Azərbaycan səfirliyindən Rusiyaya rəsmi Nota ünvanlanıb
Azərbaycan səfirliyi Rusiyanın Xarici İşlər
Nazirliyinə rəsmi Nota ünvanlayıb.
Marneulifm xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın
Rusiyadakı səfirliyindən məlumat veriblər.
Bildirilib ki, cari ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk
şəhərində "Maşuk-2019" Şimali Qafqaz Gənclər Forumu öz işinə
başlayıb.
Forum çərçivəsində Ermənistanın Rusiyadakı Səfirinin tədbir
iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin
suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər
səsləndirib ki, bu da Forumda iştirak edən "Gənclərin Bakı klubu"
ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb
olub və xoşagəlməz insident baş verib.
Bununla bağlı Sabir Rüstəmov Səfirliyə müraciət ünvanlayaraq
hadisənin mahiyyətini açıqlamış və Səfirlikdən dəstək istəyib.
Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu
əks-sədanı nəzərə alaraq, Səfirlik Rusiyanın Xarici İşlər
Nazirliyinə rəsmi Nota ünvanlayıb.
Bundan əlavə, Səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş
razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd
olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina
edib.