Rusiya: hakim partiya Moskvadakı seçkilərdə ciddi səs itirib
Rusiyanın hakim Vahid
Rusiya partiyası bazar günü Moskva şəhər Dumasına keçirilmiş
seçkiləri ciddi itkiylə yekunlaşdırıb, seçkinin tamamlanmaqda olan
nəticələri göstərir.
Partiya 45 üzvlük məclisdə yerlərin üçdə birini itirsə də, hələ də
üstünlüyünü qoruyub saxlayır.
Bir çox müxalif namizədin iştirakına icazə verilmədiyi seçkilərdə
kommunistlər və müstəqil namizədlər yerlər qazanıb.
Müxalif namizədlərin seçkilərə buraxılmaması ölkədə kütləvi
etirazlara səbəb olub.
Etirazlar nəticəsində minlərlə insan həbs edilib.
Nəticələrin demək olar ki, tamamilə hesablandığı seçkilərdə Vahid
Rusiya partiyasının şəhər dumasında (Mosqorduma) 26 yer əldə
edəcəyi gözlənilir.
Son vaxtlar partiyanın imici korlandığı üçün, onun üzvləri
seçkilərdə müstəqil namizəd kimi iştirak ediblər, BBC müxbiri Sarah
Rainsford xəbər verir.
Partiyanın Moskvadakı lideri Andrey Metelski seçkilərdə məğlub
olub.
Kommunist Partiyasının 13, liberal Yabloko və sol yönümlü Ədalətli
Rusiya partiyaları isə hərəyə üç yer qazanıblar.
Tərəfdarlarının seçkilərə buraxılmamasının ardınca müxalifət lideri
Aleksey Navalnı "ağıllı səsvermə" strategiyasını təbliğ edib.
Cənab Navalnının komandası özlərinin adlandırdığı kimi, Vahid
Rusiya partiyasının "gizli" namizıdlərini üzə çıxararq onları
məğlub edə biləcək namizədlərin xeyrinə kampaniya həyata
keçiriblər.
Aleksey Navalnı seçkilərin nəticələrini "möhtəşəm" adlandırıb.
Dövlət mediası Moskvada keçirilmiş seçkilərin nəticələrini hakim
partiyasının qələbəsi kimi təqdim edib, BBC müxbiri bildirir.
Bazar günü keçirilmiş seçkilərdə iştirak 22 faiz təşkil edib.
Bəs Moskvadan kənarda?
Moskvadan fərqli olaraq, Kremlin dəstəklədiyi namizədlər ölkə boyu
regionlarda keçirilmiş seçkilərdə dominantlıq ediblər.
Hakim partiya, seçkilərin keçirildiyi 16 bölgədə qalib gəlib.
Vahid Rusiya 2001-ci ildə Prezident Vladimir Putinə dəstək üçün
yaradılıb.
Son vaxtlar cənab Putinin reytinqinin aşağı düşdüyü bildirilir.
Mənbə: BBC Az