Bakı Qarabağda qanunsuz istismar olunan yataqların inventarizasiyasını aparacaq
Azərbaycan rəsmilərinin sülhməramlılarla ikinci görüşü keçirilmişdir.

Bu gün, 2022-ci il dekabrın 7-də Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət heyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında deyilir.

Məlumatda dekabrın 7-də keçirilmiş görüş dekabrın 3-də keçirilmiş görüşün davamı kimi dəyərləndirilib.

Məlumata görə, görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, habelə dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib.

Məlumatda görüşün konstruktiv ruhda keçdiyi, aidiyyatı üzrə təmasların davam etdiriləcəyi vurğulanır.

Görüşlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirlir.

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google