Azərbaycan David Qareci monastr kompleksində "iki kazarma tikir"
Mənbə: BBC News Azərbaycanca
Azərbaycan tərəfi Keşikçi Dağ adı ilə tanınan David Qareci
məbədi kompleksi ərazisində "iki kazarma tikir", bu barədə
Gürcüstan mediası yerli din xadimlərinə istinadən xəbər verib.
İddialara görə, Azərbaycan tərəfi ərazidəki sərhədçilərin sayını
artırıb və tikilən baraklara 18 km məsafədən elektrik xətti
çəkib.
Azərbaycan Xarici İşlər Nazirliyi kazarmaların tikilməsi barədə
iddiaları şərh etməyib, Gürcüstan XİN-dən şərh almaq isə hələlik
mümkün olmayıb.
Lakin Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva BBC News
Azərbaycancaya bildirib ki, "Azərbaycan Gürcüstanla sərhədlərin
delmitasiyası komissiyalarının tezliklə işləri yekunlaşdırmasının
tərəfdarıdır".
Leyla Abdullayeva deyib ki, sərhədin delimitasiya və demarkasiyası
üzrə komissiyanın son görüşü avqust ayında baş tutub və tərəflər
əraziyə baş çəkiblər.
Agenda.ge saytının yazdığına görə, Azərbaycan tərəfi "iki böyük"
kazarma tikir və tikinti bitəndə ərazidəki sərhədçilərin sayı
dəfələrlə artacaq.
Məlumata görə, Gürcüstan XİN-i və kilsə, əhalini və din adamlarını
Gürcüstan və Azərbaycan arasındakı danışıqlara zərər verə biləcək
bəyanatlar verməkdən çəkinməyə çağırıb.
Bu ilin may ayında Gürcüstanın o vaxtkı baş naziri Mamuka Bakhtadze
demişdi ki, Azərbaycan tərəfi ərazidə yol tikintisi aparsa da,
sonradan bu işi dayandırıb.
Keçikçi Dağ və ya David Qareci mübahisəsi
"Keşikçidağ" monastır kompleksi regionun ən məşhur və ən çox dəyər
verilən mədəniyyət abidələrindən biridir.
Bu ilin may ayında bu məbəd üstündə mübahisə növbəti dəfə
alovlanıb, gürcüstanlı fəallar razılaşdırılmamış sərhəddə etiraz
aksiyası keçiriblər.
Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən
çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə
olaraq qalmaqdadır.
Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla
bağlı birgə komissiya hələ 1996-cı ildə yaradılıb. Amma bu iki ölkə
arasındakı sərhəd xəttinin üçdə biri, o cümlədən, kompleksin
müəyyən hissəsinin yerləşdiyi ərazi razılaşdırılmamış qalır.