Ukraynanın Kiyev və digər vilayətləri oktyabrın 31-də yenidən
Rusiya qüvvələrinin
hücumuna məruz qalıb. Şahidlər paytaxtda bir neçə partlayış baş
verdiyini, şəhərin üzərinə tüstü dalğası örtdüyünü deyirlər.
Cənubi Marhanets şəhərində yaşayış binaları və bir məktəb Rusiyanın
Qrad raketləri ilə vurulub, 31 yaşlı bir qadın həlak olub.
Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba paytaxtda havadan
müdafiə sistemlərinin işə salındığını deyib. Mərkəzi Vinnitsya
şəhəri də raket atəşinə tutulub.
Kiyevin meri Vitali Kliçko səhər zərbələrindən sonra paytaxtda bəzi
yerlərin işıqsız qaldığını bildirib.
Xarkovun meri İqor Terexov ölkənin ikinci ən böyük şəhərində “vacib
infrastruktur obyekti”nə iki raket atıldğını söyləyib.
Oktyabrın 31-də səhər Poltava və Kirovoqrad şəhərlərinə hava
zərbələri endirildiyi, ölkə boyunca hava həyəcanı verildiyi
bildirilir.
“Rusiyalı luzerlər mülki obyektlərlə müharibəni davam etdirirlər”,
– Prezident Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak
“Telegram”da yazıb.
Rusiya qüvvələri bir neçə həftədir Ukraynada mülki infrastruktura
dron, artilleriya zərbələri endirir, dinc sakinlər arasında itkilər
baş verir. Ukraynanın enerji infrastrukturunun 40 faizdən çoxu
dağıdılıb. Kiyevdə və başqa yerlərdə elektrik kəsilib.