FOTO:
REUTERS
ABŞ prezidenti Donald Trump bazar günü Şimali və Cənubi Koreyalar
arasında mövcud olan hərbisizləşdirilmiş zonada Şimali Koreya
prezidenti Kim Jong-un-la görüşüb.
İki ölkə liderləri arasında bu məkanda görüş tarixdə ilk dəfə baş
tutub.
Donald Trump eləcə də Şimali Koreya ərazisinə baş çəkmiş ilk ABŞ
prezidenti olub.
İki prezident arasında görüş əlsıxma mərasimindən başlayıb, bundan
sonra Donald Trump demarkasiya xəttini keçərək Şimali Koreya
ərazisinə ayaq basıb. O, Şimlai Koreya torpağında bir neçə addım
etdikdən sonra iki lider arasında daha bir, bu dəfə Şimali Koreya
ərzisində əlsıxma mərasimi keçirilib.
Bundan sonra Donald Trump və Kim Jong-un demilitarizasiya olunmuş
zonanın cənub hissəsinə yollanıblar
Jurnalistlərlə söhbətdə Trump bəyan edib ki, sərhədin rəmzi olaraq
keçilməsi onda "böyük qürur hissi yaradıb".
"Prezident Trump indicə demarkasia xəttini keçdi. Bu isə o deməkdir
ki, o, bizə baş çəkən ilk [ABŞ] prezidentidir. Bu, onun firavan
gələcək üzərində işləmək arzusunun ifadəsidir", - Şimali Koreya
prezidenti Kim Jong-un deyib.
Tərəflər arasında danışıqlar keçirildikdən sonra Donald Trump
Şimali Koreya liderinə təşəkkürünü bildirib.
"Ona təşəkkürmü bildirmək istəyirəm. Sosial şəbəkələrdə dəvətimi
yerləşdirəndən sonra o, görüşə gəlməsəydi, mətbuat məni bir təhər
edəcəkdi", - Trump deyib.
Donald Trump Şimali Koreya rəhbəri Kim Jong-un-u ABŞ-a rəsmi səfərə
gəlməyə dəvət edib.
Görüş bitəndən sonra Trump və Cənubi Koreya prezidenti Moon Jae-in
Şimali Koreya lideri Kim Jong-un-u demarkasiya xəttinə qədər yola
salıblar.
Mənbə:
BBC