Azərbaycan XİN Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı məlumat yaydı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)
Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı məlumat
yayıb.
Məlumatda bildirilib ki, xalqlarımız arasında ortaq etnik-mədəni,
tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən
Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir
millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək
səviyyədədir.
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli
münasibətlərimiz uğurla inkişaf etməkdədir. Hərtərəfli inkişaf edən
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza
sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst
gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir. Bu
baxımdan, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən
Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1
sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər
Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb. Əlavə
edək ki, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən
Türkiyə vətəndaşlarının statusu Azərbaycanın müvafiq qanunları ilə
tənzimlənir. Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30
günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad
edilib. Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında
qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına
növbəti əsaslı töhfə olacaq”, - məlumatda
bildirilib.
Mənbə: trt.tr.net