İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari
barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər
saatlarında icra olunub.
BBC xəbər verir ki, bu, dar ağacından asılan ilk etirazçıdır.
Bildirilib ki, məhkəmə onu “Allaha düşmənçilik etməkdə” təqsirli
bilib.
Möhsün Şekari Tehranın əsas avtomobil yolunu bağlamaqda və “Bəsic”
yarımhərbi dəstəsinin üzvünü bıçaqla yaralamaqda ittiham
olunur.
Məlumata görə, sentyabrın 17-də başlayan etiraz aksiyalarının 11
iştirakçısı barəsində edam hökmü çıxarılıb.
HRANA (İran Hüquq Müdafiəçilərinin İnformasiya Agentliyi) bildirib
ki, Tehranın hərbi-polis qüvvələri tərəfindən azı 475 aksiya
iştirakçısı öldürülüb, 18 240-ı isə saxlanılıb. Məlumata görə,
təhlükəsizlik qüvvələrinin 61 əməkdaşı da etirazlar zamanı
ölüb.