TAP kəməri 2020-ci ildə istifadəyə veriləcək
Azərbaycan qazının Avropaya nəql edilməsi üçün
nəzərdə tutulan Transadriatik boru kəməri (TAP) 2020-ci ildə
istifadəyə veriləcək.
Bu barədə məlumat İtaliya İqtisadi İnkişaf Nazirliyi tərəfindən
Avropa Komissiyasına göndərilmiş Energetika və iqlim üzrə
İnteqrasiya edilmiş Milli Plan Layihəsində dərc olunub.
İtaliya İqtisadi İnkişaf Nazirliyinin saytında yerləşdirilmiş Milli
Plan Layihəsində deyilir: “İtaliyaya ildə təqribən 8,8
milyard kubmetr qaz idxal etməyə imkan verən, gələcəkdə buraxıcılıq
qabiliyyəti ildə 10 milyard kubmetrə qədər artırılacaq TAP kəməri
2020-ci ildə istifadəyə veriləcək”.
Xəbər verildiyi kimi, TAP-ın qəbul terminalını “Snam Rete” qaz
şəbəkəsi ilə birləşdirən interkonnektor tikintisi layihəsinin
həyata keçirilməsi üzrə işlər 2019-cu il yanvarın 12-də
başlanacaq.
“Snam-TAP” layihəsi TAP boru kəmərinin qəbul terminalını İtaliyada
“Snam Rete” qaz şəbəkəsi ilə birləşdirəcək 55 kilometrlik
interkonnektor tikilməsi nəzərdə tutulur.
Albaniya KİV-lərinin verdiyi məlumata görə, bu ölkə TAP-ın
qorunması layihəsi üçün avadanlıqdan müvəqqəti istifadə edilməsi
barədə qərarı bəyənib.
Məlumatda deyilir: “Albaniya hökuməti Berat, Skrapar və
Fiyeri regionlarında çayların məcrasından çıxmasının qarşısını alan
və TAP-ın qorunmasını təmin edən bəndlər tikinti layihəsinə aid
torpaq sahələrinin müvəqqəti özgəninkiləşdirilməsi və istifadə
edilməsi barədə qərarı təsdiq edib”.
Qeyd edilir ki, torpaq sahələrinin və daşınmaz əmlak obyektlərinin
sahiblərinə tam həcmdə kompensasiya ödəniləcək. Bu torpaq
sahələrindən və daşınmaz əmlak obyektlərindən bir il ərzində
istifadə ediləcək.
Dəyəri təqribən 4,5 milyard avro olan Transadriatik boru kəməri
“Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir.
TAP kəmərinin ilkin gücünün ildə 10 milyard kubmetrə bərabər olması
və gələcəkdə onun daha da artırılması planlaşdırılır.
Ümumi uzunluğu 878 kilometr olan boru kəmərinin 550 kilometri
Yunanıstan, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri
Adriatik dənizinin dibi ilə və 8 kilometri İtaliya ərazisindən
keçəcək.