Azərbaycan-Gürcüstan sərhədində əməliyyat şəraiti müzakirə olunub
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX)
rəisi, general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd
Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə
heyətlərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət
sərhədində işçi görüşü keçirilib.
"Marneuli" Radiosu ONA-ya istinadən xəbər verir. Azərbaycan
DSX-nin mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı
Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd
təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması,
məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət
qiymətləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında
mövcud münasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz
fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll
edilməsinə töhfə verdiyini vurğulayıblar.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.