər birinizə səadət, firavanlıq və işlərinizdə uğurlar
diləyirəm!
Bayramınız mübarək olsun!”.
Mənbə: oxu.az