Özbəkistan Rusiya ilə qaz tədarükü üzrə kommersiya kontraktları
imzalamağa hazırdır, ancaq Moskvanın təklif etdiyi,
Rusiya və Qazaxıstanla qaz ittifaqına girmək niyyəti yoxdur. Bunu
Özbəkistanın Energetika naziri Jurabek Mirzamaxmudov deyib. Xəbəri
“Reuters” yayıb
Nazirin sözlərinə görə, Daşkənd “heç vaxt qaz qarşılığında siyasi
şərtlərə razılaşmayacaq”. Moskva və Daşkənd Rusiya qazının tədarükü
üzrə danışıqları qonşu Qazaxıstan vasitəsilə aparır, ancaq bu,
“texniki kontrakt olacaq”, “ittifaq anlamına gəlmir”, Mirzamaxmudov
vurğulayıb.
“Reuters” qeyd edir ki, Özbəkistan soyuq qış dönəmində istilik
qıtlığı ilə üzləşib, hətta Çinə günə 6 milyon kubmetr qaz ixracını
dayandırmalı olub. Ölkə hakimiyyəti digər ölkələrlə də (hansı
ölkələrdən söhbət getdiyi dəqiqləşdirilmir) əlavə təbii qaz,
elektrik enerjisi, kömür və mazut alışı üzrə danışıqlar aparır.
Ölkədən sıxılmış qaz ixracına qadağa qoyulub.
Özbəkistanla qaz ittifaqı yaratmaq təşəbbüsünü Rusiya Prezidenti
Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə müzakirə
edib. Ancaq ekspertlərin fikrincə, Astana və Daşkənd ikinci
dərəcəli sanksiyalar səbəbindən belə bir ittifaqda maraqlı
deyil.
Qazaxıstan Xarici işlər nazirinin müavini Roman Vasilenko noyabrın
30-da deyib ki, ölkə ərazisinin sanksiyalardan yayınmaqdan ötrü
istifadəsinə icazə verilməyəcək. O məhz üçtərəfli qaz ittifaqı
təklifini şərh edərkən belə deyib.
Rusiya bu ilin fevralında Ukraynaya hərbi müdaxiləyə başlayandan
Qərbin davamlı sanksiyaları ilə üzləşib, Rusiya şirkətləri ilə
əməkdaşlıq ya qadağan olunur, ya da məhdudlaşdırılır.
Asiya ölkələri məhdudiyyətləri əsasən dəstəkləyirlər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoev bugünlərdə Fransaya rəsmi
səfər edib. Onlar çoxsaylı razılaşmalar imzalayıblar, Fransadan bu
ölkəyə sərmayələr haqda da sənədlər imzalanıb.